Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".

23 iyun - Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Dövlət qulluqçularının peşə bayramı günü Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən qeyd olunur.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib. 

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Xatırlatmaq yerinə düşər ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunu qəbul olunub. Bununla da Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.
Son illərdə isə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də məqsədyönlü islahatlar aparılıb. Bu mənada Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nı xüsusi qeyd etmək lazımdır. Strategiyanın icrası üzrə Fəaliyyət Planı çərçivəsində müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapıb. 

Nəticə etibarilə illər uzunu aparılan islahatlar ona gətirib çıxarıb ki: 

– dövlət qulluqçularının hüquqları və vəzifələri konkret şəkildə müəyyənləşdirilib;
– dövlət qulluqçularının məsuliyyəti əhəmiyyətli şəkildə yüksəlib;
– dövlət qulluğunda vaxtilə mövcud olan boşluqlar doldurulub; 
– dövlət qulluğunun üstünlükləri ciddi şəkildə artırılıb, onların həm vəzifə borclarını, həm də şəxsi təminatlarını yerinə yetirmək üçün bütün imkanlar yaradılıb; 
– dövlət qulluğu siyasəti özünün əsas məqsədinə – ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasına, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsinə, vətəndaşların qayğı və ehtiyaclarının yüksək səviyyədə təmin edilməsinə nail olub.  

Hazırda Azərbaycanda dövlət qulluğunun daha da təkmilləşdirilməsi istiqamətində davamlı və düşünülmüş addımlar atılmağa davam edir. Dövlət rəhbərinin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, dövlət qulluqçularının xalqın xidmətçisi olduğu bir daha xatırlanır, onların əməyi yüksək qiymətləndirilir. 

Bu əlamətdar gün münasibətilə “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov da Prezident İlham Əliyevin dövlət qulluğuna dair səsləndirdiyi qiymətli fikirlərə diqqət çəkib. “Ölkə başçısı dövlət qulluqçularına müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanının etibar edildiyini mütəmadi şəkildə vurğulayır. Hər bir şəxs dərindən dərk etməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, hər bir dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir. İnsanlara xidmət etmək, onların qayğıları ilə yaşamaq dövlət qulluqçusunun əsas vəzifəsidir” – deyə Nəsirov bildirib.   

Millət vəkili həmin kontekstdə xüsusi olaraq qeyd edib ki, Azərbaycanın müasir dövlət quruluşu sisteminin formalaşması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri bu gün də özünü aydın şəkildə göstərməkdədir: “Dövlət qulluğu sahəsində köklü islahatlara məhz Ulu Öndərin ölkə rəhbərliyi dövründə başlanılmışdır. Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqların həllinə qadir olan, müasir tələblərə cavab verən dövlət idarəçiliyi prinsiplərini təsbit etdi. Bu gün biz böyük fəxarət hissi ilə qeyd edirik ki, bütün sahələrdə olduğu kimi, bu sferada da ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Bu istiqamətdə hüquqi-normativ bazanın möhkəmləndirilməsi ilə bağlı çox ciddi və qətiyyətli addımlar atılıb. 21 iyul 2000-ci ildə "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsini xüsusi vurğulamalıyıq. Məhz həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının fundamental əsası qoyuldu. Bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri dəqiq müəyyənləşdirildi”.

Sovet dövründə formalaşan ənənəvi məmur obrazı ilə müqayisədə müstəqillik dövründə, xüsusən son illərdə Azərbaycanda dövlət qulluğu sahəsində hansı keyfiyyət dəyişikliyi baş verib? Bu suala cavab olaraq Elman Nəsirov qeyd edib ki, müasir Azərbaycanın dövlət qulluğu sisteminin əsas prinsipləri sovet dönəmindəkindən köklü şəkildə fərqlənir: “İstər yanaşma tərzi, istərsə də fəlsəfə baxımından keçmiş sovet sistemi ilə müasir dövlətimizin prinsipləri tamamilə fərqli qütblərdədir. Müasir dövrün dövlət qulluqçusu dövlət qulluğunda olmağın imtiyaz deyil, məsuliyyət və xalqa xidmət missiyası olduğunun tam fərqindədir. Eyni fikri sovet dönəmi ilə bağlı söyləmək çox çətin idi. Xüsusilə də keçmiş sistemdə dövlət qulluqçularının sosial rifahı məsələləri olduqca aşağı səviyyədə idi. Müasir və müstəqil Azərbaycanda isə dövlət qulluqçularının sosial rifahının yüksəldilməsi, onların güzəranının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biridir”.

E.Nəsirov xatırladıb ki, Konstitusiyamızın 12-ci maddəsində aydın şəkildə qeyd olunur ki, dövlətin ali məqsədi vətəndaşların ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir: “Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyətinin ən öncül və aparıcı kəsimi olan dövlət qulluqçuları vətənə, dövlətə xidmət sahəsində üzərlərinə düşən məsuliyyətli vəzifələri uca tutaraq, onları şərəflə yerinə yetirirlər".

Murad İbrahimli