Türkiyə konfederativ dövlətə çevrilir?
11:32 19-11-2013
CƏMİYYƏT
Türkiyə konfederativ dövlətə çevrilir?
Analitiklərin fikirləri haçalanır
Politoloq Qabil Hüseynli Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin görüşünün perspektivini şərh edərkən deyib: "Bu görüş Ərdoğanın seçki niyyətlərinə qulluq edir. Digər tərəfdən kürdlərə müəyyən muxtariyyət verilməsi də gözləniləndir".
Siyasi təhlilçinin fikrincə, Diyarbakırda baş tutan görüş "kürd açılımı" mövzusu ətrafında Türkiyənin baş nazirinin bəyanatlarına Bərzaninin cəlb edilməsi məqsədi daşıyır.
Q.Hüseynli bildirib ki, R.T.Ərdoğanın əsas niyyəti Türkiyəni prezident üsuli-idarəsi tətbiq etməkdir. "Belə olarsa, Türkiyə prezidentini ümumxalq səsverməsi yolu ilə seçəcək. Ərdoğan bununla kürdlərin müəyyən hissəsinin səsini qazanmaq istəyir" deyən analitik hesab edir ki, Ərdoğanla Bərzani arasında gizli sövdələşmə də mövcuddur.
Ekspert düşünür ki, gizli anlaşma Türkiyə baş nazirinin siyasi karyerasının inkişafına xidmət edir. Politoloq siyasi kürd qruplaşmalarının hazırkı Türkiyə iqtidarı ilə birgə konfederativ respublika yaratmaq istəklərini istisna etmir. Onun sözlərinə görə, Şimali İraqın Kürd Muxtariyyətinin lideri ilə Ərdoğan yaxınlaşması Türkiyənin strateji maraqlarına zərbə vuracaq.
"Ərdoğan İraqda və Suriyada yaşayan türkmənlərin taleyinə biganə qaldığı halda kürdlərin problemləri ilə daha çox maraqlanır. Kürdlərin dövlət yaratmaq uğrunda mübarizəsi dinamik şəkildə inkişaf edir. Digər tərəfdən Türkiyədə Ərdoğanın siyasi ehtiraslarının ödənilməsinə yönəlmiş oyunlar gedir. Bu, Türkiyə üçün xoş olmayan və təhlükəli xarakter alan proseslərdir", - deyə Q. Hüseynli vurğulayıb.
Qabil Hüseynlinin mövzu ilə bağlı bədbin şərhinə münasibət bildirən politoloq Ərəstun Oruclunun "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Biz qəbul etsək də, etməsək də, bu gün İraqın şimalında Məsud Bərzaninin başçılıq etdiyi kürdlərin nəzarəti altında böyük bir ərazi var və bu muxtariyyət paytaxt Bağdadla nadir hallarda hesablaşır və yaxud ümumiyyətlə hesablaşmır. Rəsmi Bağdad artıq bu əraziyə nəzarət edə bilmir. Şimali İraqdakı kürd muxtariyyəti bir çox dövlətlərlə müstəqil əlaqələr qurmağa nail olub. Bu, faktdır və bununla hesablaşmamaq və yaxud ona etinasız yanaşmaq olmaz".
Politoloqun fikrincə, "Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın kürd muxtariyyətinin başçısı Məsud Bərzani ilə görüşünü də bu müstəvidə nəzərdən keçirtmək lazımdır. Yəni Ərdoğan praqmatik bir siyasətçi kimi bölgədə formalaşmış qüvvələr nisbətini anlayır və buna uyğun da hərəkət edir. Buna görə də düşünmürəm ki, bu görüş Türkiyənin strateji maraqlarına və yaxud perspektivinə ciddi ziyan vura bilər".
Oruclunun fikrincə, "Təsadüfi deyil ki, sözügedən görüş Diyarbəkirdə keçirilib. Bunun da simvolik mənası var. Hesab edirəm ki, Ərdoğan bu görüşü keçirtməklə Türkiyənin təsir dairəsini genişləndirməyə cəhd göstərib. Bu fakta göz yuma bilmərik ki, PKK problemi son onilliklərdə Türkiyəyə xeyli iqtisadi və siyasi, həm də mənəvi ziyanlar vurub və xarici dairələr bu amildən Türkiyəyə qarşı məharətlə istifadə edirdilər. Bu problem hansısa formada həll edilməlidir və mən həmin görüşü məhz bu siyasətin davamı kimi qiymətləndirirəm".
Millət vəkili Fərəc Quliyevin "Unikal"a bildirdiyinə görə, "Ərdoğan-Bərzani görüşü Türkiyənin təməl dövlətçilik maraqlarına zidd nəticələr verə biləcək bir addımdır. Bütün dünyada separatçılarla və terrorçularla davranmağın bəlli üsulları var və Ərdoğanın "siyasi yenilikləri"nin altını Türkiyə dövləti uzun müddət çəkəcək. Bu görüş kürd açılımı baxımından da heç nə verməyəcək".
Millət vəkili dedi: "Mən bir zamanlar həm Türkiyənin, həm də Azərbaycanın strateji maraqlarını və hər ikisinin, təxminən, eyni problemlərlə uğraşdığını nəzərə almaqla Milli Məclisdə məsələ qaldırdım ki, terrorla və separatizmlə birgə mübarizə aparmaq üçün Azərbaycanla Türkiyə arasında ortaq bir qurum yaradılsın. Bu ideyanı gerçəkləşdirmək mümkün olsaydı, həm PKK-ya qarşı, həm də Dağlıq Qarabağ separatçılarına qarşı daha effektli şəkildə mübarizə aparmaq mümkün olardı. Təəssüf ki, parlamentdə bu təklifə dəstək verən olmadı".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10