Prezident İlham Əliyev: "Kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanması mühüm əhəmiyyət kəsb edir"
12:00 21-11-2013
CƏMİYYƏT
Prezident İlham Əliyev: "Kişilərdən ibarət seçmə
komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanması mühüm əhəmiyyət kəsb edir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul etmişdir.
İnamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən Prezident İlham Əliyev bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğuladı. Dövlətimizin başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirdi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini qoyduğunu və Ümummilli Liderin ölkəmizin bütün bölgələrində şahmatın inkişafına təkan verdiyini dedi. Dövlətimizin başçısı müstəqillik illərində bu ənənənin bərpa olunaraq daha da inkişaf etdirildiyini, regionlarda ən müasir tələblərə cavab verən şahmat məktəblərinin tikilib istifadəyə verildiyini və bu intellektual oyunun kütləviliyinə nail olmaq üçün dövlətin məqsədyönlü və ardıcıl iş apardığını bildirdi.
Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan Prezident İlham Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu dedi. Dövlətimizin başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd etdi.
Avropa çempionu Şəhriyar Məmmədyarov dövlətimizin başçısı ilə hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını, şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını bildirdi. O, Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirdi. Şəhriyar Məmmədyarov bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini dedi.
Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğuladı.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirdi. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söylədi və şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğuladı.
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22