Amerika-İsrail tandemi dağılır
12:32 22-11-2013
CƏMİYYƏT
Amerika-İsrail tandemi dağılır
İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq
Birləşmiş Ştatların indiki prezidenti Obama prezident seçkilərində bildirmişdi ki, Amerikanın dövlət siyasətinin müəyyən dairələrin təzyiqindən qurtarmağa çalışacaq.
Heç kimə sirr deyil ki, müəyyən maliyyə qrupları, xüsusən də beynəlxalq yəhudi lobbisi təkcə Amerikanın deyil, bir çox dövlətlərin daxili və xarici siyasətlərinə aktiv şəkildə təsir etmək imkanlarına malikdir.
Bu da məlumdur ki, İranın nüvə proqramına münasibətdə İsraillə Amerika bu yaxınlara qədər eyni mövqedən çıxış edirdi. Lakin son dövrlər bu müttəfiqlikdə çatlar müşahidə olunmağa başlayıb.
Belə ki İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq.
Onun sözlərinə görə, İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşma zamanı hər iki dövlətin mövqelərinin üst-üstə düşməməsidir.
Liberman yeni müttəfiqlərin qarşısına qoyduqları şərtləri də bəyan edib: "Biz ərəb və islam dünyasından pul güdən ölkələrə müttəfiq olmaq istəmirik. Biz yeni müttəfiqlər axtarırıq".
Politoloq Leyla Əliyevanın "Unikal"a bildirdiyinə görə, "Obamanın Suriyaya hərbi müdaxilə planı Rusiyanın fəallğı sayəsində iflasa uğrayandan sonra Birləşmiş Ştatlar Yaxın Şərq siyasətində, xüsusən də İrana yanaşmada müəyyən dəyişikliklər etməli oldu. Amerikanın Yaxın Şərq siyasətində baş verən bu dəyişim, təbii ki, İsraili qane etmir. Çünki məlumdur ki, İranda islam rejimi formalaşandan dərhal sonra bu ölkə İsraili hədəfə götürüb və dəfələrlə rəsmi şəkildə onu məhv edəcəyi ilə təhdid edir. İranın nüvə proqramının gerçəkləşməsində nümayiş etdirdiyi ardıcıllıq və prinsipiallıq İsraili xüsusən narahat edir. Son illərdə İranın istehsal etdiyi yaxın və uzaqmənzilli raketlər İsrail üçün daha bir başağrısıdır. İran rəsmiləri dünya birliyini nüvə proqramının dinc xarakter daşdığına inandırmağa çalışsa da, İsrail bu bəyanatlara etibar etmir və hesab edir ki, İran gec-tez nüvə silahına yiyələnəcək. Bu durum isə İsrail üçün son dərəcə qorxuludur".
Politoloqun sözlərinə görə, "Ərəb ölkələrində baş verən proseslər İsraili Yaxın Şərqdə təklənmiş vəziyyətə salıb. Vaxtilə İsrailin bu bölgədə ikinci ən yaxın müttəfiqi Türkiyə idi. Lakin məlum insidentdən sonra bu iki ölkə arasındakı münasibətlər xeyli soyuqlaşıb. Obamanın İrana qarşı yeni sanksiyaların tətbiqini təxirə salması isə İsraili daha da əndişələndirib. Görünən budur ki, Yaxın Şərq bölgəsində yeni siyasi düzən formalaşıb və İsrail bu düzəndə özünü çox narahat hiss etməyə başlayıb".
Politoloq hesab edir ki, "Yaranmış situasiyada İsrail, təbii ki, özünə yeni müttəfiqlər axtarmalıdır. Zənnimcə, İsrail bundan sonra Azərbaycanla münasibətləri daha da sıxlaşdırmağa çalışacaq. Hər iki ölkənin İrana münasibətdə eyni mövqedən çıxış etməsinə imkan verən məqamlar çoxdur. Azərbaycan Rusiyaya güvənən və onun sayəsində sürətlə silahlanan Ermənistanın gələcək təhdidləri qabağında duruş gətirmək üçün ən yeni silahlar əldə etməlidir. Bu baxımdan İsrail Azərbaycan üçün yaxşı tərəfdaş ola bilər".
Vəhdət Partiyasının sədri Tahir Kərimli "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "İranın altılıq ölkələri ilə özünün nüvə proqramına dair apardığı danışıqların nəticələri və ümumən danışıqların nisbətən konstruktiv məcraya yönəlməsi İsraili qətiyyən qane etmir. Məlumdur ki, Obama hökuməti İranın Amerika banklarındakı dondurulmuş hesablarının aktivləşdirilməsi barədə qərar qəbul edib. Yəni İran ətrafındakı halqa tədricən zəifləməyə başlayır. Proseslərin bu yöndə inkişafı İsraili rahatsız etməyə başlayıb".
Partiya sədrinin sözlərinə görə, "İsrail-Amerika müttəfiqliyi tam şəkildə iflasa uğrasa, İsrail həm bölgədə, həm də dünyada özünə yeni müttəfiqlər tapmaq zorundadır. Zənnimcə, bu müstəvidə İsrailin ən yaxın müttəfiqi Səudiyyə Ərəbistanı olacaq. Bu iki dövlət zaman-zaman İrana qarşı bir sıra iddia və etirazlarla çıxış edib. Misirdə Müsəlman Qardaşları təşkilatı qanundan kənar elan ediləndən sonra İsraillə Misir arasında müəyyən yaxınlaşmalar müşahidə oluna bilər. İsrailin bölgədə üçüncü ən güclü müttəfiqi isə Türkiyənin olması mümkündür. Amma bu da məlumdur ki, Türkiyə Yaxın və Orta Şərq bölgəsində ən güclü söz sahibinə çevrilmək niyyətindədir".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33