İlham Əliyevdən dövlətçilik çağırışı
12:07 28-11-2013
İQTİSADİYYAT
İlham Əliyevdən dövlətçilik çağırışı
Azərbaycanı qarşıda gərginliklər gözləyir
Prezident İlham Əliyevin son günlər atdığı bir sıra addımlar cəmiyyətdə ciddi rezonans yaratdı. İlk addım isə Məmməd Əmin Rəsulzadə ilə bağlı oldu. Demək olar ki, müəyyən səbəblərdən Məmməd Əmin Rəsulzadə az qala müxalifətin istinad nöqtəsinə çevrilmişdi və hakimiyyət düşərgəsində ona qarşı bir soyuqluq hiss olunurdu. Amma İlham Əliyevin imzaladığı sərancam bu problemi yoluna qoydu və bu siyasi qüvvələr arasında bir yaxınlaşma kimi dəyərləndirildi.
Belə ki, İlham Əliyev sərəncam imzalayaraq Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etdi. İlham Əliyevin ikinci maraqlı addımı cəmiyyətə ünvanladığı mesaj oldu. Bu mesaj yenə də cəmiyyətdə siyasi baxışlara görə parçalanmaları aradan qaldırdı. “Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər...”.İlham Əliyevin bu fikirlərini yəqin ki, analiz edəndə bir sıra məqamlar ortaya çıxır. İlk növbədə qeyd etmək lazımdır ki, bu gün istər qərb, istərsə də Rusiya hansısa formada Azərbaycana təzyiqləri artırır və bu təzyiqlər qısa zaman ərzində Azərbaycanı Ukraynanın durumuna sala bilər. Tək bunu demək kifayətdir ki, Rusiyadan bir milyondan çox miqrantın çıxarılması Azərbaycanda ciddi sosial partlayış yarada bilər ki, bundan da yalnız və yalnız xalq və dövlət ciddi ziyan çəkə bilər. Qeyd edək ki, hazırda Rusiya Azərbaycana təzyiqlərini artırmaqla ölkənin Avrasiya İttifaqına qoşulmasını istəyir. Azərbaycan rəhbərliyi isə bu məsələyə önəm vermir və bunun ölkənin müstəqilliyi üçün təhdid hesab edir. Deməli burda artıq hansısa hakimiyyətin marağından söhbət gedə bilməz və mövcud hakimiyyət, şəxsən İlham Əliyev dövlətin maraqlarını nəzərə alır. Bunun üçün isə cəmiyyətin də səfərbər olması, bu proseslərə hazırlığı lazımdır. Çünki kənar qüvvələr Azərbaycana təzyiqi artırmaq üçün daxili qüvvələrdən də istifadə etməyə hazırdır və son prezident seçkilərində bunun şahidi olduq.
Rusiyanın toruna
düşmə bəlası
Prezident seçkiləri zamanı gözlənilmədən Rusiyada yaşayan azərbaycanlı milyarderlər bir araya gəldilər və ittifaq yaratdılar. Bundan sonra Azərbaycana bu günə qədər bir qəpiklik və ya mənəvi baxımdan dəstəyi olmayan Söyün Sadıqov hərəkətə gətirildi və hakimiyyət ciddi tənqidlərə tuş gəldi. Rusiyada yaşayan milyarderlərin bu kompaniyanın üzvü olması isə təbii idi. Çünki sərvətləri Rusiyada idi və bir anın içində bu sərvəti itirə bilərdilər. Ən qəribəsi isə o oldu ki, Abbas Abbasov kimi hər zaman hakimiyyətə sadiqliyini bildirən şəxsdə Söyün Sadıqovun yanında durdu. Bunu da qeyd edək ki, bu şəxslərin heç birinin siyasi maraqları yox idi və onlar sadəcə olaraq rəsmi Kremlin oyununun oyuncağı idilər. Rusiya bu ölkədə yaşayan azərbaycanlıları səfərbər etsədə real nəticə əldə edə bilmədiyini görüb Azərbaycan daxilində də gərginlik yaratmağa çalışdı.
