QHT-lərin qeydiyyatı asanlaşdırıla bilər
13:24 23-11-2013
CƏMİYYƏT
QHT-lərin qeydiyyatı asanlaşdırıla bilər
Milli Məclisin dünən keçirilən iclasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, “Qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələsi sadələşdirilməlidir. Artıq QHT-lərin qeydiyyatının Bakı şəhərində keçirilməsinə də ehtiyac yoxdur”.
Deputat bildirib ki, dövlətin QHT sektorunda siyasəti şəffafdır. O, prezidentin sonuncu sərəncamını xatırladaraq deyib ki, artıq QHT-lərin elektron hökumət sisteminə daxil edilməsi bu sahədə olan inkişafdan xəbər verir.
"Demokratiyanı Öyrənmə" İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov “Unikal”a bildirib ki, “Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsindən imtina üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 8.3-cü maddəsinə istinad edir. Qanunda qeydiyyatdan imtina üçün əsas kimi nəzərdə tutulan bu bənd sui-istifadəyə imkan yaradır. Bu bənddə göstərilən "Sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər Qanunvericilik aktlarına zidd olduqda" şərti konkret olmadığından icra orqanı bundan öz məqsədləri üçün istifadə edir. Ümumiyyətlə, hesab edirəm ki, QHT-lərin qeydiyyatındakı əngəllər hüquqi yox, daha çox siyasi problemdir".
M.Hüseynov son illərdə qeydiyyata alınmış QHT-lərlə bağlı statistik rəqəmləri də açıqlayıb. Məlum olub ki, bu sahədə vəziyyət son altı ildə getdikcə pisləşib: "Əgər 2006-cı ildə 548 QHT qeydiyyata alınmışdısa, 2010-cu ildə bu rəqəm 124, 2011-ci ildə isə 144 olub".
Hüquqşünas Ələsgər Məmmədli “Unikal”a bildirdi ki, “Ya qeydiyyat orqanı qanunun tələblərinə əməl edərək təqdim olunan sənədlərin yoxlanmasını tam həyat keçirmir, ya da müraciətçini müəyyən edilmiş bütün nöqsanlarla bağlı məlumatlandırmır. Bu, qeydiyyat orqanının sənədlərin yoxlanmasını birliklərin dövlət qeydiyyatına alınması yönümündə deyil, qeydiyyatdan imtina məqsədilə apardığı qənaətini doğurur. Bunun nəticəsində QHT-lərin əksəriyyəti qeydiyyat üçün dəfələrlə müraciət etməli və buna görə bir neçə il vaxt sərf etməli olurlar. Bu isə qeydiyyatı yorucu və uzun sürən bir prosesə çevirməklə bir çox qurumları növbəti müraciətlərdən çəkindirir. Bir sıra təşkilatlar bu cür problemlər səbəbindən ümumiyyətlə qeydiyyat üçün müraciət etmir. Kommersiya qurumlarının qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda ictimai əsaslarla fəaliyyət göstərən könüllü birliklərin qeydiyyatı üçün bir qayda olaraq 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün bu müddət artırıla bilir. Bundan sonra müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün təsisçilərə 20 gün vaxt verilir və onlar müəyyən edilən çatışmazlığı aradan qaldırdıqdan sonra 10 gün müddətində həmin təşkilat dövlət qeydiyyatına alınır”.
Ələsgər Məmmədli deyir ki, “QHT-lərin qeydiyyatı üçün qanunda müəyyən olunan bütün müddətlərdə yalnız iş günləri nəzərə alınır. 100 iş günü ən azı 20 həftəlik müddət deməkdir, bu da ümumi təqvim gününə çevrildikdə 140 təqvim gününə bərabər olur. Deməli, Ədliyyə Nazirliyi heç bir prosedur hüquq pozuntusuna yol vermədən QHT-ni, təxminən, 5 aya yaxın vaxtda qeydiyyata ala bilər. Praktikada bu müddətlər dəfələrlə aşılır, müraciətlər aylarla, hətta illərlə yubadılır, qeydiyyata alma həyata keçirilmir. Dövlət qeydiyyatına alınmaq istənən QHT-lərin qeydiyyatı ortalama olaraq təsisdən 8-10 ay sonra reallaşır. Qeydiyyatından imtina olunan təşkilatlar üçün bu müddət illərlə davam edir”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37