Ukrayna Rusiyaya nota verdi
12:10 23-04-2014
İQTİSADİYYAT
Ukrayna Rusiyaya nota verdi
Krım tatarlarının liderinə 2019-cu ilə kimi şok qadağa qoyuldu
Ukrayna Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Rəsmi Kiyev Cenevrədə Ukrayna münaqişəsinin həll edilməsi ilə bağlı əldə edilən razılığın şərtlərinə əməl edilməsinə dair Rusiyaya nota verib. Bu barədə Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Andrey Deşiça rəsmi Twitter səhifəsində yazıb.
"Rusiya Xarici İşlər Nazirliyinə Cenevrə danışıqları ilə bağlı nota göndərdik. İndi söz Rusiyadadır", Andrey Deşiça bildirib.
Qeyd edək ki, aprelin 17-də Cenevrədə Ukraynada qarşıdurmalar zamanı tərəflərin bir-birlərinə qarşı zor tətbiq edilməməsi barədə razılıq əldə olunub.
Onu da bildirək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın indiki hakimiyyətinin Cenevrə danışıqların kobudcasına pozduğunu bəyan etmişdi.
Bu arada Krım tatarlarının lideri, Ukrayna Ali Radanın deputatı Mustafa Cəmilovun 2019-cu il 19 aprel tarixinə qədər Krıma girişi qadağan edilib. unian.net saytının verdiyi məlumata görə, dünən səhər saatlarında M.Cəmilov Krım Tatar Məclisinin sədr müavini Ömər Kırımla birlikdə Krımdan deportasiya olunub.
Ona Ukrayna ilə Krımın inzibati sərhədində "Rusiya Federasiyasına girişin qadağan olunması haqqında xəbərdarlıq Aktı" verilib. Ona təqdim olunan sənəddə qeyd olunub ki, bu addım ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təminatı, ictimai asayişin qorunması məqsədilə atılıb.
Cəmilovun sözlərinə görə, Krımın ərazisinə giriş həmçinin bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və diplomatlarına da qadağan edilib. O, qadağaya baxmayaraq, Krıma gələcəyini bildirib.
Qeyd edək ki, Krım tatarlarının lideri hazırda Ukrayna vətəndaşı sayılır. Ukrayna və ya Rusiya vətəndaşlığını seçmək üçün krımlılara verilən müddət isə 18 aprel tarixində başa çatıb.
M.Cəmilov açıqlamasında bildirmişdi k, Rusiya vətəndaşlığını seçməyən krımlılar kütləvi şəkildə işdən çıxarılır.
Ukraynada
azərbaycanlılardan
ibarət alay yaradılır
Kiyevdə Ukraynada yaşayan azərbaycanlıların forumu keçirilib. Forumda Ukraynanın ərazi bütövlüyü və Azərbaycan icmasının Ukraynanın ictimai-siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə dair məsələlər müzakirə edilib.
Forum iştirakçıları Ukraynada fəaliyyət göstərən Azərbaycan icmasının bir təşkilat altında birləşdirilməsi və Ukraynanın ərazi bütövlüyü və süverenliyinin müdafiəsi üçün ukraynalılarla birlikdə mübarizə aparmaq barədə razılığa gəliblər. Bildirilib ki, Ukraynanın müdafiəsinə dəstək vermək üçün azərbaycanlılardan ibarət alay yaradılmalıdır.
Qeyd edək ki, hazırda Ukraynada yaşayan azərbaycanlıların sayı 500 mindən çoxdur.
ABŞ Ukraynaya
5 milyard dollar
xərclədiyini etiraf etdi
1991-ci ildə Sovet imperiyasının dağılmasından bəri ABŞ Ukraynaya 5 milyarda yaxın pul xərcləyib. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avsasiya üzrə köməkçisi Viktoriya Nuland CNN telekanalına müsahibəsində bildirib.
"Bu pullar onların da marağında olan Ukrayna xalqının güclü, demokratik hakimiyyətə olan ümidlərini dəstəkləməyə xərclənib" - deyə Nuland bildirib. Bununla yanaşı dövlət katibinin köməkçisi qeyd edib ki, vəsait Maydanın təşkilinə xərclənməyib.
Onun sözlərinə görə, hazırki Ukrayna hökuməti onların qarşısında dayanan iki əsas tapşırığın öhdəsindən əla gəlir. Birinci tapşırıq Beynəlxalq Valyuta Fondu ilə münasibətlər qurmaq və antikorrupsiya islahatı aparmaq, ikinci tapşırıq, ölkədə azad və ədalətli seçkilər keçirməkdir. Bununla yanaşı Nuland bildirib ki, Ukraynanın şərqindəki vəziyyəti nəzərə alaraq Ukrayna seçkilərin dinc şəraitdə keçirilməsini təmin etməlidir.
