“Rusiya Dağlıq Qarabağ probleminin həllinə deyil, dondurulmasına can atır”
13:40 23-11-2013
CƏMİYYƏT
“Rusiya Dağlıq Qarabağ probleminin həllinə deyil, dondurulmasına can atır”
Qabil Hüseynli: “ Rusiya Ermənistanı dəstəkləyən əsas qüvvədir”
“Mən baş nazir Ərdoğanın nə istədiyini qətiyyən başa düşə bilmirəm. Başa düşdükdə isə
adamın ağlına çox qəribə və qorxulu fikirlər gəlir”
Yaxın bir ayda Azərbaycanı taleyüklü problemlərin sınağından keçmək gözləyir. Bölgədə gedən geosiyasi proseslər hələlik bizim xeyrimizə inkişaf etməsə də, durum o qədər ümidsiz də deyil. Bu baxımdan suallarımızı ölkənin tanınmış politoloqu Qabil Hüseynli cavablandırır.
-Qabil müəllim, son günlər Azərbaycan-Ermənistan-Rusiya-Qərb dördbucağında gərgin olaylar yaşanmaqdadır. Bu prosesləri oxucularımız üçün geniş şəkildə şərh etməyinizi xahiş edirik...
-Proseslər gərgin olsa da, indiyə qədər davam edən hadisələrin davamıdır. Yəni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqları dalana dirənmişdi. Hazırda bu prosesi ölü nöqtədən tərpətməyə və intensivləşdirməyə cəhd edirlər. İki ölkənin prezidentlərinin görüşü də bunu təsdiq edir. Prosesin konkret nəticəsinin olub-olmayacağını isə söyləmək bir qədər çətindir. Çünki bu prosesin arxasında dayanan qüvvələr beynəlxalq hüquq normalarına obyektiv şəkildə yanaşan qüvvələr deyil. Bu qüvvələrin böyük hissəsi Ermənistanın arxasında durub və onu danışıqlar prosesində destruktiv mövqe tutmağa həvəsləndirir. Buna görə də danışıqların çox gərgin və uzun sürən olacağı qənaətindəyəm. Ermənistanı müdafiə edən qüvvələr özlərini prosesə təkan verirmiş kimi göstərirlər, amma onların hər birinin özünün strateji marağı var. Rusiya Ermənistanı dəstəkləyən əsas qüvvədir. Rusiya rəsmisi bildirib ki, guya Dağlıq Qarabağ probleminə daha qarışmaq istəmirlər və prosesin gedişini iki tərəfə buraxıblar, onlar öz problemlərini həll etsinlər. Bu, həddindən artıq gülməli səslənir. Çünki Rusiya prezidentinin bu günlərdə 500 nəfərlik nümayəndə heyəti ilə İrəvana gələcəyini və bu səfərədə çox mühüm strateji məsələlərin həll ediləcəyini nəzərə alsaq, bu bəyanat, ən azından, gülməli səslənir. KTMT-nın Ermənistanda raketdən müdafiə sistemləri quraşdırılmağa başlanıb. Bu ölkəyə ilk partiya kimi çox böyük təhlükə kəsb edən silahlar yerləşdirilir. Bunlara “Skad”, “Tornado”, “Smerç” tipli raket sistemləri və eləcə də SS-400 tipli RZK və s. daxildir. Üstəlik, Rusiyanın Ermənistandakı hərbi bazasındakı şəxsi heyət iki dəfə artırılıb və ora yeni hərbi texnika gətirilib. Yəni Ermənistan sürətlə militaristləşdirilir və və bölgədə ən qabaqcıl hərbi potensiala malik olan ölkəyə çevrilir. Belə olan tərzdə Rusiyanın özünü guya neytral göstərməsi, əlbəttə ki, heç kəsi inandıra bilməz. Rusiya Dağlıq Qarabağ probleminin həllinə deyil, dondurulmasına can atır və Güney Qafqazda hökmranlığı qoruyub saxlamaq üçün bu münaqişədən çox məharətlə istifadə edir. Rusiyanın Avrasiya və gömrük birliyi ideyaları da, deyəsən, yavaş-yavaş özünə tərəfdarlar toplamağa başlayır. Ukraynanın qəflətən 180 dərəcə dönüş edərək Avropa Birliyi ilə assosiativ saziş bağlamaqdan imtina etməsi onu göstərir ki, postsovet məkanında açar funksiyası rolunu oynayan və Avropanın ürəyi sayılan Ukrayna kimi iri bir dövlət Rusiyaya tərəf meyllənsə, qüvvələr nisbətində çox kəskin dönüş yaranacaq və digər dövlətlər də tərəddüdə düşəcək. Avropa Birliyi qəflətən yaxalandığından bu istiqamətdə əks addım atmağa ya gücü çatmadı, ya da bundan sonra hansısa addımlar atacaq. Amma bu addımların nəticə verəcəyi qənaətində deyiləm.
