Tağı Əhmədov yenidən öz ampulasında
11:07 26-11-2013
CƏMİYYƏT
Tağı Əhmədov yenidən öz ampulasında
Metro “şef”i jurnalistləri niyə sancır?
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov öz ənənəsinə sadiqdir. Belə ki, ötən həftəsonu növbəti dəfə jurnalistləri “iynələdi”. Metro “şef”i bu dəfə noyabrın 23-də, həm də son yarım ayda ikinci dəfə media nümayəndəsinə qarşı kobudluğa imza atıb.
Belə ki, Bakı metrosunda gediş haqlarının artırılıb-artırılmayacağı ilə bağlı sual yenidən Bakı metropoliteninin rəisi Tağı Əhmədovu özündən çıxarıb. Tağı Əhmədov həmin sualı ünvanlayan ANS TV-nin müxbirinə sərt cavab verib. Qiymətlərin qalxması ilə bağlı suala metropoliten rəsmisi əsəbləşib: "Mənə qiymətlərin qalxması ilə bağlı sual verməyin. Ağıllı suallar verin".
Tağı Əhmədov həmçinin "28 May" stansiyasında Məhəmməd Əmin Rəsulzadənin təsviri olan mozaikanı sökülməsi ilə bağlı suala da kəskin reaksiya verib. O deyib: "Mən bu gün heç nə təsdiq etmirəm və heç nəyi də özbaşına etməyə ixtiyarım yoxdur. Ona görə, bu gün desələr orada hansı atributlar olmalıdır, onu da edəcəyik."
Bundan əvvəl isə noyabrın 8-də yenə də metrodakı qiymət artımı ilə bağlı sual ünvanlanarkən Tağı Əhmədov özündən çıxıb. O, müxbirin mikrafonunu sərt şəkildə itələyib.
Onun jurnalistlərə qarşı qəzəbli və kinayəli münasibətinin isə son illərdə başqa çoxlu örnəkləri var. Məsələn, üç il əvvəl jurnalistlərdən biri ona belə sual vermişdi: “Tağı müəllim, bu gün metroda işıqlar sönüb, qatarlar tuneldə qalıb. Bilmirsiniz vaqonlarda neçə adam qalıb?” Metro “şef”inin cavabı isə yüksək vəzifəli bir dövlət məmuruna yaraşmayan şəkildə olmuşdu. Sitat: “2,5 nəfər qalıb. Ə, mən nə bilim neçə nəfər qalıb?”
Təxminən bir il əvvəl isə onu sual yağışına tutan jurnalistlərə Metropoliten rəisinin cavabı heç bir ədəb qaydasına sığmırdı: ““Ə, bir-bir. Sənə borcum-zadım yoxdur, burcudursan. Sən ordan cızıldayırsan, bu burdan...”
Açığı, metro “şef”inin jurnalistlərə bu cür münasibətinin və onlara gah qəzəbli, gah qeyri-ciddi reaksiyalarının səbəbini anlamaq çətindir. Görünür, Tağı müəllimi həm Azərbaycanın mövcud KİV qanunvericiliyi, həm də məmurların mətbuatla münasibətlərini hansı şəkildə qurmalı olduğu yönündə ciddi şəkildə maarifləndirməyə ehtiyac var. Metro “şef”i unudur ki, Kütləvi İnformasiya Vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqinda dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Elə iki gün əvvəl ölkə başçısı KİV rəhbərləri ilə görüşündə Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd edib. O deyib ki, Azərbaycanda azad media var və dövlət onun daha da inkişaf etməsində maraqlıdır. Tağı Əhmədova dövlət rəhbərinin həmin çıxışını diqqətlə oxumağı və özü üçün lazımi nəticələr çıxarmağı tövsiyə edirik.
Ümumiyyətlə, bəzi məmurlar unutmasınlar ki, vəzifə əbədi deyil. Bu gün öz kreslolarında özlərinin əbədi oturacaqlarını zənn edənlər və buna görə də mətbuatla kobud, qeyri-ciddi rəftara üstünlük verənlər unutmamalıdırlar ki, elə bir gün gələ bilər ki, onların həmin bu mətbuata işləri düşsün. Biz indiyədək bir çox “vurulmuş” məmurların timsalında bunu görmüşük. Nə vaxtadək ki, vəzifə başındadırlar, ya KİV-dən qaçır, ya da ona qərəzli mövqe nümayiş etdirirlər, elə ki, vəzifədən uzaqlaşdılar və hansısa haqsızlığa düçar oldular, ilk üz tutduqları yer məhz qəzet redaksiyaları, bu gün mikrafonlarını itələdikləri, acıladıqları, ironiya etdikləri jurnalistlər olurlar.
İndi bunu metro rəisi Tağı Əhmədova da xatırlatmağa ehtiyac gördük. Eyni zamanda marağımızı çəkən bir sualı da qeyd etməyə bilmərik: görəsən, Bakı Metropoliteninin rəhbərini jurnalist sualları nədən bir bu qədər çox qıcıqlandırır? Xüsusən onun metroda gediş haqqının bahalaşdırılması ilə bağlı jurnalist suallarına aqressiv, kəskin reaksiyası müəmmalara yol açır. Maraqlıdır, niyə belə suallar onu həmişə özündən çıxarır? Bunun bizim bilmədiyimiz hər hansı bir səbəbi varmı?
Nəzərə alaq ki, digər iri çinli məmurlar, bəzi oliqarxlarla müqayisədə mətbuatda Tağı Əhmədovla bağlı tənqidi yazılar nadir hallarda yer alır. Amma məhz metro rəisinin jurnalistlərə qarşı kobud, sərt reaksiyalara yol verməsi anlaşılmazdır və buna son qoyulması vacibdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33