İlham Əliyevin xarici siyasətdə ki, manevrləri
11:36 19-11-2013
CƏMİYYƏT
İlham Əliyevin xarici siyasətdə ki, manevrləri
Məsafəli münasibətlər priroritet olacaq
Azərbaycanda prezident seçkiləri sona çatdı və istər ölkə daxilində, istərsə də ölkə xaricində bir sıra ciddi addımlar atıldı. Öncəliklə kadr islahatlarına start verildi və bildirilir ki, 6 ay ərzində bu islahatlar daha da gücləndiriləcək. Bununla yanaşı diqqət Azərbaycanın xarici siyasətinə yönəlib. İlham Əliyev isə qısa müddətdə bir sıra menevrlər etməklə xarici siyasət kursundakı detalları ortaya qoydu.
MDB ajiotajı
İlham Əliyev prezident seçiləndən sonra ilk səfəri Minskə oldu. Əslində bu protokol çərçivəsində müəyyənləşdirilən səfər olmadığından buna rəsmi səfər demək olmaz. Amma səfər kifayət qədər mühüm səfər idi. Ən azından ona görə ki, əksəriyyət hesab edirdi ki, İlham Əliyev bu səfərə çıxmaqla Azərbaycanın Gömürük İttifaqına üzv olmasına razılıq verəcək. Amma prezident Minskə getsədə bu təşkilata üzv olmadı. Hətta Belorusiya prezidenti bəyan etdi ki, Ermənistanın ittifaqa daxil olması üçün Azərbaycanın da fikirləri nəzərə alınmalıdır. Belə ki, ekspertlər bildirir ki, Azərbaycan bu ittifaqa o zaman daxil ola bilər ki, Ermənistan Dağlıq Qarabağdan imtina etsin. Belorusiya prezidenti də məhz bunu nəzərdə tutmuşdu. Amma demək olar ki, qapalı aparılan danışıqlarla bağlı heç bir açıqlama verilmədi və prezident İlham Əliyev bəyan etdi ki, Avropa istiqamətindən imtina olmayacaq. Bununla da ilk şübhələr aradan qaldırıldı. Bundan başqa Rusiyadan azərbaycanlıların sıxışdırılaraq çıxarılmasıda sübut edir ki, Rusiya Azərbaycanı razı sala bilməyib və bu səbəbdən Azərbaycana təzyiqlər ciddi şəkildə artır. Ekspertlər hesab edir ki, Azərbaycan tərəfi də artıq hazırlıqlar görür ki, Rusiyadan qayıdacaq azərbaycanlıların ölkədə sosial partlayış yaratmasının qarşısını alsınlar. Elə dövlət büdcəsinin müzakirəsi zamanı bu məqamında nəzərə alınması göstərdi ki, Azərbaycan artıq Rusiyanın təzyiqlərinə hazırlıq görür.
Türkiyə marşı
Rusiya ilə münasibətlərin gərgin olduğu bir məqamda prezident İlham Əliyev ilk səfərini yenə Türkiyəyə etdi. Əslində Türkiyə seçimi həm də Avropa seçimi demək idi və bunu İlham Əliyev nümayişkəranə şəkildə etdi. Nəyə görə?İlk növbədə ona görə ki, Azərbaycan bir daha sübut etdi ki, Türkiyə ilə strateji müttəfiqdir və bunu daha da inkişaf etdirmək istəyir. Həmçinin Türkiyə ilə birgə addımlamağı daha uyğun hesab edir və yəqin ki, bu enerji sahəsində daha da çox nümayiş etdiriləcək. Bunu da qeyd edək ki, hazırda Azərbaycan çalışır ki, Türkmənistan və İran qazının öz kəmərləri ilə Avropaya daşınmasına nail olsun. Bu məsələdə isə Türkiyə mühüm rol oynayacaq. Bundan başqa ekspertlər hesab edir ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllində daha aktiv iştirak edəcək. Belə ki, hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmdədir və Türkiyə qərbi məcbur etməyə çalışır ki, Ermənistan işğal etdiyi 7 rayonu azad etsin və bundan sonra sərhədlər açılsın. Bunu da qeyd edək ki, hazırda Avropaya bu sərhəddin açılması çox vacibdir. Çünki Rusiya Ermənistan vasitəsi ilə regionda gücünü artırır və bu qərbin maraqlarına ziddir. Amma sərhədlər açılarsa o zaman qərbin Ermənistana bir başa çıxışı olacaq ki, nəticədə qərb Ermənistan iqtisadiyyatına nəzarət edə biləcək.Prezident İlham Əliyevin Türkiyə səfərində də sözsüz ki, bu məsələ də müzakirə olundu. İlham Əliyevin Türkiyəyə səfəri həm də qərbə bir mesaj idi. Belə ki, seçkilərdən sonra bir sıra qərb təşkilatları Azərbaycandakı seçkilərin nəticəsinə şübhə ilə yanaşdılar. Digər tərəfdən isə Rusiya Azərbaycanı sıxışdırmağa başladı. Nəticədə demək olar ki, Azərbaycan siyasi meydanda təkləndi. Belə olan halda Rusiya təzyiqlərini bir azda artırmaqla Azərbaycanı tam təsirinə ala bilərdi. İlham Əliyev isə Türkiyəyə səfər etməklə qərbə mesaj verdi ki, yenə də qərb yoluna sadiqdir və sözsüz ki, bunun müsbət nəticələrini görəcəyik.
