“Azercell” ətrafında yeni qalmaqallı hay-küy
12:35 22-11-2013
CƏMİYYƏT
“Azercell” ətrafında yeni qalmaqallı hay-küy
Ölkənin ən böyük mobil operatoru növbəti dəfə dörd tərəfdən kəskin ittihamlar hədəfində!
Azərbaycanın ilk və ən böyük mobil operatoru “Azercell Telekom” MMC son günlər yeni və sərt ittihamlara məruz qalır. Adıçəkilən mobil operatorun ünvanına ən müxtəlif səpkilərdə kəskin tənqidlər səslənir.
Əvvəlcə QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov “Azərcell” və BP kimi şirkətlər əməkdaşlıq təklifini iqnor edir” başlıqlı yazı ilə çıxış edib. Sözügedən məqalədə Şura yetkilisi bildirib ki, Azərbaycanda kifayət qədər transmilli şirkətlər fəaliyyət göstərsə də, onların heç biri sosial layihəyə dəstək vermirlər. Fərasət Qurbanov bu şirkətlərin sırasında “Azercell Telekom” MMC-nin də adını çəkir. O, bildirib ki, Şura transmilli korporasiyalara sosial layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürsə də, hələ ki, cavab verilməyib.
Görünür, “Azercell Telekom” MMC bu iradları kifayət qədər ciddi hesab edib və dərhal reaksiya verib. Şirkətin prezidenti Kiril Qaburiçin dünən modern.az-a göndərdiyi məktubda qarşı tərəfə cavab verilib. Qeyd edilib ki, “Azercell Telekom” MMC sosial layihələrə 17 il ərzində təqribən 13.2 milyon manat həcmində vəsait sərf edib. Bunun ardınca şirkətin dəstəklədiyi layihələr sadalanıb.
Adıçəkilən mobil operatorun ünvanına son günlərin ikinci ən sərt ittihamı isə publika.az saytından gəlib. “”Azercell”in müdhiş fırıldaqları” başlıqlı yazısında sayt, bu şirkətin ünvanına olduqca sərt ittihamlar göndərib. “”Azercell” şirkəti müxtəlif üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir. Şirkət müxtəlif tarif və kampaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1 manat və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır. Milyonlarla abonentinin olduğunu deyən “Azercell” şirkəti bu mesajları bütün abonentlərinə göndərir və onları aldadaraq külli miqdarda pul qazanır” deyə qeyd olunan yazıda daha sonra bildirilir: “Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var. Telefonda olan “Azercell” nömrəsinə gələn mesajlara diqqət edək:
”Bölgələrdə xüsusi tarifdən yararlan”!
Hər tərəfə 1 dəq=5 qəp! Üstəlik, şəbəkədaxili 3-cü dəqiqədən sonra 0 qəp. Bölgə yaz, 7575-ə göndər. Etraflı www.azercell.com”.
Bu məzmunda məktub aldıqdan sonra, “Bölgə” yazıb, “7575”-ə mesaj göndərdik. “Azercell” şirkətindən belə bir cavab mesajı gəldi: “Bölgə tarifinə qoşuldunuz! Bakı və Abseron 1dəq = 10qəp. Bölgələr 1 dəq = 5 qəp və 3-cü
dəq. sonra pulsuz. Tarifdə bəzi kampaniyalar aktiv deyil. Ətrafli: www.azercell.com”
Burada əsas məqam “Azercell”in göndərdiyi mesajdakı yalançı reklamdır. Əgər bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil deyilsə, nə üçün göndərilən ilk mesajda bu barədə məlumat verilmir?”
İttihamlar bununla da yekunlaşmır. Daha sonra əlavə edilir ki, “Azercell” şirkətinin daha bir fırıldağı internet istifadəçiləri üçün satdığı datakartla bağlıdır: “”Azercell” ilə əməkdaşlıq edən telefon dükanlarında və ya başqa satış yerlərində bu datakartların pulsuz olmasını deyirlər. Sadə vətəndaş isə “pulsuz” sözünü eşidib datakartı sevə-sevə alır. Lazım olan da, olmayan da. Ancaq bu datakart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur. Satış zamanı istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur. Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən götürülür. Bir müddət sonra datakartı işlədib-işlətməyəcəyi təqdirdə şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil edir. Beləliklə, bir datakart istifadəçiyə 95 manat məbləğə başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır”.
Yazıda bundan başqa da ittihamlar səsləndirilib; amma bu deyilənlərin üstündən artıq iki gün keçsə
də şirkət həmin sərt iddialara aydınlıq gətirməyib.
Qeyd edək ki, son günlərdə “Azercell”ə bir neçə istiqamətdən ittihamlar yönəldilib tənqidlər ünvanlanması maraq doğurur. Uzun zamandan bəri bu şirkətin mobil rabitə bazarında hegemon mövqelərdən geri çəkilməyə məcbur ediləcəyinə dair ehtimallar, informasiyalar yayılır. İndi adıçəkilən mobil operatorun ard-arda tənqid və ittiham hədəfinə çevrilməsi yada məhz həmin ehtimalları salır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:51:16
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33