-Bəs Birləşmiş Ştatlar niyə seyrçi mövqeyində qalıb?
-Amerika xarici siyasət sahəsində kifayət qədər passiv bir mövqe tutmaqdadır. Dünyanın yeganə supergücü öz missiyasından imtina edirmiş kimi görünür və təşəbbüsü bütünlüklə heç bir parametrinə görə Amerika ilə yarışa bilməyəcək Rusiyaya verməkdədir. Prezident Obama dünyada gedən prosesləri çox soyuqqanlılıqla müşahidə etməkdədir. Nəticə etibarilə dünyanın geosiyasi mənzərəsində çox ciddi dəyişikliklər başlanıb. Bu dəyişikliklərin aparıcı qüvvəsi yenə də Rusiya olmaq üzrədir və o özünü superdövlət kimi aparmağa başlayıb. O, dünya siyasətinə təsir edəcək ambisiya və bəyanatlarla çıxış edir, bölgələrə təhdid dolu bəyanatlar yağdırır. Bir sözlə, köhnə postsovet məkanını bərpa etmək və keçmiş SSRİ-nin təsiri altında olan bəzi ölkələri də öz tərəfinə çəkmək üçün cəhdlər edir. Həm də bu cəhdlərin bəziləri hələ ki nəticə verməkdədir. Bütün bunları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, dünya sanki birqütblü dünyadan yenidən ikiqütblüyə, yenidən soyuq küləklərin əsəcəyi, ciddi qarşıdurmaların müşahidə olunacağı bir məkana çevrilməyə doğru gedir.
-Ermənistan gətirlən müasir silahların ilk hədəfi Azərbaycan olacaqsa, ikinci hədəfi Türkiyə olacaq. Bəs Türkiyə niyə susur?
-Türkiyənin siyasəti başa düşülən deyil. Türkiyə, sözün həqiqi mənasında, çox risqli addımlar atır. Məsələn, bir tərəfdən “kürd açılımı” adı altında cini şüşədən buraxıb, o biri tərəfədən isə İraqın şimalında dövlət qurmuş kürdlərin lideri Bərzani ilə çox risqli oyunlar oynayır. Mən bu prosesə başçılıq edən baş nazir Ərdoğanın nə istədiyini qətiyyən başa düşə bilmirəm. Başa düşdükdə isə adamın ağlına çox qəribə və qorxulu fikirlər gəlir. Yəni Türkiyədə indiki mərhələdə Atatürk kursundan tamamilə fərqli siyasət yürüdülüdüyünü və eyni zamanda dövlətin bütövlüyünün təhlükə qarşısında qaldığını gördükcə adamda ürək ağrıları yaranmağa başlayır. Türkiyə Dağlıq Qarabağ probleminin həllinə də kifayət qədər dəstək vermir, yarımçıq davranır, hansı variantda olursa-olsun, Azərbaycanla Ermənistanın razılığa gəlməyini istəyir. Bu razılığın əsasında da Azərbaycanın ərazi bütövlüyü qorunacaq, ya yox, bu məsələlər Türkiyə üçün sanki önəm daşımır və buna görə də 2015-ci ildə keçiriləcək qondarma erməni soyqırımının yüz illiyini ön plana çıxardıb. Onlar çalışırlar ki, Ermənistanla sərhədləri açsınlar, Sürix protokollarını imzalasınlar. Hətta Ermənistanla diplomatik münasibətlər yaratmağa çalışırlar ki, dünyaya ermənilərlə dost olduqlarını nümayiş etdirsinlər və sübut etsinlər ki, ermənilərin soyqırımla bağlı hay-küy salmasının ciddi əsası yoxdur. Yəni bölgədə çox mürəkkəb və dolaşıq geosiyasi proseslər gedir, dövlətlərin hər biri maraqlarına uyğun olaraq öz oyununu oynamağa çalışır. Bu oyunda kimin uduzacağı hələ bəlli olmasa da, tezliklə məlum olacaq.