Ukrayna sirri
Prezident İlham Əliyev Türkiyədən sonra gözlənilmədən Ukraynaya səfər etdi. Bu səfər də özlüyündə Türkiyə səfəri kimi kifayət qədər önəmli səfər oldu və burda bir sır ciddi məqamlar var. Bu məqamlar nədən ibarətdir? Qeyd edək ki, Azərbaycan kimi Ukraynada Rusiyanın təzyiqləri ilə üz-üzə qalıb və Ukrayna kritik seçim ərəfəsindədir. Təxminən on gün sonra Avropa İttifaqının Vilnüsdə başlayacaq Şərq Tərəfdaşlığı sammitində Kiyevlə Brüssel arasında assosiasiya sazişi imzalanmalıdır. Yanukoviç isə Avropa İttifaqı ilə sazişin imzalanmasını 2015-ci ilədək təxirə salmaq variantını təklif edib. Lakin bu variant Putini qətiyyən qane etməyib. Rusiya prezidenti bildirib ki, Ukrayna Avropa İttifaqı ilə sazişdən imtina edib dərhal Gömrük İttifaqına qoşulmağa qərar verməlidir. Yanukoviç isə bu variantı rədd edib.Lakin digər məlumatlara görə, Ukrayna prezidenti Putinlə anlaşıb və Gömrük İttifaqına girmək qərarı verib. Beləliklə, Ukrayna prezidentinin hansı qərar verdiyi ilə bağlı ziddiyyətli proqnozlar var. Belə görünür ki, Yanukoviçin hansı qərar verməsi onun Azərbaycan prezidenti ilə apardığı danışıqlardan da çox asılı olacaq.Hələliksə mütəxəssislər hesab edir ki, Ukrayna Avropa İttifaqı ilə razılaşmaya nail ola bilməsə bütövlükdə region üçün təhlükəli proseslər başlaya bilər. Bunu da qeyd edək ki, İlham Əliyev gücünü səfərbər edərək Ukraynanı inandırmağa çalışacaq ki, Gömürük İttifaqına qoşulmasın. Çünki Ukrayna bu ittifaqa qoşularsa Azərbaycan açıq şəkildə hədəfə gələcək. Bunu da qeyd edək ki, 10 gündən sonra Azərbaycanın özünü də çətin sınaq gözləyəcək. Əgər Azərbaycan Avropa İttifaqı ilə razılaşmaya gedərsə Rusiya daha sərt addımlar atacaq. Maraqlıdır, bəs Azərbaycan və Ukrayna hansı alternativ addımı ata bilər? Müşahidəçilər hesab edir ki, Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə məhz bu məsələ müzakirə olunur və analitiklər yeni çıxış yolunu göstərirlər. Belə ki, iki il əvvəl Azərbaycan Tərəfsizlər İttifaqına üzv oldu və bu o deməkdir ki, Azərbaycan heç bir siyasi-hərbi-iqtisadi bloklara qoşulmayacaq. Məhz bu arqumentdən yararlanmaqla Azərbaycan həm Avropa İttifaqından həm də Gömürük İttifaqından kənarda dura bilər. Əslində ən doğru yolun bu olduğu söylənilir. Ekspertlər hesab edir ki, məhz Ukrayna, Azərbaycan və Gürcüstan bu yolu seçə bilər və özlüyündə bu üçlük yeni blokda formalaşdıra bilərlər. Onsuzda ekspertlər hesab edir ki, Gürcüstan Azərbaycanın atacağı addıma uyğun addım atacaq və bu ölkənin siyasi taleyi Azərbaycandan aslıdır. İlham Əliyevin Ukrayna səfəri həm də enerji məsələsi üçün önəmli ola bilər. Çünki hazırda Ukrayna enerji məsələsinə görə Rusiyanın təsirindədir və Azərbaycan Ukraynanın enerjiyə olan tələbatının bir hissəsini həll edə bilər. Bunun qarşılığında isə Ukrayna Azərbaycanın hərbi silah-sursat problemini yoluna qoyar. Bunu da qeyd edək ki, indinin özündə Ukrayna ilə Azərbaycan arasında ciddi hərbi əməkdaşlıq var.
