Rusiya Ermənistanı silahlandırmaqla ətrafımızdakı halqanı daraldır
13:30 20-11-2013
CƏMİYYƏT
Rusiya Ermənistanı silahlandırmaqla ətrafımızdakı halqanı daraldır
Rusiya Belorusun Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirərək Qazaxıstan və Ermənistanla bu müdafiə sistemini formalaşdıracaq.
Rusiya mətbuatının verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlərin təqdim edilməsi mərasimində bildirib ki, "Bu addım Avrasiya regionunda sülhün inkişaf etməsinə yardımçı olacaq".
Putin "Qərb-2013" Rusiya-Belorus strateji təliminin uğurla keçdiyini, gələcəkdə isə Ermənistan, Belorus, Qazaxıstan və Tacikistan qoşunlarının iştirakı ilə regional qruplaşmaların yaradılması məsələsinin gündəmdə olduğunu bildirib.
Tanınmış politoloq Qabil Hüseynlinin “Unikal”a söylədiyinə görə, “Rusiya Ermənistandan istifadə etməklə bölgədə çox təhlükəli bir oyuna başlayıb. Fakt budur ki, Rusiya Ermənistanı sürətlə silahlandırıb bölgənin ən militarist dövlətinə çevirib. Hazırda Ermənistanda ən modern silahlar var və bu hərbi texnika birinci növbədə Azərbaycana, Türkiyəyə və yeri gəlsə, Gürcüstana qarşı tətbiq üçün nəzərdə tutulub”.
Politoloqun sözlərinə görə, “Son zamanlar Rusiyanın Azərbaycana qarşı münasibətlərində soyuqluq hiss edilir. Kreml Azərbaycana qarşı kinini gizlədə bilmir. Məsələn, Xəzər dənizində Hərbi Donanmanın xeyli gücləndirilməsi, Şimali Qafqaza yeni qoşun hissələrinin yerləşdirilməsi Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir. Üstəlik də Azərbaycanın qaz siyasətinə maneə olan siyasət yeridilməyə başlayıb. “Cənub Axını” qaz kəməri bir ideya kimi mövcud idi. Yalnız Türkiyə ilə iki il bundan qabaq danışıqlar olmuşdu. Azərbaycan Türkiyə ilə Azərbaycan qazının Avropaya çıxarılması üçün saziş imzaladıqdan sonra Rusiya “Cənub Axını” qaz kəmərini fəallaşdırmağa çalışdı. Tikintini başlamasa da, tikintinin başlanması haqqında simvolik bir mərasim keçirdi və Azərbaycanın Avropaya çıxaracağı qazın miqdarından daha çox və daha tez qaz çıxaracağını bəyan etdi. Azərbaycanın acığına Vladimir Putinin göstərişi ilə Ermənistanın silahlandırılması davam edir. Rusiyanın Ermənistandakı hərbi bazaları və şəxsi heyəti Ermənistan Silahlı Qüvvələrinə tabe edilib. Bu 5 milyard dollardan çox silah və qoşun heyəti deməkdir. Bu yaxınlarda da daha bir ideya irəli sürüldü ki, “Kollektiv Təhlükəsizlik Müqaviləsi”nə üzv olan ölkələrin raketdən müdafiə sistemi yaradılacaq. Yəni Ermənistan Rusiyanın raket şiti ilə müdafiə olunacaq. Bunlar hələ ki üzdə olan addımlardır Rusiya hakimiyyəti Azərbaycan daxilində qarışıqlıq yaratmaq üçün Rusiyadakı Azərbaycan diasporunun bütün işlərinə qarışır. Bütün bunlar Kremlin anti-Azərbaycan siyasətinin bir siyahısıdır”.
Hərbçi-ekspert Üzeyir Cəfərovun “Unikal”a verdiyi açıqlamaya görə, “Ermənistanın Rusiya silahını birbaşa zavodlardan alması, birgə raketdən müdafiə sistemlərinin quraşdırılması Moskvanın İrəvanı itirmək niyyətində olmamasının göstəricisidir. Moskva İrəvanı öz maraq dairəsindəki forpost ölkə, Kreml üçün vacib oyunçu olaraq görür. Rusiya əslində Ermənistana bu günə qədər qanuni və qanunsuz yollarla çoxsaylı silah-sursat verib. Bu silahlandırma illərdir ki, davam edir. Münaqişə tərəflərinə silah satılmasının qadağan edilməsilə bağlı BMT-nin qərarı və ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olmasına baxmayaraq, Rusiya illərdir ki, ikibaşlı oyunu davam etdirir. Belə bir addım Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməklə bağlı son vaxtlar səslənən bəyanatlar fonunda atılıb. Rusiyanın bu addımını Azərbaycana mesaj kimi də qəbul etmək olar. Ermənistanın iqtisadi vəziyyəti ağır olsa da, Rusiya onu birbaşa silah-sursatla təmin etməyi öz üzərinə götürür. Azərbaycan bu məsələ ilə bağlı olaraq Rusiyanın addımının ATƏT-in Minsk Qrupundakı fəaliyyətilə uzlaşmadığı barədə etirazını bildirməlidir. Rusiyanın bu addımları müqabilində Azərbaycan Türkiyənin timsalında daha yaxın hərbi müttəfiqlik münasibətləri qurmalı və Qərb ölkələri ilə sıx hərbi əməkdaşlığı genişləndirməlidir. Əks halda təpədən dırnağa qədər silahlanmış Ermənistanın qabağında tək qalmalı olacağıq”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10