-Dekabrın 15-ə az qalır. Sizcə, Azərbaycan Avrasiya İttifaqına qoşulub-qoşulmamaq baxımından hansı seçim şansına malikdir? Və belə bir durumda Belorus prezidenti Lukaşenkonun Bakıya gəlməsi də müəmmalı görünür...
-Mənim zənnimcə, Belorus prezidentinin Bakı səfəri təkcə iki ölkə arasındakı münasibətlərlə bağlı deyil. Bu səfər MDB-də gedən son proseslərlə bağlıdır. Güman ki, Lukaşenko Rusiyanın tapşırığı ilə Azərbaycanı Avrasiya İttifaqı və Gömrük birliyi ilə bağlı dilə tutmağa gəlib. Lukaşenkonun bu səfərini başqa cür yozmaq mümkün deyil. Çünki indiki geosiyasi durum Rusiyanın özünə güvən hissinin artması ilə müşayiət olunur və Rusiyanın bəzi missiyaları əlinin altında olan dövlətlərin başçılarına həvalə etməsi onu göstərir ki, Rusiya artıq qabığına sığışmır və artıq Ukraynanın da sınması ilə qarşıda daha ciddi şəkildə yeni münasibətlər sistemi formalaşacaq.
-Deməli, Azərbaycan Avrasiya İttifaqına qoşulmağa məcbur olacaq?
-Bu suala birmənalı cavab vermək çətindir. Bizim üçün ən önəmli məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əgər Rusiya bu məsələdə qeyri-konstruktiv mövqeyindən əl çəkərsə, Azərbaycan Gömrük İttifaqına üzvlük məsələsində güzəştə gedə bilər. Əgər Gömrük İttifaqının, Avrasiya İttifaqının yaradılması Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün sayılmırsa, bunu Azərbaycan üçün müsbət dəyərləndirmək lazımdır. Lukaşenko vaxtilə bildirmişdi ki, Ermənistanın gömrük birliyinə qəbul edilməsi zamanı Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Nəhayət, Rusiya başa düşüb ki, qonşularla normal münasibət qurmaq istəyirsə, əgər dövlətləri öz ətrafında cəmləmək istəyirsə, hamsına eyni gözlə baxmalıdır. Amma Dağlıq Qarabağ münaqişəsi barədə Lukaşenkonun dedikləri Rusiyanın Azərbaycanı Gömrük İttifaqına üzv qəbul etmək üçün təzyiq metodu ola bilərdi. Amm son dövrlər hadisələr elə formada inkişaf etməyə başlayıb ki, Azərbaycan Rusiyanın planlarına qarşı hələlik ciddi surətdə müqavimət göstərir və çalışır ki, bu təhlükədən yan keçsin, dövlət suverenliyinə xələl gətirəcək addımlar atılmasın. Ona görə də Vilnüsdə Avropa Birliyinin assosiativ üzvlüyünə imza atmaq niyyətindədir. Azərbaycan bu addımı ata bilsə və milli təhlükəsizlik baxımından Avropadan müəyyən qarantlar ala bilərsə, proqnozlaşdırlmış variantlar baş tutmaya da bilər.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49