Qəzetlərin satışına daha bir məhdudiyyət yaratdılar
13:38 16-11-2013
CƏMİYYƏT
Qəzetlərin satışına daha bir məhdudiyyət yaratdılar
Dünəndən metro stansiyalarında heç bir qəzet satılmır
Mətbuat yayımı ilə məşğul olan “Metroservis”in köşkləri Bakı metropoliteninin stansiyalarından yığışdırılır. Noyabrın 14-dən isə “Metroservis”in fəaliyyətinə xitam verilib. Firmanın rəhbəri Bəkir Cəfərov xəbəri təsdiqləyərək bildirib ki, artıq firmanın fəaliyyətinə xitam verilib, bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin. Həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.
Xatırladaq ki, bir ay öncə sözügedən firma “Yeni Müsavat”, “Azadlıq” və bir neçə qəzetin satışına qadağa qoymuşdu.
“Yeni Nəsil” jurnalistlər birliyinin rəhbəri Arif Əliyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Düşünmürəm ki, “Metroservis” yayım firmasının fəaliyyətini dayandıranlar bu barədə hansısa bir əsaslandırılmış izahat verə bilərlər. Onsuz da çap mediasının yayılma arealı, oxucularla təmas imkanları xeyli məhdud idi. Bu məhdud imkanları aradan qaldırmağın yollarını arayıb vətəndaş-mətbuat ilişgilərini genişləndirmək əvəzinə daha bir mətbuat yayımı firmasının fəaliyyətinə xitam vermək optimal olmayan siyasətdən xəbər verir”.
Arif Əliyevin sözlərinə görə, “Qabaqdan qış gəlir və oxucular bu səbəbdən də daha çox metro stansiyalarından qəzet almağa üstünlük verəcəkdilər. Bu imkanı da oxucuların əlindən alan hökumət məmurları cəmiyyətimizə sözün pis mənasında xidmət göstərdilər. Hökumət çap mətbuatına ağır zərbə vurmaq şansını qaçırmadı”.
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının “Unikal”a söylədiyinə görə, “Son dövrlərdə Bakı metrosunun stansiyalarının keçidləri böyük bir ticarət mərkəzinə çevrilmişdi və bu amil stansiyaların təhlükəsizliyi üçün müəyyən problemlər yaradırdı. Həmin ticarət nöqtələrinin ləğv edilməsini mən də təqdir edirəm və düzgün bir addım idi. Lakin sözügedən keçidlərdəki qəzet köşklərinin ucdantutma ləğv edilməsini heç bir sağlam məntiqlə izah etmək mümkün deyil”.
Rəşid Hacılı bildirdi ki, “Adətən, hər hansı bir qərar qəbul edilərkən onun zərurəti də göstərilir. Yəni qeyd olunur ki, bu qərar filan, filan səbəblərə görə qəbul edilir. Konkret olaraq “Metroservis” mətbuat yayımı firmasının fəaliyyətinin dayandırlmasına gəldikdə isə, bu barədə ciddi və əsaslandırlmış izahatların veriləcəyi ağlasığmaz görünür. Fikrimcə, bu firmanın fəaliyyətinin dayandırılması çap mətbuatına uzun illər ərzində tətbiq edilən repressiya siyasətinin davamından başqa bir şey deyil”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin “Unikal”a verdiyi açıqlamaya görə, “Hər hansı firmanın fəaliyyətinin dayandırılması həmin qurumun təsisçilərinin müstəsna hüququdur və bu barədə şərh vermək artıq işdir. Lakin bir müddət əvvəl Bakı şəhərinin metro stansiyalarında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına məhdudiyyətin qoyulması və ardınca isə “Metroservis” firmasının fəaliyyətinin dayandırılması başqa mətləblərdən xəbər verir”.
Məmmədlinin sözlərinə görə, “Dünyanın bütün şəhərlərindəki metro stansiyalarında qəzet və jurnalların satışı üçün köşklər qoyulub. Bu cür ticarət üsulu həm iş adamlarına sərfəlidir, həm də metrolardan istifadə edən sərnişinlərə. Fikrimcə, Bakı metrosunun stansiyalarında qəzetlərin satışına qoyulan qadağa birinci növbədə istehlakçıların hüququnun pozulmasından xəbər verən faktdır. Bu da məlumdur ki, çap mediasının maliyyə imkanları xeyli dərəcədə məhdudur. Kütlənin gün ərzində daha çox cəmləşdiyi metro stansiyalarında qəzetlərin satışının dayandırılması isə həm də azad mətbuata göstərilən təzyiq kimi dəyərləndirilməlidir”.
“Ayna” və ”Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının “Unikal”a dediyinə görə, Bakının metro stansiyalarında onun buraxdığı qəzetlərin satışı çox yüksək idi: “Mən “Metroservis” firmasının fəaliyyətinin dayandırılması və metro stansiyalarında qəzetlərin satışının yasaqlanmasında heç bir məntiq görmürəm. Bu addım həm oxuculara ziyandır, həm də qəzetlərimizə”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06