Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti arasında radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının imzalanmasına həsr olunan görüş keçirilib. 

"Unikal" xəbər verir ki, onlayn formatda keçirilən görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Baxodur Turayev və hər iki tərəfdən nümayəndələr iştirak edib.

Görüş zamanı radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının yerinə yetirilməsinin üstünlüyü qeyd olunub. Bildirilib ki, sözügedən ixtisas müasir dövrün tələblərinə tam uyğundur. Hazırda rəqəmsallaşma, 5G və gələcək 6G texnologiyaları, peyk rabitəsi, optik şəbəkələr sürətlə inkişaf edir. Bu sahələrin inkişafı üçün yüksəkixtisaslı radiotexnika və telekommunikasiya mühəndislərinə ehtiyac var.

Bundan başqa, proqramın həyata keçirilməsi türk dünyasının akademik mühitinə də töhfə verəcək.

Daha sonra AzTU ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, ikili diplom proqramında tədris ingilis dilində həyata keçiriləcək. İngilis dilində təhsil tələbələrə beynəlxalq akademik mənbələrdən daha rahat istifadə etmək və gələcəkdə magistratura və doktorantura təhsilini xaricdə davam etdirmək üçün əlavə imkanlar yaradacaq.

Tələbələr ilk iki ili Beynəlxalq Türk Dövlətləri Universitetində, 3 və 4-cü kursu isə AzTU-da təhsil alacaq.

Sonda proqramı uğurla bitirənlərə hər iki universitetin diplomu təqdim olunacaq.