Müstəqil xətt
Prezident İlham Əliyevin bir ay ərzində atdığı addımlardan ümumilikdə aşağıdakı nəticələri çıxartmaq olar.
1. Növbəti 5 ildə Azərbaycanın xarici siyasəti tamamı ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində olacaq. Elə Ermənistan prezidenti ilə görüşməyə razılıq verməsinin kökündə də bu amil durur.
2. Xarici siyasətdə iqtisadi əlaqələrin qurulması əsas rol oynayacaq. Çünki hazırda neft azala-azala gedir və buna görə iqtisadiyyatın digər sahələrinə diqqət artırılacaq, ölkəyə investisiya axını təşkil ediləcək. Bunu da qeyd edək ki, Azərbaycanın özüdə bir sıra qərb ölkələrinə investisiya qoyur və hazırda bu istiqamətdə də real addımlar atılacaq.
3. Azərbaycan beynəlxalq qurumlarla münasibətdə daha çox neytrallığa üstünlük verəcək. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan yalnız öz maraqlarına cavab verəcək layihələrdə iştirak edəcək. Məhz bu səbəbdən də ölkə nə NATO-ya üzv olmağı, nədə Rusiyanın təsir dairəsində olan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmadı.
4. Azərbaycan istər Gömürük İttifaqından, istərsə də Avropa İttifaqından kənarda durmağa çalışacaq. Bununla da yenə də regionda mövqeyini qoruyub saxlaya biləcək.
Zərurui qeyd
Bunu da xüsusi olaraq vurğulayaq ki, qarşıdakı 5 il ərzində Azərbaycan strateji müttəfiqlərinin müəyyənləşməsinə də xüsusi önəm verəcək. Hazırda mənzərə necədir? Azərbaycan Rusiyanın hərbi və siyasi təsirindən çıxdı. Sonuncu Qəbələ RLS-in ləğvi buna əyyani misaldır. Bunun qarşılığında isə Rusiya ilə iqtisadi əlaqələr gücləndirildi və nəticədə hazırda iki ölkə arasında 2,5 milyard dollarlıq ticari dövriyyə var. ABŞ-la münasibətlərə gəldikdə isə iki ölkə arasında diplomatik soyuqluq müşahidə olunur. Amma digər tərəfdən trrora qarşı mübarizədə Azərbaycan ABŞ-in ən strateji müttəfiqi sayılır və bu gün ABŞ Əfqanıstandan qoşunlarını Azərbaycan vasitəsi ilə çıxarır. Qərblə münasibətlərə gəldikdə isə bu gün Fransa və Böyük Britaniya kimi strateji müttəfiqlər var. Amma bir sıra qərb təşkilatları Azərbaycana yanaşmada ikili mövqe sərgiləyirlər. Amma Türkiyə-Azərbaycan müttəfiqliyi ümid verir ki, Azərbaycan qərb siyasətində yeni addımlar ata bilsin. Ən azından ona görə ki, bu gün qərbin enerji təhlükəsizliyi bir başa Azərbaycandan aslı durumdadır. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Azərbaycan qarşı tərəflərlə bir daha masa arxasında oturmalı olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49