Milli Məclis 2014-cü ilin dövlət büdcəsini təsdiqlədi
13:23 23-11-2013
İQTİSADİYYAT
Milli Məclis 2014-cü ilin dövlət büdcəsini təsdiqlədi
Ziyafət Əsgərovla Qüdrət Həsənquliyev söz savaşına çıxdılar
Milli Məclisin iclasında dövlət büdcəsi ilə bağlı çıxış edən maliyyə naziri Samir Şərifov siyasi partiyalara ayrılacaq vəsaitin artırılması ilə bağlı səslənən təklifə münasibətini açıqlayıb.
Nazir bildirib ki, bu vəsaiti artırmaq üçün büdcədə hər il artıq qalan vəsaiti büdcəyə keçirilə bilər. Nazir siyasi partiyalar haqqında qanunda nəzərdə tutulmuş vəsaitin artırılması ilə bağlı müzakirə zamanı onu da qeyd edib ki, ilin sonunda büdcənin təqribən 10 faiz istifadə olunmur.“Hesab edirəm ki, qanuna müvafiq dəyişiklər edilə və 10 faiz qənaət olunan vəsait büdcəyə daxil edilə bilər. Siyasi partiyalar bundan istifadə edəcəklər. Bunun üçün siyasi partiyalar haqqında qanun müvafiq dəyişiklik edilməldir”.
Bundan sonra isə Milli Məclis 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini təsdiqləyib. Azərbaycan Milli Məclisi 2014-cü ilin dövlət büdcəsi layihəsini təsdiqləyib. Layihənin lehinə 100, əleyhinə isə iki deputat səs verib.
Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi üçün Milli Məclis 3 gün dalbadal – noyabrın 12, 13, 14-də iclas keçirib.
Büdcə paketinə “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat (2014-cü il üçün proqnozlaşdırılan ÜDM-in 31,4 faizi), xərclər 20,063 milyard manat (ÜDM-in 34,3 faizi) səviyyəsində proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği artırılıb.
2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat olacaq.
“2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunda isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 100 manata çatdırılıb.
Siyavuş Novruzov:
“Sərhədçilər Naxçıvanı pis vəziyyətdə qoyur”
“İran blokada olan əraziyə yardım etmək əvəzinə problem yaradır. İndidə yüksək tonnaj məsələsini ortaya atıb”.Bu sözləri millət vəkili Siyavuş Novruzov İranın sərhədləri bağlamasına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, İran tərəfindən Naxçıvana gedilən avtomobillərin hərəkəti azaldılıb: “Blokada şəraitində olan Naxçıvanın İranın gündə bir şərt qoyması, sutkalarla camaatı sərhəddə saxlanılır. Qış gəlir, havalar soyuyur. Əhali pis vəziyyətdə qalır. Bu gün Xarici İşlər Nazirliyi İran qarşısında ciddi tələblər qoymalıdır. Bildiyimə görə, bu gün parlamentlərarası dostluq qruplarının görüşü var. İstəyirəm ki, bu görüşdə problemləri müzakirə etsinlər”. Spiker Oqtay Əsədov YAP-çı deputatın çıxışına münasibət bildirərək qeyd edib ki, sərhədlər açılıb. “Danışıqlar gedir. Yaxın zamanlarda həllini tapacaq”.
Fuad Muradov:
“QHT-lər haqda
qanun yumşaldılmalıdır”
Deputat Fuad Muradov bildirib ki, QHT-lərın dövlət qeydiyyatına alınması ilə bağlı qaydalar yüngülləşdirilməlidir. “Dövlət qeydiyyatı ilə bağlı elə sənədlər tələb olunur ki, bunlara ehtiyac yoxdur”.
Deputat qeyd edib ki, bir çox ölkədə QHT və gənclər təşkilatlarının dövlət qeydiyyatı notarius səviyyəsində aparılır. “Azərbaycanda QHT-lərin fəaliyyətinin yoxlanmasında və onların maliyyə hesabatlarının aparılmasında çətinlik yoxdur”.
Milli Məclisdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında qanun” layihəsi müzakirəyə çıxarılıb və deputat Zahid Oruc ölkədə qeydə alınmayan QHT-lərlə bağlı problemi gündəmə gətirib. Millət vəkili Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsi ilə bağlı narazılığını ifadə edib və bildirib ki, bu idarənin hansı prinsiplər əsasında işlədiyi aydın deyil.
“Hüquqi şəxslərin qeydiyyatı hansı statusda işləyir? Dövlət qeydiyyatı ilə bağlı məsələlərdə hansı prinsiplərlə işlədiyi aydın deyil”- deyən Z.Oruc qeyd edib ki, Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanda vətəndaş cəmiyyəti sektoru xeyli geri qalır.
O bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq şəxsləri parlamentə dəvət olunmalıdırlar. Onun sözlərinə görə, nazirlik rəsmiləri bu total nəzarətin nə ilə bağlı olduğunu açıqlamalıdırlar.
