Milli Şura parçalanmaq təhlükəsi qarşısındadır
13:29 20-11-2013
CƏMİYYƏT
Milli Şura parçalanmaq təhlükəsi qarşısındadır
Müsavat Milli şuranı dağıdır
Milli Şura daxilindəki konfliktlər pik həddinə yaxınlaşmaqdadır. Bu konfliktlər lap başlanğıcdan ənənəvi müxalifət təmsilçiləri ilə sonradan müxalifət keçmiş iqtidar mənsubları arasında baş verdiyindən ictimaiyyətin də diqqət mərkəzindədir.
Məlum olduğu kimi, son günlərdə Müsavat Partiyasının funksionerləri müxtəlif manevrlərlə bu qurumda da təşəbbüsü və liderliyi ələ almağa cəhd edir və qurumu yaratmış Rüstəm İbrahimbəyovu sədrlikdən uzaqlaşdırmağa çalışırlar. Məsələ ilə bağlı “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev bildirib ki, “Əgər Müsavat Partiyası öz iddiasından geri çəkilməsə, Rüstəm müəllimin sədrlikdən getməsində israr etsə, bu o deməkdir ki, onlar Milli Şuranı parçalamaq, məhv eləmək istəyir. Həmsədrlik məsələsi Milli Şuranın növbəti sessiyasında müzakirələr zamanı qəbul edilməsə və R.İbrahimbəyov qurumun sədrliyindən getsə, “El” Hərəkatı və onunla bərabər bir çox ziyalı Milli Şuranı tərk edəcək.”
Ölkənin tanınmış politoloqu Zəfər Quliyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Prezident seçkilərindən sonra cəmiyyətdə müşahidə edilən durğunluq Milli Şurada da öz ifadəsini tapıb və hazırda bu qurumda müəyyən mənada böhran müşahidə olunur. Bu da onunla bağlıdır ki, Milli Şura çoxdandır ki, öz problemlərini müzakirə etmək üçün toplanmır və bu problemlər təəssüf ki, mətbuatda müzakirə edilməyə başlanıb. Nəticədə də bu qurumun üzvləri arasında bəzən əsası olmayan diskussiyalar başlanır”.
Politoloqun sözlərinə görə, “Hazırda Milli Şurada ən ciddi problemlərdən biri həmsədrlik institutu ətrafında yaranıb. Mən və o cümlədən bir sıra həmkarlarımız hesab edirik ki, Rüstəm İbrahimbəyov qurumun işinə operativ şəkildə rəhbərlik edə bilmədiyi üçün prezident seçkiləri kampaniyasını son dərəcə uğurlu şəkildə keçirtmiş Cəmil Həsənli həmsədr seçilməlidir. Yəni Milli Şuranın rəhbərliyində dəyişiklik edilməlidir”.
Politoloqun dediyinə görə, “Gündəmdə Müsavat Partiyasından gələn ikinci bir təklif də var. Müsavatın liderləri hesab edirlər ki, Rüstəm İbrahiməyov praktik olaraq bu quruma rəhbərlik edə bilmədiyi üçün sədrlik postundan istefa verməlidir və Cəmil Həsənli sədr olmalıdır. Qeyd etməliyəm ki, indi elə bir mərhələdəyik ki, bu qurumun mövcudluğunu qoruyub saxlamaq üçün olduqca səbirli şəkildə davranmalıyıq. Əgər Milli Şuranın problemləri ilə bağlı məsələlərin müzakirəsi qurumun daxilində deyil, mətbuatda davam etsə, onun perspektivi şübhə altında olacaq. Bu təhlükəni aradan qaldırmaq üçün yaxın günlərdə Milli Şuranın növbəti sessiyası çağrılmalı və təkcə həmsədrlik məsələsi deyil, bundan sonra gerçəkləşəcək fəaliyyətin əsas istiqamətləri müəyyən edilməlidir. Çünki prezident seçkilərinə qədər bu qurumda bir çox komissiyalar yaradılsa da, onlar konkret şəkildə fəaliyyətə başlamayıblar. Güman edirəm ki, Milli Şuraya daxil olan siyasi partiyalar, vətəndaş cəmiyyəti qurumları öz məsuliyyətlərini anlayaraq bütün məsələləri səbirlə və qarşılıqlı hörmət əsasında həll etməyə cəhd göstərəcəklər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Unikal”a bildirdiyinə görə, “Azərbaycan müxalifətinin radikal qanadını təmsil edən qurumların cəmləşdiyi Milli Şura Rüstəm İbrahiməyovun ideyası əsasında yaradılmışdı və prezident seçkilərini uğurla keçirtməyi qarşısına məqsəd qoymuşdu. Seçkilər başa çatıb və nəticələr də məlumdur. Yəni bu qurum öz işini başa vurub. Ona görə də siyasi məntiqə əsasən fəaliyyətini dayandırıb özünü buraxılmış elan etməlidir”.
Partiya sədrinin sözlərinə görə, “Prezident seçkilərinin nəticəsi bəlli olandan sonra qarşımızda tamamilə başqa vəzifələr durur və biz də bu vəzifələrin səciyyəsinə uyğun olaraq yeni təşkilatlanma prinsiplərini rəhbər tutmalıyıq. Fikrimcə, Milli Şura da bu reallığı nəzər almalı və siyasi səhnədən çəkilməlidir. Yeni problemlər yeni təşkilati formalar tələb edir və bu sadə həqiqəti nəzərə almayanlar yenə də uduzmağa məhkum olacaqlar”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10