"Hüznü də, yaxşı mühiti də, bütövlükdə dünyamızı da özümüz yaradırıq"
13:43 16-11-2013
CƏMİYYƏT
"Hüznü də, yaxşı mühiti də, bütövlükdə dünyamızı da özümüz yaradırıq"
Musa Yaqub: "İnsanların yanında heç nə tapa bilmirəm, ağaclara, meşəyə, daşa, suya meyl edirəm, onlarla danışıram"
"Musa Yaqub Səməd Vurğun, Məmməd Arazdan sonra Azərbaycan təbiətinin lirik-fəlsəfi obrazını yaradan son şairimizdir" desək, zənnimizcə, mübaliğəyə yol vermərik. Təbiət onun şerlərində insaniləşir, zərifliyi, ağrısı və əzəməti ilə bir daha yenidən canlanır. Onunla bu günki söhbətimizi də elə təbiətlə həmdərd olduğu məqamlardan başlayacağıq...
- Musa müəllim, təbiət sizin yaradıcılığınızda tamamilə yeni bir rakursda görünür və insan ümidlərinin, arzularının daşıyıcısına çevrilir. Məsələn, "Bu dünyanın qara daşı göyərməz" şerində olduğu kimi...
- O qara daş əslində insan taleyidi. Daş, dəyirman, ağac... bunlar mənim obrazlarımdır.. Qara daş göyərməyəcək, mümkün də deyil. O elə bir daşdı ki, nə qədər ümidlə göyərtsən belə, göyərməyəcək. Amma insanın ümidi özünə yetər. O qara daşı danışdıran da, göyərdən də, onu taleyinə yazan da elə insan özüdür. Heç eşitmisən deyir, ürəyimə daş bağlamışam? Yəni o ağırlıq həmişə səninlə gedəcək. Bu, ömürdü, gündü. Onu biz göyərdə bilərik, ümidimizdə, taleyimizdə, yeni məhəbbətimizdə. Bəlkə özümüzünkü olmaz amma balalarımızınkı olar. Bəlkə də qara daşın altında olan toxumları cücərtməyə ümidlərimizin gücü yetər. Belə bir şeir var, bir qara daş gəlib düşür çəmənə, o çiçəklər göyərib, qara daşı itirir. Demək ki, o daş göyərmədi amma o çəmən göyərdi.
- Maraqlıdır, niyə Siz daha çox təbiət obrazlarına üstünlük verirsiniz? Yoxsa şair insanlardan üz çevirib?
- Düzdü, yorulub ümidimiz, yeriyə bilmir. Amma ümid də sevgi kimidir, heç bitmir. Necə ki, başqa şeylər hədərdi, dünyanın ömrü eşqin yaşamağı qədərdi. Belə olduğu üçün ümid də həmişə olacaq. Zəif olur, ardınca çatmadıqlarımız olur, amma ölmür ümidlər. Sən gedib çata bilməsən də kimsə yetişəcək ona. Ümidin özü də, insanın yaşayış tərzindən, cəmiyyətdən, mühitdən asılıdır. Çünki insanların içərisindən keçir. Siz bir baxın, bu yaxınlarda bahar bayramını keçirəcəyik. Bu təbiətin bayramı deyilmi? Birdən-birə düşünün ki, yaz gəlir, amma ağacların heç biri çiçək açmır, yarpaq göyərmir. Görün, biz nə hala gələrik, tale bizi nə qədər bədbəxt eləyə bilər? Ümid də beləcə, zəifləyə bilər amma cəmiyyətin içindən, təbiətin içindən keçən ümid həmişə göyərməlidir.
- Siz poeziyamızın veteranlarına mənsub olan şairlərimizdənsiniz və ölkədə öz oxucularınız, öz auditoriyanız var. Ömrünüzün bu ahıl çağında yorğunluq hiss etmirsiniz ki?
