Hüseynbala Mirələmovun bacısı oğlu ”Unikal”a basqı edir
13:26 20-11-2013
CƏMİYYƏT
Hüseynbala Mirələmovun bacısı oğlu ”Unikal”a basqı edir
“Mətbuat artıq Azərbaycanda üçüncü hakimiyyətdir. Mətbuatın inkişafı bizim əsas məqsədimizdir”. Bu sözləri təxminən bir ay öncə prezident İlham Əliyev beynəlxalq konfransda çıxış edən zaman səsləndirdi. Həqiqətən də son illər Azərbaycanda mətbuatın inkişafı üçün mühüm layihələr həyata keçirilib. Öncəliklə KİV-ə dəstək Fondu yaradıldı və dövlət tərəfindən mətbuatın inkişafı üçün konkret maliyyələr ayrıldı.
Bundan başqa evsiz jurnalistlərin mənzillə təmin olunması üçün bina istifadəyə verildi və yaxın iki il ərzində daha iki bina inşa ediləcək. Bütün bunlar isə sözsüz ki, dövlətin mətbuata olan yanaşmasıdır. Bununla yanaşı məhz prezident İlham Əliyevin əmri ilə Azərbaycanda internet resurslarının inkişafına xüsusi diqqət ayrıldı. Nəticədə bu gün Azərbaycanda yalnız facebook iştirakçılarının sayı bir milyonu keçir. Amma bu cür uğurlarla yanaşı bəzi dövlət məmurlarının mətbuata yanaşması hələ də qüsurlu olaraq qalmaqdadır. Hətta elə nazirlər, millət vəkilləri var ki, bu günün özündə mətbuata nifrətlə yanaşır və ilk fürsətdə əlindən gələn pisliyi etməyə çalışır. Apardığımız müşahidələr isə bir daha təsdiqləyir ki, bu cür şəxslərin əksəriyyəti korrupsiya burulğanında olanlardır və onlar mətbuatdan hər zaman uzaqda durmağa çalışırlar. Bu simalardan biri də millət v əkili Hüseynbala Mirələmovdur. Həm də yazıçı olduğu bildirilən Hüseynbala Mirələmov bu günə qədər dövrü mətbuatdan nə qədər uzaq durmağa çalışırsa, mətbuatda da bir o qədər haqqında xoşagəlməz məlumatlar dolaşır. Hüseynbala Mirələmov adı ilk dəfə Qaz Emalı Zavodunda milyonlarla manat pul qazanmaqdan və müəyyən maxenasiyalardan istifadə olunma ilə bağlı xəbərlər yayılan zaman eşidildi. Bundan sonra isə davamlı olaraq deputatın adı müxtəlif qalmaqallarda hallandı. Sonuncu dəfə isə aydın oldu ki, Hüseynbala Mirələmovun qardaşı oğlu adam öldürüb və buda iddia olundu ki, hətta oğluda cinayət hadisəsi baş verən yerdə olub. Düzdür sonradan bu fakt öz təsdiqini tapmadı, amma deputatın oğlu polis sistemindən kənarlaşdırıldı. Nəhayət deputatın adı son dəfə “Unikal” qəzetində hallandı.Belə ki, ”Unikal”ın apardığı araşdırma nəticəsində məlum oldu ki, Metal Konstruksiyalar Zavodu deputat Hüseynbala Mirələmova məxsus imiş. Sadəcə olaraq millət vəkili olduğu üçün bu biznesini öz adına