Azay Quliyev:
“QHT-lərin qeydiyyatı məsələsi
sadələşdirilməlidir”
“Qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələsi sadələşdirilməlidir. Artıq QHT-lərin qeydiyyatının Bakı şəhərində keçirilməsinə də ehtiyac yoxdur”.
Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə Ədliyyə Nazirliyinin regional şöbələrində QHT-lərin qeydiyyatı haqqında işlər həyata keçirilə bilər. Deputat bildirib ki, dövlətin QHT sektorunda siyasəti şəffafdır. O, prezidentin sonuncu sərəncamını xatırladaraq deyib ki, artıq QHT-lərin elektron hökumət sisteminə daxil edilməsi bu sahədə olan inkişafdan xəbər verir.
A. Quliyev QHT-lərin qeydiyyata alınmaması ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan tənqidləri də qəbul etmədiyini bildirib. “Bu məsələ tam olaraq Ədliyyə Nazirliyindən asılı deyil. Texniki və inzibati amillər də qeydiyyat məsələsini çətinləşdirir”.
Millət vəkili Aqil Abbas isə QHT-lərin qeydiyyatı məsələsinin sadələşdirilməsinin əleyhinə çıxış edib. “QHT-lərin qeydiyyatını asanlaşdırmaq problemlər yaradacaq. Ədliyyə Nazirliyi tərəfindən 3-5 günlük müddətinə QHT məsələsini həll etmək olmaz. Azərbaycanı poliqona çevirmək istəyənlər var. Kimlərinsə QHT yaratması ilə bağlı şərtlərin sadələşdirilməsi düzgün deyil”.
Oqtay Əsədov Zahid Oruca irad tutdu
Milli Məclisin iclasında deputat Zahid Oruc Gürcüstanla müzakirə olunan David Qareci kilsəsi ilə bağlı məsələnin həll olunmamasından narazılıq edib.
“Məsələ həllini tapa bilmir. Bu mənada Gürcüstan yeni hökuməti məsələyə baxmalıdır. Dəfələrlə müzakirə olsa da, status razılaşdırılmayıb. Gürcüstan strateji müttəfiqdir. Məsələ mütləq həll olunmalıdır”.
Spiker Oqtay Əsədov Zahid Orucun çıxışından narazılıq edib. “Özün Gürcüstanla dostluq qrupunun üzvüsən. Bunu gərək elə burda müzakirə edəsən? Xoşunuz gəlir hər məsələni qurdalamaqdan?!”
Deputatlar Qüdrət
Həsənquliyevlə Ziyafət Əsgərov arasında MÜBAHİSƏ
Milli Məclisin iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı mübahisə düşüb. Layihə barədə əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihə barədə söz alan deputat Qüdrət Həsənquliyev çıxışında Ədliyyə Nazirliyini sərt tənqid edib: “Əvvəlcə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm. Onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram. Eyni zamanda qeyd etmək istəyirəm ki, ictimai təşkilatların qeydiyyat məsələsində problem var. Hamıya yazırlar ki, təşkilatın adı onun məzmunu ilə bağlı deyil. Həmçinin belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər qarantiya verməlidir ki, səni qeydə alsınlar. Bu, Azərbaycanı nüfuzdan salan haldır. Mən hörmətli nazir Fikrət Məmmədov burada olarkən Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini oxudum. Əgər xüsusi xidmət orqanları buna zəmanət verməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icrası məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir”.
Bu zaman vitse-spiker Ziyafət Əsgərov onun sözünü kəsib: “Qüdrət müəllim, saxlayın. Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın, bu qədər ittiham etməyin. Əlinizdə də faktlar yoxdur, nə istəyirsiz danışırsız! Yekunlaşdırın!”
Q.Həsənquliyev də öz növbəsində deyib ki, deputat kimi istənilən məsələni qaldırmağa borcludur: “Əlimdə kifayət qədər faktlar var və əgər lazımdırsa, onları şəxsən sizə təqdim edə bilərəm”.
Z.Əsgərov yenidən Q.Həsənquliyevin fikirlərinə münasibət bildirib: “Qüdrət müəllim, İlyas İsmayılov burada qeydiyyat məsələsi ilə bağlı fikirlər işlətdilər. Burada rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll edilir. Biz məsələni burada müzakirə edirik. Amma hesab edirəm ki, müzakirələr predmetsiz getdi. Kim siyasi partiya və QHT adı eşidirsə, dərhal bu haqda danışır. Burada söhbət kommersiya qurumlarından gedir. Siyasi partiyalar və QHT-lər haqda ayrıca qanunlar var. Özü də ən liberal qanunlardır. Hesab edirəm ki, son illər ədliyyə sahəsində aparılan islahatlar ən yaxşı islahatlardandır. Fikrimcə, belə fikirlərin səslənməsi ədalətsizlikdir”.
Müzakirələrdən sonra sözügedən layihə səsə qoyularaq qəbul olunub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53