Xarici kəşfiyyatın məmur ovu
12:08 23-04-2014
İQTİSADİYYAT
Xarici kəşfiyyatın məmur ovu
Elnur Aslanovdan başlanan dalğanın ləpələri sahilə yaxınlaşır
ABŞ-in məhşur kəşfiyyatçılarından birinin gündəliyindən-"Qarşındakına istədiyini o həddə qədər verki sənin istəyəcəyini tərəddüdsüz sənə versin".
Uzun illər sovetlərin DTK-in sədri olmuş Andropovun dediyindən-"Hədəfin xidmətində o zamana qədər dayanın ki, o artıq sizsiz bir addım belə atmağa risk eləməsin".
Zamanında deyilmiş bu sözlər son bir neçə ay ərzində Azərbaycanda kifayət qədər özünü doğrultmağa başlayıb.Ən azından ona görə ki, prezident seçkilərindən sonra ölkənin xüsusi xidmət orqanları daha da aktivləşərək milli təhlükəsizliyə xələl gətirə biləcək proseslərin izinə düşməklə yanaşı, həm də artıq profilaktik tədbirlərə start veriblər. Bir müddət öncə prezident İlham Əliyev müşavirələrin birində məmurların vətənə sədaqət prinsiplərinə səbəbsiz olaraq toxunmayaraq demək olar ki, qabaqlayıcı xəbərdarlığını etmişdi :-" Bir daha demək istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcək". Ekspertlər onda belə şərhlər bildirdilər ki, son zamanlar bir sıra məmurlar üçün vətənə,dövlətə sədasqətlilik prinsiplərində kölgəli məqamlar yaranıb və bu bəyanat ona işarədir. Maraqlıdır, həqiqətənmi bu gün müəyyən məmurlar hansısa ölkənin maraqlarına daha çox xidmət edirlər və bunun kökündə nələr durur? Gəlin bunları ardıcıllıqla təhlil edək.
İqtisadi asılılıq
Bu gün dünya artıq silahlarla yox, iqtisadi rıçaqlarla idarə olunur. Məhz bunun səbəbidir ki, son 20 il ərzində dövlətlərarası gərginliklərdə artıq silahlar yox, iqtisadi embarqolar danışır ki, nəticə də göz qabağındadır. Sözsüz ki, bu keyfiyyət müəyyən dövlətlərin xüsusi xidmət orqanlarının da maraqlarını cəlb edir və bu üsuldan fərdi müstəvidə də istifadə olunur. Bunun üçün sadəcə olaraq hansısa ölkənin ciddi məmurlarının ölkədışı biznes şəbəkəsi yaratmasına göz yummaq kifayət edər. O cümlədən Azərbaycanda bəzi məmurlar da məhz bu torun içindədirlər və sözsüz ki, fəsadlarda göz qabağındadır. Elə uzağa getməyib götürək baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu. Hələ vəzifəsində olarkən Abbas Abbasov demək olar ki, bütün biznesini ölkədən kənara çıxartmışdı və əsas dayanacaq nöqtəsi Rusiya idi. AST Telman-Abbas Abbasov-Ziya Məmmədov üçbucağı haqqında hələ illər öncə də söhbətlər gedirdi və üçlüyün Rusiyada nəhəng biznes strukturu yaratdıqları söylənilirdi. Sözsüz ki, Rusiya bu biznes şəbəkəsindən xəbərdar idi və hər zaman onların daha da Rusiyaya bağlanmasını təmin edirdilər. Nəticə isə göz qabağındadır. Abbas Abbasov üçün vətən artıq Rusiyadır. Çünki milyardlarla manatlıq sərvəti Rusiyadadır və ən azından bu sərvəti qorumaq üçün bu ölkənin maraqlarını təmin etməlidir. Bu nümunə sözsüz ki, bu gün vəzifədə olan digər məmurlarada şamil edilməlidir. Bunu da qeyd edək ki, bu praktikadan əsasən şərq dövlətlərinin məmurlarına qarşı daha total şəkildə istifadə olunur.
