Məmurlardan xalqa bahalaşma zərbəsi
12:14 04-12-2013
İQTİSADİYYAT
Məmurlardan xalqa bahalaşma zərbəsi
Tox oliqarxların yenə də ac vətəndaşlardan xəbəri olmadı
Samir Əliyev: "Gəliri yalnız neftdən asılı olan bir ölkə üçün bundan başqa çıxış yolu yox idi"
Bəli, yatıb və ayıldıq və yuxudan qalxan kimi tünd qara-boz xəbər aldıq: qiymətlər qalxıb.
(Ona görə "Benzinin qiyməti qalxıb" yazmırıq ki, metro stansiyasının ağzında oturmuş dilənçidən tutmuş akademikə qədər, marşrut sürcüsündən tutmuş gününü kənd çayxanasında keçirən avara işsizə qədər hamı bilir ki, məhək daşı benzinin qiymətidir, o qalxıbsa, deməli, hər şeyin qiyməti qalxacaq. Buna görə də millətin açıq qalmış ağzına "Başqa malların qiyməti qalxmayacaq" qovudu verib nağıl-mağıl danışmaq bir az cəmiyyətlə məzələnmək təsiri bağışlayır...)
3 dekabr qəhrəmanları
Bəs günün qəhrəmanları kimlərdir? Günün qəhrəmanları benzinin qiymətini qaldırmış Tarif Şurasının üzvləridir. Buyurun, tanış olun:
Şuranın sədri: iqtisadi inkişaf naziri Şahin Mustafayev, üzvləri - maliyyə nazirinin müavini Azər Bayramov, vergilər nazirinin 1-ci müavini, Natiq Əmirov, ədliyyə nazirinin müavini Toğrul Musayev, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, nəqliyyat nazirinin müavini Musa Pənahov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev, səhiyyə nazirinin müavini - Elsevər Ağayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini Səfər Mehdiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov.
Çox əcaib və ilginc bir heyət. Maraqlıdır, görəsən, təhsil nazirinin müavini və yaxud Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini bu siyahıda hansı prinsiplər əsasında yer alıb? Və bu bəndələrin qiymətlərin artıb-azalmasına nə dəxli var?
Dünyada analoqu olmayan bir ölkədə analoqu olmayan Tarif Şurası... Oxucunu deyə bilmərəm, Tarif Şurasının bu heyəti mənə Kukla Teatrındakı fiqurları xatırladır. Hər cəhətlərilə...
Əvvəla, maraqlıdır ki, Tarif Şurasına niyə nazir müavinləri seçiliblər. Niyə qurumda nazirlərin özləri təmsil olunmurlar? Bunda məqsəd nədir? Hər hansı bahalaşma zamanı bir çox oliqarxların özlərini kölgəyə çəkdirib bütün qınaqların müavinlərinə tuşlanmasını təmin etmək? Bahalaşmanın məsuliyyətindən xilas olaraq tənqidlərin müavinlərinə yönəlməsinə nail olmaq? Elə isə oliqarx-məmurlar qətiyyən sevinməsinlər. Çünki xalqın maraqlarına zidd bu cür qərarlar zamanı onsuz da çoxluq məhz onları hədəf seçir. Hamı başa düşür ki, nazir müavinləri Tarif Şurasında formal fiqurlardır, qiymət artımlarını ilk növbədə nazirlər özləri stimullaşdırırlar.
İkincisi, görəsən, Tarif Şurasında bahalaşma lehinə səs verən nazir müavinlərinin özləri bu addımları haqqında nə düşünürlər? Onların az qala hamısı təmtəraqlı həyata malikdirlər. Lüks avtomobillərdə gəzir, dəbdəbəli imarətlərdə yaşayırlar. Buna isə əlbəttə, aldıqları nazir müavini maaşı ilə nail olmayıblar. Həmin var-dövləti necə topladıqlarından hər kəs xəbərdardır. Ona görə də bəlkə indi bu məmurlar düşünürlər ki, hər hansı 25-30 faizlik qiymət artımı boş şeydir. Amma unudurlar ki, əhalinin böyük əksəriyyəti nə korrupsiya ilə məşğuldur, nə büdcə pullarının yeyilməsi, nə rüşvət alınması ilə. Çoxluq hazırda, obrazlı desək, "qəpiyə güllə atır" və onlar üçün nəinki 25-30 faizlik, hətta 1-2 faizlik bahalaşma da ağır dərddir.
Ona görə də yalnız öz cibini düşünən və ölkədə hər kəsin sosial-iqtisadi durumunu öz sərvətləri ilə ölçən Tarif Şurasının imkanlı nazir müavinləri gərək belə kəskin qiymət artımına səs verərkən yüz ölçüb bir biçəydilər. Bahalaşma qərarından sonra onsuz da ağır sosial-iqtisadi şəraitdə yaşayan əhali çoxluğunun daha da pisləşəcək durumunu göz önünə alaydılar.
Pazın ucu
Qiymətlərin qalxacağı söhbəti çoxdandı ki, ortalıqda dolaşırdı. Yəni əvvəlcə camaatın ağzını yoxladılar, sonra isə...
(Sonrasını hələ bilmək olmaz ki, kim kimin nəyini yoxlayacaq.)
