2025-ci ildə dövlət büdcəsinin xərclərində 2,8 milyard manat həcmində istifadə olunmamış vəsait formalaşıb.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.

Hesabata əsasən, istifadə olunmamış vəsaitin yaranmasına bir sıra amillər təsir edib. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin, subsidiya və subvensiyaların, eləcə də dövlət sifarişi ilə həyata keçirilən layihələrin dövlət xəzinədarlığı vasitəsilə daha sıx müşahidə olunması xərclərin daha qənaətlə icrasına imkan verib.

Bundan əlavə, büdcə təşkilatlarında vakant ştatların qalması, bəzi işçilərin müqavilə əsasında işə cəlb edilməməsi, xidməti avtomobillərin elektromobil və hibrid nəqliyyat vasitələri ilə əvəzlənməsi, bəzi xarici ezamiyyət xərclərinin dəvət edən tərəflər tərəfindən qarşılanması da qənaət yaradıb.

Hesabatda bildirilir ki, bir sıra satınalma prosedurlarının baş tutmaması, yerli idarələrin ləğv edilərək regional idarələrin yaradılması, həmçinin müdafiə və hüquq-mühafizə orqanlarında nəzərdə tutulan şəxsi heyət komplektləşməsinin tam təmin olunmaması da xərclərin planlaşdırılandan aşağı icra edilməsinə səbəb olub.