İbrahimbəyov dalğası
Bu məqamda aydın oldu ki, Rüstəm İbrahimbəyov müxalifətə qoşulur və Milli Şura ideyası ilə çıxış etdi. Halbu ki, bundan bir ay öncə o bəyan etmişdi ki, siyasətə heç zaman qatılmayacaq. Beləliklə də aydın oldu ki, Rüstəm İbrahimbəyov məhz Kremlin əmri ilə hərəkətə keçib. Və ilk anda bəzi müxalif liderlərini də ələ ala bildi. Düzdür Pənah Hüseynli, Arif Hacılı kimi siyasilər ilk gündən bu prosesdən kənarda durdular və açıq şəkildə bildirdilər ki, bu ssenari kənardan hazırlanıb. Amma AXCP bu ssenaridə iştirak etməkdə israrlı oldu və yalnız Müsavatın təpkilərindən sonra Rusiya ssenarisi Cəmil Həsənlinin simasında milli ssenariyə çevrildi. Bunları yada salmaqda məqsəd budur ki, Rusiyanın hansı vasitələrlə ölkədaxili siyasi proseslərə təsir etdiyini ortaya çıxaraq. Bu gün isə vəziyyət yenə gərgindir. Belə ki, Rusiya heç bir halda Azərbaycanı əldən vermək istəməyəcək və nəticədə proseslər aktivləşəcək.
Rusiyanın növbəti gedişi
Ekspertlər hesab edir ki, yaxın aylarda Rusiyanın Azərbaycana təzyiqləri daha da artacaq və ehtimal edilir ki, yenə də ölkədə ki, müxalifətdən yararlanacaq. Məsələn, son pezident seçkilərini yenidən gündəmə gətirə bilər və müxalifətə maliyyə buraxmaqla gərginliyi dərinləşdirə bilər. Açıq şəkildə qeyd edək ki, bu günün özündə də müxalifət daxilində Rusiyanın hələ də təsiri var. Bunlar nədir?
Rüstəm bəlası
İlk növbədə yenə də Rüstəm İbrahimbəyov. Hər zaman özünü demokrat kimi təqdim edən Rüstəm İbrahimbəyov bu gün Milli Şura sədrliyindən beş əlli yapışıb və təpkilərə baxmayaraq hələ də iddiasından əl çəkməyib. Bu işdə ona Eldar Namazov, Eldəniz Quliyev kimi simalarda dəstək olur. Elə bu səbəbdən Rüstəm İbrahimbəyova dayaq olan “El” hərəkatı təcili toplantı keçirtdi və yəqin ki, bu toplantının nəticələrini görəcəyik.
Rəsul Quliyev gedişi
Bu gün Rusiyanın əlində saxladığı fiqurlardan biri də Rəsul Quliyevdir. Rəsul Quliyev hələ “Əsrin sazişi” imzalanan zaman Rusiyanın yanında idi və məhz onda prezident Heydər Əliyevin təkidi və iradəsi ilə Rəsul Quliyev istəyinə nail ola bilmədi. Bundan sonra ölkədən gedən və illərdi ki, ABŞ-da yaşayan Rəsul Quliyevin artıq Rusiyanın təsirindən çıxdığını iddia etmək olardı. Amma seçkilər zamanı onun ABŞ-da Rusiya səfiri ilə görüşməsi və Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub yazması hər şeyə aydınlıq gətirir. Rəsul Quliyev açıq şəkildə Rusiyadan siyasi dəstək istəyir və hakimiyyətə gəlməsi üçün onunla birgə addımlamağı istəyir. Bu isə göstərir ki, Rəsul Quliyev indinin özündə də kifayət qədər təhlükəli fiqurdur və hakimiyyətə gəlmək üçün Rusiyanın istənilən şərtini qəbul edə bilər.
Lalə Şövkət faktoru
Rusiyanın əlində olan və sona qədər yararlanmadığı silahlardan biri də Lalə Şövkət Hacıyevadır. Düzdür xanım siyasətçinin real sosial bazası yoxdur. Amma müxalifət daxilində müəyyən gücə sahibdir və siyasi proseslərə təsir etmə imkanları var. Buda qeyd olunur ki, hazırda ALP yeni blok yaratmaq üçün hərəkətə keçib.Bunu da qeyd edək ki, Lalə Şövkətin Rusiya ilə əlaqələri haqqında ilk dəfə sərt açıqlama ilə məhz Müsavat başqanı İsa Qəmbər çıxış etmişdi.
