Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri bildiriblər ki, Konqo Demokratik Respublikasında (KDR) hazırkı Ebola epidemiyası aradan qaldırılsa belə, virusun yenidən yayılması təhlükəsi qalacaq.

"Unikal" xəbər verir ki,  bu barədə ÜST-nin KDR üzrə nümayəndə səlahiyyətlərini icra edən Anne Ancia Fransanın "Le Point" nəşrinə müsahibəsində danışıb. 

O,  xatırladıb ki, Ebola vəhşi heyvanlar arasında dövr edən və vaxtaşırı insanlara keçən zoonoz xəstəliklər qrupuna daxildir. Onun sözlərinə görə, təbii mühitlə müntəzəm təmasda olan meşə ərazilərinin sakinləri yoluxma baxımından ən həssas qrup olaraq qalırlar.

“Hazırkı epidemiyanı tam nəzarət altına almaq mümkün olsa belə, onun yenidən baş vermə riski həmişə mövcud olacaq. Buna görə də maarifləndirmə işləri davam etdirilməli, səhiyyə sistemləri gücləndirilməli və epidemioloji nəzarət təkmilləşdirilməlidir. Məqsəd yalnız mövcud epidemiya ilə mübarizə aparmaq deyil, həm də gələcək təhlükələrə hazırlaşmaqdır”, - deyə Ancia vurğulayıb.

O qeyd edib ki, xəstəliklə mübarizə bir sıra amillər səbəbindən çətinləşir. Əsas maneələrdən biri əhalinin bir hissəsinin Ebola virusuna inamsız yanaşmasıdır. Belə ki, bəzi sakinlər hələ də xəstəliyin mövcudluğuna şübhə ilə yanaşır və ya onu uydurma hesab edirlər. ÜST isə inzibati tədbirlərdən daha çox yerli icmalarla əməkdaşlığa və maarifləndirmə fəaliyyətinə üstünlük verir.

Bundan əlavə, beynəlxalq maliyyələşmənin azalması və ölkənin şərqində davam edən silahlı münaqişə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu amillər tibb briqadalarının əhaliyə çıxışını və epidemiyaya qarşı tədbirlərin həyata keçirilməsini çətinləşdirir.