Bəzi məmurların 6 milyardlıq hədəfi
13:33 20-11-2013
CƏMİYYƏT
Bəzi məmurların 6 milyardlıq hədəfi
Onlar kommunal sektoru niyə əldən vermək istəmirlər?
Xeyli müddətdir, Azərbaycanda kommunal sektorun dövlətsizləşdirilməsi gündəmə gətirilir. Bu, daha çox müstəqil ekspertlərin təklifidir. Hökumətdə də həmin məsələ müxtəlif vaxtlarda müzakirə olunsa da, son vaxtlar bunun unudulduğu hiss edilir.
Sonuncu dəfə bu ilin aprelində Prezident Administrasiyasının İqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirdi ki, Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlər dövlətsizləşdirilə bilər. Onun sözlərinə görə, bu sahədə əsas problemlər özünü maliyyələşdirmə, özünü idarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır: “Çünki indi dövlətin imkanları, vəsaitləri var və onlara çox böyük vəsaitlər verilir. Amma bu həmişə davam edə bilməz. Hesab edirəm ki, onlar artıq özünü maliyyələşdirmə, özünü idarəetmə və özünü inkişaf prosesinə keçməlidir. Bu sahədə islahatlar mütləq lazımdır”.
Bunun nə vaxt baş verəcəyinə gəlincə, müşavir bildirib ki, bu sahədə çoxsaylı problemlər var. O cümlədən, yeni mexanizmlər elə olmalıdır ki, özünü inkişaf və özünü idarəetmə sistemi yaransın. Müşavir kommunal sektorda islahatların qiymət artımına səbəb olmayacağını da qeyd edib. Onun fikrincə, qiymətlərin artırılması ilə hansısa məqsədə nail olmaq mümkün deyil, əksinə, bu addım sosial təzyiq yarada bilər. O deyir ki, islahatlar və struktur dəyişiklikləri nəticəsində isə bəzi sahələr Məsələn, lift təsərrüfatı özəlləşdirilə də bilər: “Prinsipcə bu sahənin hamısı özəlləşdirilə bilər, yəni orada heç bir məhdudiyyət yoxdur ki, hansısa sahəni özəlləşdirmək olmaz”.
V.Axundov vurğulayır ki, özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünü maliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək: “Digər tərəfdən də dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir”.
Həmin vaxt bəzi iqtisadçı-deputatlar bu barədə danışarkən qeyd ediblər ki, respublikada kommunal xidmətlərin göstərilməsində xarici ölkələrin təcrübəsi tətbiq edilə bilər.
Amma son vaxtlar kommunal sektorun özəlləşdirilməsi mövzusu yenidən arxa plana keçib. Bəzi qaynaqlara görə, kommunal sektorun beynəlxalq şirkətlərin idarəçiliyinə verilməsinə məmurların “korrupsiya iştahası” mane olur. Hesab edilir ki, özəl sektorun kommunal sektor müəsissələrini idarə etməsi onun davamlılığını artırar, büdcədən buraya milyardlarla yardıma ehtiyac qalmaz.
Müstəqil iqtisadiyyat təşkilatlarının hesablamasına görə, təkcə 2007-2013-ci illərdə dövlət vəsaitləri hesabına su təchizatı sisteminə 2 mlrd 950 mln manat, “AzərEnerji” və “Bakıelektrikşəbəkə”yə 1 mlrd 730 mln manat, “Azəriqaz”a 530 mln manat verilib. Beynəlxalq kreditlər də nəzərə alınanda bu strukturlar dövlətdən 6 mlrd manat alıblar.
Müstəqil iqtisadçı ekspertlər son günlər gündəmə gələn işçilərin maaşının artırılması üçün kommunal tariflərin artırılması zərurəti yaranması barədə maliyyə nazirinin bəyanatını əsassız sayırlar. Sual yaranır: hökumət təsərrüfat hesablı inhisarçılara hansı mülahizələrlə qaytarılmayan vəsaitlər verir, bəs indiyədək həmin yardımı kommunal sektorda özəl şirkətlərə edibmi?
Üstəlik, kommunal sektora dövlətin hesabına dəstək verilməsi vəsaitin nəzarətsiz xərclənməsi ilə nəticələnir. Məsələn, "Azərsu" zərurət olmadan ofisində bahalı təmir aparıb, aldığı bahalı minik avtomobillərinin sayı-hesabı yoxdur. Bu zaman “Azərsu” əməkdaşların maaşının azlığı barədə düşünməyib.
Daha bir dəhşətli faktı açıqlayaq. Bu yaxınlarda KİV-də yayılan sənədə əsasən, “Azərenerji” ASC ezamiyyə ehtiyacı adı ilə restoran, sauna və otellərdə çoxminli pul vəsaitləri xərcləyib.
Xatırladaq ki, hələ 2000-ci illərin əvvəlində Azərbaycan hökuməti kommunal sektorda islahat məsələsini ciddi nəzərdən keçirdi, hətta uzunmüddətli istifadəyə verməyə başladı. Bakı, Sumqayıt, Şirvan və Şəki şəbəkələri yerli və xarici şirkətlərə verildi. 2005-2006-cı illərdə investisiya öhdəliklərini ödəməmək və dövlət vəsaitlərini talamaq adı ilə müqavilələr pozuldu. Hökumətin Dünya Bankı ilə qaz və su təsərrüfatlarında islahat üzrə danışıqları dalana dirənib.
Bunun da səbəbi yuxarıda qeyd olunduğu kimi, bəzi məmur maraqlarıdır. Onlar hər il büdcədən ayrılan külli miqdarda vəsvaiti öz nəzarətlərində saxlamaq məqsədi ilə kommunal sektorun dövlətsizləşdirilməsinə qarşı çıxırlar. Nəzərə alsaq ki, bu sektordakı cəmi bir neçə qurumun son 5 ildə ixtiyarlarında 6 milyard manat kimi fantastik bir vəsait dövr edib, onda onların kommunal sahənin dövlətsizləşdirilməsinə qarşı müqavimətlərinin əsl səbəbini asanlıqla başa düşmək olar.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00