Ziya Məmmədov sözünün üstündə durmadı
11:34 19-11-2013
CƏMİYYƏT
Ziya Məmmədov sözünün üstündə durmadı
Nəqliyyat Nazirliyinin bir neçə ay əvvəlki təkzibi yalan çıxdı: ictimai nəqliyyatda gediş haqları bahalaşır!
Azərbaycan Nəqliyyat Nazirliyinə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olur. Bu barədə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib: “Nazirlik də məsələ ilə bağlı Tarif Şurasına bir dəfə müraciət edib. Lakin bu qurum təklifimizi məqbul hesab etməyib. Bununla əlaqədar biz ikinci dəfə gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürməmişik”.
N.Həsənov bildirib ki, sahibkarlar Nəqliyyat Nazirliyinə istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur: “Onlar həqiqətən də qiymətlərin qalxmasını istəyirlər. Son zamanlar bu məsələ ilə bağlı söz-söhbətlər də gəzir. Hətta maliyyə naziri də çıxışlarının birində bu haqda qeyd edib. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına aiddir”.
Xatırladaq ki, Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatda bahalaşma təklifi ilə Tarif Şurasına müraciət etdiyi barədə iddialar bir neçə ay öncə səsləndirilmişdi. May ayında gündəmə gələn iddiaları isə Ziya Məmmədovun nazirliyi təkzib etmişdi. Nazirlik ictimai nəqliyyatda bahalaşma olacağına dair məlumatları yalanlamışdı. Bir müddət sonra isə bu qiymət artımına dair təkliflərin marşrut sahibi olan iş adamlarından gəldiyi bildirilmişdi.
İndi isə Nəqliyyat Nazirliyinin özünün bahalaşma üçün Tarif Şurasına üz tutduğu məlum olur. Hansı ki, ekspertlər belə bir qiymət artımı təşəbbüsünü hələ ilk dəfə sözügedən iddia ortaya çıxanda absurd və əsassız hesab etmişdilər. Nəzərə almaq lazımdır ki, gündəlik ictmai nəqliyyata çəkilən xərclər Azərbaycan ailələrinin büdcəsində kifayət qədər yer tutur. Hətta 5 qəpiyin artması da sosial yaşayışa təsir göstərir. Əgər avtobuslarda qiymətlər bahalaşacaqsa, o zaman istehlak səbətinə yenidən baxmalı, minimum yaşayış həddini qaldırmalıdır. Onzus da, istehlak səbətində adambaşına düşən nəqliyyat xərci minimum həddə hesablanıb. Bu gün Bakıda insanlar bir məntəqədən digərinə çatmaq üçün adətən 2-3 avtobus və ya metro dəyişməli olur. İstehlak səbətində isə yalnız bir dəfə gediş və bir dəfə gəliş nəzərdə tutulur. Bununla səbətdə hər adambaşına götürülən şəhərdaxili nəqliyyat xərci 12 manatdan başlayır. Halbuki, ekspertlərin hesablamalarına görə 4 nəfərlik ailənin orta aylıq nəqliyyat xərcləri ən azı 120 manata düşür (adambaşına 30 manat). Bu qiymətin 5-10 qəpik də qalxması ilə bir ailənin xərcinin nə qədər artacağını hesablamaq çətin deyil.
Bir sıra mütəxəssislər vəziyyətdən çıxmaq üçün müəyyən əhali qruplarına güzəştlərin tətbiq edilməsini vacib sayırlar.
Xatırladaq ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Hazırda ictimai nəqliyyat yalnız polislərə havayıdır.
Bir müddət əvvəl nəqliyyat nazirinin müavini Musa Pənahov bildirmişdi ki, kiçik yaşlı uşaqlar, tələbələr, müharibə əlilləri üçün güzəştlərin tətbiqi nəzərdə tutulub. Bu məsələyə kart sisteminə keçid zamanı baxılacağı deyilmişdi. Hələ ki, bununla bağlı hər hansı bir açıqlama yoxdur. Xarici təcrübəyə nəzər salsaq, hazırda Tiflisdə ictimai nəqliyyatda güzəştlər sistemi mövcuddur. Paytaxt avtobuslarında və metropolitendə gün ərzində ilk gediş 0,5 lariyə (0,25 AZN), ikinci gediş 0,3 lariyə (0,16 AZN), bundan sonrakı gedişlər isə 0,2 lariyə (0,1 AZN) başa gəlir. Bununla yanaşı müəllimlər və pensiyaçılar üçün metro və avtobuslarda gediş haqqı 0,2 lari (0,1 AZN), sosial baxımdan aztəminatlı ailələrin üzvləri üçün isə 0,1 lari (0,5 AZN) təşkil edir. Ümid edirik ki, Azərbaycanda da hökumət yoxsul əhalini nəzərə alaraq, müəyyən güzəştlər tətbiq edəcək. Ən əsası isə Ziya Məmmədovun nazirliyi onsuz da çətin sosial-iqtisadi problemlər məngənəsində çabalayan sadə vətəndaşları yeni bahalaşma sayəsində hökumətdən narazı salmaq niyyətindən əl çəkəcək.
Bu ümidlərimizin doğrulub-doğrulmayacağını isə ən geci ilin sonunadək biləcəyik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10