yox, bacısı uşaqlarının adına sənədləşdirib və oranın idarəolunmasıda məhz bacısı uşaqlarına həvvalə edilib. Yazı dərc olunan kimi zavodda sözün həqiqi mənasında ajiotaj yaradıb. Biz isə mətbu orqan olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan etdik. Amma zavoda rəhbərlik edən deputatın bacısı uşaqları Rüfət və Aqşin Sucayevlər münasibət bildirmək əvəzinə ünvanımıza təhqirlər yağdırdılar və redaksiyanı gəlib yerlə-yeksan edəcəklərini bildirdilər. “Bezpredellikdə” ad çıxaran Hüseynbala Mirələmovun qohumları bu dəfədə ənənələrinə sadiq qaldılar. Prezident İlham Əliyevin mətbuatı artıq üçüncü hakimiyyət adlandırdığı bir məqamda deputat qohumları mətbutı boğmaqla hədələyir.Deputatın bacısı uşaqlarının mətbuata bu cür qəddarcasına yanaşmalarında isə sirli heç nə yoxdur. Çünki mənbəyi məlum olmayan çirkli pullarla milyonlarla manat dəyərində bir zavoda sahiblənənlər sözsüz ki, mətbuatdan,söz azadlığından hər zaman qorxurlar və buna görə də hədələr, təhqirlər ard-arda sıralanır. Bunu da xatırladaq ki, dünən ki, sayımızda qeyd etmişdik ki, zavodun açılışından bir müddət sonra onun rəhbərliyində gərginliklərin yaşandığını xəbər verərək bildirmişdik ki, nəticədə zavoda rəhbərlik edən Rüfət Sucayevi İlqar Alişanov əvəz edib. “İlqar Alişanov peşəkar mütəxəssisdir və zavodun fəaliyyətinə müsbət şəkildə təsir edir” deyə yazımızda qeyd olunurdu.
Biz “Unikal”ı olaraq araşdırmalarımız zamanı qeyd etmişdik ki, Qaradağ Metal Konstruksiyaları Zavodunda hazırda əvvəlki direktor Rüfət və qardaşı Aqşin Sucayevlərin müəyyən payının qaldığını göstərib. Bu qardaşlar millət vəkili, Qaz Emalı Zavodunun keçmiş direktoru, adı indiyədək bir çox qalmaqallarda hallanmış Hüseynbala Mirələmovun yaxın qohumlarıdır. Daha doğrusu, bacısı uşaqlarıdır.
Belə ki, zavodda haqq-hesab məsələlərində müəyyən problemlər aşkarlandıqdan sonra onların bu müəssisə ilə rəsmi bağları kəsilib.
Onuda qeyd etmişdik ki,deputat Hüseynbala Mirələmovun isə bu müəssisəyə 6 milyonluq sərmayəni necə yatırdığına dair ilginc iddia var. Bildirildiyinə görə, millət vəkilinin zavoda qoyduğu həmin vəsait onun Qaz Emalı Zavoduna direktor olduğu dövrdə əldə etdiyi külli miqdarda pulların kiçik bir hissəsidir. Mətbuat Mirələmovun rəhbərlik etdiyi dövrdə Qaz Emalı Zavodunda korrupsiya hallarının yayıldığına dair iddialar səsləndirirdi. Baxmayaraq ki, həmin iddialar elə o dövrdə Mirələmov tərəfindən qətiyyətlə təkzib edilirdi.