Aldadılan gənclik
Müasir dünyada xüsusi xidmət orqanlarının ən çox maraq göstərdiyi obyektlərdən biri də gənclikdir. Son 20 il ərzində possovet məkanında qərb və ABŞ xüsusi xidmət orqanlarının əsasən gəncliyə daha çox üstünlük verdiyinin şahidi oluruq və əksər hallarda qısa zaman ərzində bunun nəticəsini də görürlər. Hələ 10 il öncə Ukraynada narıncı inqilab zamanı bunun şahidi olduq. Qərbin maliyyə dəstəyi ilə bu ölkədə "PORA" gənclər hərəkatı yaradıldı və qısa zaman ərzində hakimiyyət dəyişikliyinə nail oldular.Eyni praktika Gürcüstanda da tətbiq olundu və Saakaşvili hakimiyyətə gətirildi. Bunu da qeyd edək ki, eyni ssenari dəfələrlə Azərbaycanda da tətbiq olunub və indi də bu proses davam etdirilir. Amma Azərbaycanda daha maraqlı məqamlarla üz-üzə gəlirik. Belə ki, son zamanlar gündəmə gələn prosesləri təhlil edəndə görürük ki, xüsusi xidmət orqanları Azərbaycanda tək müxalifətdə olan gənclərlə iş birliyində olmayıblar. Onlar eyni zamanda bitərəf gənclərlə, həmçinin hakimiyyətə yaxın sayılan gənclərlə də ayrı-ayrılıqda iş birliyində olublar. ABŞ-in keçmiş dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı gənclərlə görüşü zamanı nədənsə bu detala önəm verilməmişdi. O, zaman məlum oldu ki, Hillari Klinton müxalifət gəncləri ilə yanaşı hakimiyyətin gələcək sosial bazası hesab edilən "İrəli" ictimai birliyinin o zamankı sədri, millət vəkili Ceyhun Osmanlınıda qəbul etdi. Bu günlərdə isə məlum olur ki, Elnur Aslanovun kurasiyasında olan və hakimiyyətin gələcək sosial bazası hesab edilən "İrəli" ictimai birliyi ABŞ və qərb tərəfindən milyonlarla manat dəyərində qrantlarla maliyyələşirmiş. Bu isə özlüyündə məlum qüvvələrin gələcək də istifadəsi üçün nəzərdə tutulubmuş. Ən maraqlısı isə budur ki, Elnur Aslanov komandası tək qərb və ABŞ-dakı hansısa QHT-lər vasitəsi ilə yox, həm də xüsusi xidmət orqanlarının nəzarətində olan Fətullah Gülən komandasının strukturları tərəfindən də maliyyələşirmiş. Bu isə hakimiyyət içərisində paralel hakimiyyətin yaranmasının başlanğıcı idi. Təsəvvür edin , Elnur Aslanov hakimiyyət düşərgəsində internet mediyaya, gənclər təşkilatlarına nəzarət edirdi. Və hər iki sahə xarici xüsusi xidmət orqanlarının nəzarəti ilə formalaşır və növbəti 10 ildən sonra bu baza hakimiyyətin müxtəlif strukturlarında tam yerləşərək paralel hakimiyyət missiyasını yerinə yetirəcəkdi. Bundan başqa Elnur Aslanov Prezident yanında Strateji Araşdırmalar Mərkəzi kimi kifayət qədər strateji bir nöqtəni ələ keçirir və bu yolla prezidentin çıxaracağı qərarlara bir başa təsir etmə şansı qazanır. Əgər bu proseslərin üstü zamanında açılmasaydı, növbəti on ildən sonra nələrin olduğunu açıq şəkildə görmək mümkün idi.