- Yorulmuşam. Cəmiyyətdə elə işlər görürəm, insanların yanında heç nə tapa bilmirəm, ağaclara, meşəyə, daşa, suya meyl edirəm, onlarla danışıram. İnsan öz sifətini saxlaya bilsə onlarla danışarsan da, niyə təbiətlə danışasan ki, axı təbiət dil bilmir. Yenə insan insanı, ürək ürəyi duymalıdır. Düzdür, bəzən bunlar payimal olur, həmişə belə olur cəmiyyətdə, ümid bölünür, yenidən dünyaya gəlir. Mən də bəzi şeylərdən əlbəttə ki, yorulmuşam. Mən bunu yenə misal çəkəcəyəm, məhərrəm ayı gəlir, imamlar üçün zəncir vurub ağlayırlar, bunlar haqq yolunda, Allah yolunda ömürlərini fəda eləyiblər deyə. Digər yandan da müsəlman ölkələrində bir-birilərini qırıb tökürlər. Bəs o yas saxlamağımız nəyə dəydi? Bunlar bir-birinə əksdi. İnsanın özünün-özünə qulaq asmamağıdı. Bu, ümidin ölümüdü, günahın böyüklüyüdür. Fərqindəsinizmi, cəmiyyətdə qəzəb böyüyür, yumruq böyüyür, silahlar böyüyür, tamah böyüyüb, qol-qanad açır. Bunlar böyüdükcə də savab, ümid azalır, insanlar öz sifətini itirir.
- Şeirlərinizdə fırlanan dəyirman obrazına rast gəlirik. Bu, çərxi-fələyə işarədir?
-Dəyirman çox müqəddəsdir, mən onun ayağına heç bir günah yaza bilmərəm. Sadəcə, dabanını qaldırmaq olur onun, kimin üçünsə üyütdüyü buğdanın ununu göyə sovurur, bəzilərinin suyunu kəsir, bəziləri daşını əngəlləyir. O da insanların əlindədir. Amma dəyirman halallıq sevir. "Şahab" (şahidsiz götürülən dəyirmançı haqqı) götürəndə haqqına götürməlidir, yarılığa yox. Bu gün insanlara inanmaq olmur. Vaxt vardı dəyirmançıya inanırdılar ki, o dəyirmançı ömründə günah eləməz, heç kimin haqqını yeməz. İndi günah o qədər böyüyüb ki, dəyirmançının şahabı bunların yanında heç nədir. Bu mənada dövrün dəyirmanı yol gedir, fırlanır, onun da fırlanğıcında çox qəbahətlər dünyaya gətirir. Elə bu niyyətlə kitabımın adını belə qoydum. Br az fəlsəfi mənada cəmiyyətə həsr olunmuş şeirlərimi toplamışam. Dövrün dəyirmanı cəmiyyətdi: "Nə hal varsa təbiətdə, Onu gördüm cəmiyyətdə". Cəmiyyətdə də var, təbiətdə də. Onun hasilatını biz dəyirmana salırıq, hasil eləyib insan ruzisini qazanırıq. O şerlərdə də öz hisslərim, duyğularım var. Keçmiş şeirlərimi oxuyub görürəm dərd yenə həmin dərddi. Bu mənada ağır söhbətlər keçir ürəyimdən bu da məni ümidsizliyə aparır. Ümidsiz yaşamaq da mümkün deyil, axı. Ədaləti hər yerdə qorumaq lazımdır. Bizim şairlərin də işi nədi? Şairlik, yazıçılıq özü-özü ilə danışmaqdı, etirafdı. Ürəyindəki ən kövrək hisslərini tərənnüm edir. Sən qəzəbli ürəklə nə yaza bilərsən? Dünyanın gözəlliyinə, elə bircə dəfə qürub yerinə baxanda o gözəllik səni alıb aparır. Hüznü də, yaxşı mühiti də, bütövlükdə dünyamızı da özümüz yaradırıq. Cəmiyyət nə qədər saf olsa, gözəl olsa o gözəl hisslər də elə bizimlə yürüyəcək. Belə olmasa o da yorulub yolda qalacaq. Həm cəmiyyətdə, həm məhəbbətdə, həm kəmiyyətdə bu məhəbbət şeirlərini yazdıranlar var. Bu birinci növbədə anadan olduğum torpaqdan gəlir. Amma insanların sifətini görəndən sonra bu sevgini bir-birinin sifətinə köçürmüşəm. O məhəbbəti də, sədaqəti də, o palıd vüqarını da... Çinarlar həmişə yola çıxır, tənhalığını basdırmaq üçün... Bu da insanın özündən asılıdır. Ailə məsələsində bəzən nəsihət edirlər, qanuna salırlar. Bunu necə edə bilərsən ki, insanın bircə baxışının min qanunu var. O məhəbbət dünyasına gərək xəyanət qatmayasan.