Və camaatın ağzına bələd olandan sonra 3 dekabr sürprizini təqdim etdilər.
Bəs 3 dekabra gətirən yollar haradan başlamışdı?
Oxucunun yadına salaq ki, 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri bu məsələyə toxunmuşdular. Təbii ki, bəzi xərclər artırıldığından başqa bahalaşmanı da proqnozlaşdırmaq mümkündür. Yəni 2+2=4! Yanacağın qiymətinin artması isə ərzağın qiymətlərinə də birbaşa təsir edəcək. Çünki iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orda yanacaqdan istifadə olunmasın.
Ekspertlərin fikrincə, büdcə müzakirəsi başlayarkən xeyli əvvəl verilmiş proqnozlar özünü doğrultdu. Bununla da Tarif Şurası müvafiq maddələrə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da, onun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verdi.
Eksspertlər deyirlər ki, əslində 2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız bu artımla hökümət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur. Hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinini istifadə edən hər sürücü yalnız gündəlik cari məqsədlər üçün idarə etdiyi maşının mühərrikinin gücündən asılı olaraq ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinin istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əməkhaqqını 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökümət 2 ay bundan əvvəl 10 faizlik artımı artıqlaması ilə geri almağa başladı.Neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu indiki dövrdə belə artımların davamlı olacağı şübhəsizdir.
Çörək və nəqliyyatda necə olasıdır?
Hazırda cəmiyyət iqtisadi cəhətdən elə durumdadır ki, yalnız bir tikə qarın çörəyi və gedib-gəlmək barədə fikirləşir. Çörəyin qiymətinin qalxacağı barədə hələlik söz-söhbət yoxdur. Amma çörəkbişirənlər vəziyyətdən çıxmağın yolunu çox yaxşı bilirlər. Bunu ölkədə hamı bilir. Bilirik və susuruq...
Bu yol da ondan ibarətdir ki, çörəkbişirənlər sadəcə çörəyin çəkisini azaldacqlar və buna görə də heç kim onlara "Gözün üstə qaşın var" deməyəcək. Çünki çörəkbişirənlər bu fırıldaqla hökuməti də pis vəziyyətdən çıxardacaqlar və hökumət də bu qayda ilə səbirli həmvətənlərimizə böyük bir minnət qoyacaq: "Görürsünüz, çörəyin qiymətinin qalxmasına imkan vermədik!"
Nəqliyyatın qiymətinə gəlincə isə, bizi dərhal sakitləşdirməyə çalışırlar. Belə ki Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına ümumiyyətlə müraciət olunmayıb: "Avtobuslarda gediş haqqının qaldırılması məsələsi yoxdur. Bu məsələ də Tarif Şurasının səlahiyyətlərinə aid məsələdir. Bu barədə qərar qəbul etmək onlara aiddir. Nazirlik olaraq nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Yəni hələ ki, nəqliyyatda gediş haqqının artırılması gözlənilmir" .
Hələ ki...
Alimlər yuxudadırlar...
Və yaxud toxun acdan nə xəbəri?
Qəribədir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun ölkədə benzinin qiymətinin artmasından xəbəri yoxdur.
İnstitutun direktor müavini Allahyar Muradov lap heyrətlənib: "Qiymət artıb ki? Mənim xəbərim yoxdur. Artıbsa da, deməli, buna əsas varmış".
Bu fakt isə ondan xəbər verir ki, ölkə iqtidsadiyyatı elmi əsaslarla idarə edilmir. Sadəcə, kimin kefi nə istəyirsə, onu da edir.
Samir Əliyev:
"Bu, qaçılmaz idi"
İqtisadçı ekspert Samir Əliyevin "Unikal"a dediyinə görə, "Benzinin qiymətinin qalxması dünya bazarında neftin qiymətinin azalacağı proqnozları ilə bağlıdır. Hökumət, sadəcə, bu proqnozları qabaqlamaq üçün qiymətləri qaldırdı. Gəliri yalnız neftdən asılı olan bir ölkə üçün bundan başqa çıxış yolu yox idi".
Ekspertin sözlərinə görə, "Qiymətlərin bundan sonra da qalxmasının qabağını almaq mümkün olmayacaq. Su, kommunal xərclər, işıq pulları da mütləq qalxacaq. Vaxtilə "Barmek" şirkəti fəaliyyətdə olarkən işıq pulu sahəsində bir sabitlik yaranmışdı. Amma o şirkəti biabırçı halda ölkədən qovdular. Proses ona doğru aparır ki, Bakı şəhəri yalnız və yalnız varlılar üçün olacaq və kasıblar daha bu şəhərdə yaşaya bilməyəcəklər. Ən qorxulusu budur ki, ölkə iqtisadiyyatında idarəolunmaz durum yarana bilər və bunun əlamətləri artıq indidən görünür".
Bizi qarət etdilər
Bəli, bizi bir gecədə qarət etdilər. Benzinin qiyməti, təxminən, 30% qaldırıldı. Bu o deməkdir ki, dekabrın ikisində 200 manatı olan ailə başçısı 3 dekabr səhəri yuxudan oyananda onun ailə büdcəsindən 60 manat oğurlanmışdı...
Oğrular isə bəllidir...
Məzahir Avşar
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32