Hazırda millət vəkili bacısı oğlanlarını himayə etməklə özünün və onların zavoddakı mövcud paylarının saxlanılması üçün əlindən gələni edir.Görünür bu faktların ortaya çıxması Sucayev qardaşlarını narahat edib. Bundan başqa uzun illər dayılarının imkanlarına və vəzifələrinə söykənən bu cür qardaşlar hər zaman özlərini toxunulmaz hesab edir və istər adi vətəndaşları, istərsədə mətbuatı ayaqaltında görməyə vərdiş edirlər. Hətta məmur övladlarının harınlaması məsələsi prezident İlham Əliyevin də diqqətini cəlb etmişdi və açıq şəkildə bəyan etdi ki, bu cür şəxslər bağışlanmayacaq. Görünür Sucayev qardaşları hələ də özlərinin toxunulmazlığına inanırlar və bu səbəbdən də mətbuatı hədəf seçirlər. Halbu ki, Sucayev qardaşlarının heç bir suçu yoxuydusa, bizi təhqir etmək əvəzinə qaranlıq suallara cavab verməliydilər. Sucayev qardaşları milyonlarla manat pulu haradan aldıqlarını, bu zavodu hansı hesabla qurduqlarını, zavodda bu gün nələr etdiklərini izahlasaydılar daha uğurlu seçim etmiş olardılar. Bu arada Sucayev qardaşlarının “Unikal” qəzetini dağıtmaqla bağlı səsləndirdikləri fikirlərə tanınmış simalar münasibət bildirib.Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Azərbaycan məmurları və yaxud gündəmdə olan hər hansı bir siyasinin və yaxud onların qohumlarının mətbuat mənsublarına qarşı kobud və yaxud etinasız davranışının, bəzi hallarda isə hədə-qorxu gəlmələrinin bir sıra köklü səbəbləri var. Birinci və başlıca səbəb budur ki, bizim məmurlar hələ də qanunun aliliyinə hörmətlə yanaşa bilmir və hesab edirlər ki, onlar qanundan yuxarıda dururlar. Məmurlar anlamırlar ki, cəmiyyətin fiziki və hüquqi şəxsləri arasındakı konfliktləri həll etməyin yeganə yolu məhkəmələrdir”.
Hacılının sözlərinə görə, “Sözügedən problemin ortalığa çıxmasını şərtləndirən başlıca amillərdən biri də dözümsüzlk keyfiyyətidir. Bizim insanlar, o cümlədən hökumət məmurları mətbu sözə qarşı aqressiv davranmağı xoşlayırlar. Bu da ondan irəli gəlir ki, biz dialoq ruhunun deyil, monoloq stilinin hakim olduğu bir cəmiyyətdə yaşayırıq. Yəni “Mənim dediklərim və etdiyim hərəkətlər mütləq həqiqətdir və müzakirə edilə, dəyərləndirilə bilməz”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinində “Unikal”a söylədiyinə görə, “Jurnalistlər bu tip məmurlarla və yaxud siyasətçilərlə, onların qohumları ilə hansısa faktı araşdırmaq üçün təmasa girərkən bir qədər ehtiyatlı olmalıdırlar. Çünki bizim məmurlar nəinki özləri ilə bağlı hər hansı faktı açıqlamağa və yaxud onlar barəsində yazılmışlara münasibət bildirməkdən ehtiyat edirlər, hətta vəzifə borcları baxımından açıqlamalı olduqları mövzu və faktlar barəsində də susmağa üstünlük verirlər”.
Məmmədli hesab edir ki, “Bu tip insanlar başa düşmək istəmirlər ki, mətbuat vasitəsilə cəmiyyətə açıq olmaq, cəmiyyət qarşısında hesabat vermək onların bir nömrəli vəzifəsidir. Təəssüflər olsun ki, bizim məmurlar və onların imkanlarından yaxşıca bəhrələnə bilmiş yaxınları özlərini hələ də qanundan və cəmiyyətdən yuxarıda hesab edirlər. Belə məqamlarda hər şey jurnalistin peşəkarlığından və məharətindən asılı olur. Daha doğrusu, jurnalist peşə borcunu unutmadan öz ləyaqətinin də tapdanmasına yol verməməlidir”.
Biz isə özlüyümüzdə deputat bacıuşaqlarının hədəsinə baxmayaraq araşdırmamızı davam etdirəcək və Sucayevlərə özlərini toxunulmaz hesab etməyə fürsət verməyəcəyik. Görünür mətbuatın nə olduğunu sona qədər dərk etməyən Sucayevlər bundan sonra söz azadlığının nə olduğunun fərqində olacaqlar. Biz isə artıq qaranlıq qalan sualların cavabını Hüseynbala Mirələmovdan gözləyirik.Mövzuya qayıdacağıq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10