-Niyəsə adama elə gəlir ki, şəhərə gələndən sonra insan daxilən kiçilir, bir qədər acizləşir. Bakı sakini olandan sonra Sizdə nələr dəyişdi?
-Mənim həmişə yadıma düşür, o müəllimlikdən çıxıb gəlib burda işləməyim. Doğrudan da, o böyürtkən kolu tutur adamın yaxasından ki, getmə bu təmizlikdən, hara gedirsən? Amma dünya inkişaf elədikcə sən də mütləq o axına qoşulmaq məcburiyyətində qalırsan. Əgər belə olmazsa sənə qeyri-adi baxacaqlar. O sızıltılar o qədər xoşdu, gözəldi ki, səni yaşadır. Axı, məhəbbətdən gəlir. Amma zərbə, insanı duymamaq məhv edir. Təəssüflər olsun ki, bizdə zərbələr məhəbbətdən güclüdür, düşünülməzdir.
-Rəhmətlik Məmməd Arazın bir sözü var: "Hər şivindən oğrubaşı göyərdi". Niyə cəmiyyətimizdə naqis insanlar daha çoxdur?
-İnsanlar bir-birinə yaxşılıq üçün yaranıb. Gör neçə yüzillərdir ki, Quran oxunur, nəsihətlər verilir, peyğəmbərin hədisləri deyilir, hamı da bununla razılaşır. Amma qurtaran kimi də yaddan çıxır gedir. Qəbiristana gedirsən ürəyin kövrəlir, düşünürsən ki, bu qırğın-qiyamət nəyə lazımdır, axı, hamımızın gələcəyi yer buradır. Ordan çıxan kimi hər şey unudulur. İnsanlara şeirlə deyirsən, şeiri eşitmir, mehirlə deyirsən, mehri eşitmir, xeyirlə deyirsən, xeyiri eşitmir. Elə bil ki, insanlar eşidilməz qalır. Bax, min ildi toxumda təmizlik gedir. Amma yenə də içində var. Çünki alaqla da şərikdi dünya. Bir əli də alağa qulluq eləyir. Necə ki, şeytan da mütləq öz işi ilə məşğuldur, o öz niyyətini yerinə yetirir, insan öz niyyətini. Gülün yanında tikan olduğu kimi. Yəqin bu dünya fəlsəfəsidir. Amma şər xeyiri üstələyəndə bu bizə əzab olur. Mən həmişə bunu misal çəkirəm, hələ uşaq vaxtından bir əhvalat yadımdadı. Dağıstandan bir kumık gəlmişdi kəndimizə, qalayçılıq eləyirdi. Deyirdi ki, "mən bu Azərbaycana gəldi, yaman "bij" luxlar öyrəndi, yaman "bij"luxlar...". Hələ o vaxt adi bir kənddə o bunları öyrənmişdi, indi kəndlər böyüyüb, maşınlar çoxalıb. İnsanlar sıxlaşıb, vəzifəbazlıq yarandıqca, sahibkarlığın tamahı döndükcə bir-birini inkar eləmək daha da böyüyür. Bəlkə də yenə bu da cəmiyyətin məsələlərindən asılıdır.
- Ustad bir şair və ağsaqqal kimi söhbətimizn sonunda daha nələri demək istəyərdiniz?
-Hərdən gileylənirlər ki, cəmiyyətdə mənəvi aşınma gedir, dəyərlər qiymətdən düşüb. Bu gün texnika o qədər çoxalıb ki, kitaba bir az tələbat azalıb. Amma mən insanlardan, şeirsevərlərdən çox inamlı və razıyam. Ona görə ki, harda olur-olsun, fikirlər eşidirəm, yoldaşlardan, dostlardan, gənclərdən. Öz-özümə deyirəm ki, bunların işi-peşəsi yoxdumu, doğrudan bunlar məni oxuyurlar? Vaxtları hardandır? Bir də görürəm şeirlərim onların dilində yeriyir, gedir. Mən oxuculardan narazı deyiləm. Heç vaxt xalqdan, eldən narazı olmaq olmaz. Heç belə bir narazılığım da yoxdur. Əsl şeirlər öz yerini tutur…
Söhbətləşdi:
Fərzuq Seydbəyli
Digər Xəbərlər
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37