Generalların hərəkatı
Ekspertlər hesab edir ki, Rusiya Azərbaycana təzyiq üçün Azərbaycandakı generallardan da istifadə edə bilər. Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra Rusiya ilə sıx bağlılığı olan ona qədər generalı və digər rütbə sahiblərini postlarından kənarlaşdırdı. Amma qeyd edək ki, bu generallar indi də təhlükə mənbəyi olaraq qalırlar. Çünki nazirlikdə nə qədər islahatlar aparılsada yenə də onların təsir imkanları qalır və müəyyən məqamlarda hansısa təxribatçı addımlara da əl ata bilərlər. Ekspetlər bildirir ki, Rusiya ilə siyasi bağlılığı olan qüvvələrlə nisbətdə bu qanad daha ciddi təhlükəlidirlər və bunlara mütləq şəkildə nəzarət vacibdir. Bunu da qeyd edək ki, ordu sistemində indinin özündə də Rusiya ilə sıx əlaqələri olan ciddi fiqurlar mövcuddur.
AXCP təzadlığı
Ekspertlər hesab edir ki, bu gün Rusiyanın maraqlarına uyğun addım atan ciddi qüvvələrdən biridə AXCP-dir və bu qüvvə nədənsə son bir il ərzində Rusiya perespektivinə daha çox inanırlar. Hətta indinin özündə də Rüstəm İbrahimbəyovu açıq şəkildə dəstəkləyirlər və Müsavatla da bu səbəbdən aralarında problem yaşayırlar. AXCP-in gözlənilmədən Rusiya xətti tutması isə indinin özündə də sonuna qədər anlaşılmır və elə klassik cəbhəçilərin özləri də buna etiraz edir. Bu baxımdan AXCP sədrinin ən radikal müavini olan Asəf Quliyevin də istefa verməsi məhz bu siyasi kursun dəyişməsi ilə bağlıdır.
Bütün bunları bir daha nəzərinizə çatdırmaqla göstərmək istəyirik ki, Rusiya hələ də Azərbaycandan əl çəkməyib və Azərbaycanda bu tərkibdə dayaqları var. Bu dayaqları bir mərkəzdə cəmləşdirməklə nələrəsə nail ola bilər. Müşahidəçilər bildirir ki, prezident İlham Əliyevin son açıqlaması isə məhz bu qüvvələrə bir xəbərdarlıq və cəmiyyətə mesaj kimi qəbul olunmalıdır. Hətta buda qeyd olunur ki, Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ probleminin mövcud durumu ilə bağlı iqtidarla müxalifət bir araya da gələ bilərlər. Çünki hazırda belə bir rəy var ki, Azərbaycanın Avrasiya ittifaqına üzv olub-olmaması referendimum yolu ilə həll olunmalıdır. Bunu da qeyd edək ki, bu zərərli ideyanın müəllifi də məhz Rüstəm İbrahimbəyov olub. Ekspertlər bildirir ki, hətta belə vəziyyət yaranarsa, indidən iqtidar və müxalifə birlikdə cəmiyyəti buna hazır etməlidir. Əks-halda kifayət qədər xoşagəlməyən olaylar yaşana bilər.Bunu da qeyd edək ki, Ukraynanın gözlənilməz addım atması Azərbaycanı açıq hədəfə gətirdi. Çünki Avrasiya İttifaqına qarşı dirəniş göstərən əsas ölkələr Azərbaycan, Ukrayna və Gürcüstan idi. Əslində isə Azərbaycan bu ittifaqa daxil olarsa Gürcüstanda avtomatik olaraq bu ittifaqa daxil olmalıdır. Əks təqdirdə sadəcə olaraq mövcud olmaya da bilərlər. Buna görə də bütün bu detallar ölkədə ki, aparıcı siyasi qüvvələr tərəfindən hesablanmalı və nəzərə alınmalıdır ki, hakimiyyət uğrunda savaş aparıb, bütövlükdə Azərbaycanı itirməyək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53