Beyin mərkəzlərinin
konflikt məhsulları
Son zamanlar baş verən prosesləri təhlil edəndə aydın olur ki, bu gün Azərbaycanda maraqlarını həyata keçirtməyə çalışan xüsusu xidmət orqanları həm də cəmiyyətin radikal kəsimi üzərində tam nəzarət yaratmağa çalışırlar. Bura həm siyasi baxımdan radikallıq edən təbəqə, həm də dini radikalizmə meyilli olan qüvvələr daxil edilir. Amma proseslərə kənardan baxanda görünür ki, Allahı qəbul etməyən radikallarla, Allah yolunda cihad elan etdiyini deyən radikallar eyni marağa xidmət edir- ölkədə siyasi gərginliyi artırmaq. Ekspertlər hesab edir ki, son yüzilliyin dəyişən ən böyük texnologiyalarından biri də budur ki, hədəfi kənar müdaxilələr olmadan daxildən parçalanmaq. Son prezident seçkilərində də bunun şahidi olduq ki, istənilən an ölkədə bir-birini qəbul belə etməyən qüvvələr kənar təsirlə bir araya gələ bilirlər. Bu isə sözsüz ki, kifayət qədər təhlükəli bir məsələdir. Çünki məhz bu nəzarətdənkənar qüvvələrin formalaşması daha ciddi təhlükələr yarada bilər.
Əks-effektli güclər
Sözsüz ki, Azərbaycan da ətrafında baş verən proseslərə sadəcə seyrçi mövqedən yanaşmır və lazımi tədbirlər həyata keçirilir. Amma bəzi məqamlarda aydın olur ki, əslində hakimiyyətin elə qolları var ki, proseslərə mənfi təsir belə göstərməkdədirlər. Bu baxımdan parlamentin fəaliyyətində bəzi millət vəkillərinin atdığı addımlar, müəyyən əlaqələrə sahiblənmələri əslində kifayət qədər mənfi yüklü proseslərin baş verməsinə təsir edir. Məsələn, aparılan araşdırmalar sübut etdi ki, Ceyhun Osmanlı kimi millət vəkili əslində Fətullah Gülən tərəfdarlarının əlində bir vasitə olub. Və yaxud Etibar Hüseynov kimi millət vəkili adi bir açıqlaması ilə cəmiyyətdə sözsün həqiqi mənasında regional müstəvidə parçalanma yaratmağa yaxın oldu. Bundan başqa bu gün hakimiyyət düşərgəsində elə oliqarx-məmurlar var ki, artıq onlar istər kapital resursları ilə, istərsə də siyasi iddiaları ilə ümumkomanda sistemindən kənara çıxmalar edirlər ki, əslində bunlar kənar qüvvələrin ovu rolundadırlar. Ekspertlər buna görə hesab edirlər ki, hakimiyyət kadr islahatlarını daha da sürətləndirməli və yeni mərhələyə keçid etməlidirlər. Bunu da unutmayaq ki, 2015-ci ildə ölkədə parlament seçkiləri olacaq və həmin zaman basdırılmış lal minaların partlayışının şahidi ola bilərik. Ekspertlər hesab edir ki, məhz bu səbəbə görə indidən real addımlar atılmalıdır. Çünki bu parlament seçkilərində oliqarx-məmurlar mərkəzdən daha çox qaçacaqlar və hər biri parlamentə daha çox öz nəzarətlərində olan şəxsləri daxil etməyə çalışacaqlar. Bu isə gələcəkdə , həssas məqamlarda qanunverici orqanın qeyri-rəsmi fraksiyaların arasında parçalanması ilə nəticələnəcək. Başqa cür desək parlamentə daha çox öz himayəsində olan şəxsləri yerləşdirən oliqarx-məmur da sifarişçi rolunda iştirak edəcək. Ekspertlər bunu da bildirir ki, adətən parlament seçkilərində qərb və ABŞ daha çox aktivləşərək,Milli Məclisə özlərinə yaxın şəxslərin daxil olmasına cəhd edirdilərsə, bu dəfə əsas təzyiq Rusiyadan gələcək. Əslində son prezident seçkilərində Rusiya "Milyarderlər İttifaqı"nı yaratmaqla bir məşq etdi və bu məşq parlament seçkilərində ciddi nəticələr əldə etməyə hesablanıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53