“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi hazırda dirçəliş dövrünü yaşayır. Bu gün Qarabağ təkcə yenidən qurulmur, həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tarixi Şuşa şəhəri işğaldan azad olunduqdan sonra mühüm yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun keçirilməsi də bunun göstəricisidir”.

"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Forumda dünyada, o cümlədən regionumuzda sülhün təmin edilməsi xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev iştirakçıların suallarına cavab olaraq regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması barədə fikirlərini geniş ifadə edib. Məlumdur ki, Cənubi Qafqaz regionunda  dayanıqlı sülh üçün əlverişli mühit mövcuddur. Azərbaycanın prinsipial və sülhpərvər siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir.

Millət vəkilinin sözlərinə görə, münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılıb. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir.  Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün ədalətli  beynəlxalq təşəbbüsləri dəstəkləyib. Lakin bu prosesdə tərəflərin heç bir vasitəçi olamadan birbaşa dialoqu müsbət nəticələr verib. Ötən ilin 8 avqustunda Vaşinqtonda əldə edilən  razılaşmalar da bunun göstəricisidir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən razılaşmalar, imzalanan sənədlər dayanıqlı sülh üçün böyük imkanlar yaradır. Həmin görüşdə Azərbaycan və Ermənistan XİN başçıları tərəfindən sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) ilə bağlı razılaşma tarixi hadisələr oldu. Ötən dövr ərzində isə həqiqətən regionda sülh hökm sürür. Qarşılıqlı etimad mühitinin yaradılması üçün praktiki addımlar atılır. Hər iki ölkənin QHT təmsilçilərinin qarşılıqlı səfərləri, Azərbaycan ərazisindən Ermənistana tranzit imkanının yaradılması və s. buna nümunədir. Prezident İlham Əliyevin Forumda dediyi kimi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. “Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar”,-deyə dövlətimizin başçısı vurğulayıb. Cənab Prezident, həmçinin sülh razılaşmalarının əldə olunmasında ABŞ Prezidenti Donald  Trampın rolunu xüsusi qeyd edib.

“Vaşinqton razılaşmaları, o cümlədən TRİPP layihəsinin reallaşması Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək. Ermənistan konstitusiya düzəlişlərini etdikdən sonra yekun sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq”, - deyə Samir Vəliyev vurğulayıb.