Qarabağ probleminin həlli ilə bağlı yeni imkanlar yaranıb?
12:33 22-11-2013
CƏMİYYƏT
Qarabağ probleminin həlli ilə bağlı yeni imkanlar yaranıb?
Ermənistan Gömrük İttifaqına qoşulacağını bəyan etdi və ilk dəfə Qərbdən sərt reaksiya ilə üzləşdi
Son zamanlar bəzi müxalif siyasətçilər bu fikirdədirlər ki, "Qarabağ probleminin həlli ilə bağlı yeni imkanlar yaranıb. Bu imkanları Ermənistanın səhvi yaradıb və bundan dərhal istifadə etmək lazımdır".
Onların fikrinə görə, "Rusiyanın təzyiqi ilə Ermənistan nəhayət, seçim etdi. Rusiyanın liderlik etdiyi Gömrük İttifaqına qoşulacağını bəyan etdi və ilk dəfə Qərbdən sərt reaksiya ilə üzləşdi. Avropa Birliyi (AB) açıq şəkildə bildirdi ki, Ermənistan Gömrük İttifaqına qoşulduğu üçün artıq AB ilə Assosiasiya Sazişi imzalaya bilməz. Başqa sözlə, daha eyni vaxtda iki stulda oturmaq mümkün olmayacaq. Bu günlərdə isə AB parlamenti Azərbaycanın ərazi bütövlüyünə və BMT TŞ-nın Qarabağla bağlı qətnamələrinə növbəti dəfə öz dəstəyini ifadə etdi".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin "Unikal"a dediyinə görə, "Ermənistanın Gömrük Birliyinə qoşulmasından sonra Azərbaycanın Dağlıq Qarabağ problemini öz xeyrinə həll etmək imkanlarının yaranması barədə mülahizələr siyasi illüziyadır. Əksinə, Ermənistanla Rusiyanın getdikcə daha da sıxlaşan hərbi-strateji münasibətləri bölgədəki durumu Ermənistanın xeyrinə olaraq daha da ağırlaşdıracaq. Bizim bəzi qərbyönlü hesab edilən siyasətçilər hesab edirlər ki, Qərb dedikləri məkan böyük bir dəyənəkdir və onu götürüb Rusiya ilə Ermənistanın başına çırpıb bölgədən qovalamaq və yerlərində oturtmaq olar".
Partiya sədrinin sözlərinə görə, "Başda Fransa və İngiltərə olmaqla Qərb dövlətlərinin heç biri Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməsində maraqlı deyil. Azərbaycanın hansı problemlərlə, hansı dərdlərlə uğraşdığı da onlar üçün maraqlı deyil. Hazırda Qərb dövlətlərinin məşğul olduğu və onlar üçün həyati önəm kəsb edən daha qlobal problemlər var. Buna görə də siyasi illüziyalara qapılmağın heç bir mənası yoxdur".
Əlizadənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu birdir: o da peşəkar ordu yaradıb müharibə yolu ilə torpaqları azad etməkdən ibarətdir. Qarabağ münaqişəsinin ayrı bir həlli yolunu görmürəm. Ola bilsin, bu açıqlamalarımdan sonra bəziləri mənim zamandan geri qaldığımı, inkişaf etmədiyimi düşünsün. Amma 1991-ci ildə olduğu kimi, düşünürəm ki, Qarabağın, işğal altında olan digər torpaqlarımızın azadlığının yeganə yolu müharibədir. Hələ 1991-ci ildə "Vətən müharibəsi" modelini ortaya qoyanda, eyni zamanda, bu məsələni parlamentdə səsverməyə çıxaranda, noyabr ayında vertolyot qəzasından sonra əfsuslar olsun, "Vətən müharibəsi" modelinə keçməyə, "Hər şey müharibə üçün!", "Hər şey müharibədə qələbə üçün!", "Bütün bu təmtəraqları ləğv etmək!" deyəndə, heç kəs bizə dəstək vermədiyi kimi, səsvermədə də iştirak etmədi".
ADP sədri Sərdar Cəlaloğlunun "Unikal"a bildirdiyinə görə, Dağlıq Qarabağ probleminin həlli Beynəlxalq hüquqa, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO-nun qəbul etdiyi prinsiplərə və Beynəlxalq təcrübəyə uyğun olmalıdır. Bu zaman Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, BMT-nin Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi insan hüquqları haqqında ümumi bəyannamənin müvafiq maddələri, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, BMT Baş Assambleyasının "Dövlətlərin dostluq və BMT Nizamnaməsinə uyğun olaraq əməkdaşlığına dair Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə"si və s. Beynəlxlaq normativlər əsas götürülməlidir. Bu sənədlərə əsasən, bir dövlətin digər dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya müstəqilliyinə qarşı hərbi güc tətbiq etməsi və ya BMT Nizamnaməsi ilə bir araya sığmayan hərəkətdir. Və yaxud bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə soxulması və ya digər dövlətin ərazisinə hücum etməsi və ya hər hansı şəkildə digər dövlətin ərazisinin bir hissəsinin anneksiyası aqressiya aktıdır".
Partiya sədri hesab edir ki, "Qeyd etdiyim bütün bu sənədlər Azərbaycan dövlətinin maraqlarını qorumaq və təsbit etmək üçün yetərlidir və biz yalnız və yalnız bunlara söykənməliyik".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25