ABŞ Putinə sanksiya
tətbiq edəcəkmi?
ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya prezidentinə sanksiya tətbiq etməyi hələki nəzərdən keçirmir. Bunu ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki deyib.
"ABŞ ayrı-ayrı insanlara olduğu kimi, şirkətlər və iqtisadiyyatın müxtəlif sektorlarına da sanksiya tətbiq edə bilər. Amma məqsəd sanksiyalar deyil, eskalasiyadır. Məmurların siyahısı nəzərdən keçirilir. Hətta prezident Putini müzakirə etməzdən əvvəl, daha çox sanksiyalar tətbiq oluna bilər" - deyə Psaki "Tvitter"dən "Exo Moskva" radisuna müsahibəsində qeyd edib.
Dövlət departamentinin nümayəndəsi həm də qeyd edib ki, Vaşinqton Moskvanın Ukraynanın cənub-şərqindəkı vəziyyətlərə müdaxilə etməməsi haqqındakı bəyanatlarına inanmır və Rusiyaya tətbiq edilən sanksiyaların təsir qüvvəsinə əmindir.
Keçən həftə dördtərəfli danışıqlarda iştirakçılar Ukraynada vəziyyətin nizamlanması ilə bağlı "gərginliyin azaldılması üçün konkret addımlar" birgə bəyanatlar qəbul edib.
Xüsusilə, tərəflər Ukrayna ərazisində qeyri-qanuni silahlı birləşmələri onları tərksilah etmək və işğal olunmuş binanı azad etmək haqqında razılaşıb.
Ukraynada ATƏT
nümayəndələri
Slavyanskın "xalq meri" ilə görüşdü
ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri Ukraynanın Slavyansk şəhərinin "xalq meri" Vyaçeslav Ponomaryov ilə görüş keçiriblər. "İnterfaks"agentliyinin verdiyi məlumata görə, iki saatlıq görüşdə şəhərdəki vəziyyət müzakirə olunub.
Görüş zamanı Ponomaryov və onun silahdaşlarının Cenevrə razılaşmalarını necə yerinə yetirəcəkləri, Slavyansk şəhərinin qanuni meri Nelya Ştepanın saxlanılmasının təfərrüatları barədə söhbət aparılıb.
"Biz bu gün eşidib-gördüklərimiz haqqında ATƏT-ə üzv olan 57 ölkəni məlumatlandıracağıq", - təşkilatdan bildirilib.
Aprelin 21-də ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri Slavyanskdakı vəziyyətlə tanış olublar, yerli əhali ilə söhbət ediblər.
Putinin əcdadları
kim olub?
Rusiya prezidenti Vladimir Putin kənd ərazilərinin genişləndirilməsi üzrə Dövlət Şurasının iclasında bildirib ki, sənədlərə əsasən onun əcdadları kəndli olub və 17-ci əsrdən Tver quberniyasında yaşayıblar. Bu barədə Rusiya KİV-i xəbər verib.
"Arxiv sənədlərindən mənə dəqiq məlumdur ki, mənim əcdadlarım 17-ci əsrin birinci yarısından indiki Tver vilayəti ərazisində yaşayıb və kənddə işləyiblər. Hesab edirəm ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti kimi onlar da kəndli olublar" -deyə Putin bildirib.
Prezident bəyan edib ki, buna görə də o, kəndlərlə yaxından maraqlanır.
İclas zamanı genetik köklərin müəyyən edilməsi üçün amerikalı mütəxəssislərin cəlb edilməsi təklifi irəli sürülüb. "Amerikalı mütəxəssislərə müraciət etməyə ehtiyac yoxdur. Çünki onların orada nə yazacağı məlum deyil və ən yaxşı halda bizim soykökümüzün banisi ayı olacaq" - Putin bildirib.
Öz növbəsində LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski bəyan edib ki, o da bu məsələni araşdırıb. Jirinovskinin sözlərinə görə, onun Napoleon və Albert Eynşteynlə ortaq kökləri var.
Krıma görə Putinin
şərəfinə qəpik hazırlanır
Krımın Rusiyaya birləşdiriliməsinə görə Vladimir Putinin şərəfinə xatirə qəpikləri hazırlanır.
Qəpiklərin ön tərəfində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin barelyefi, arxa hissəsində isə Krım yarımadasının konturları əks olunacaq. Artıq istehsalına başlanmış qəpik bir ovuc boydadır və çəkisi 1 kiloqramdır. "Krım-2014" kolleksiyası 25 gümüş və qızıl suyuna çəkilmiş qəpikdən ibarətdir. İlk qəpik aprel ayının 23-ü hazır olacaq.
İddia: "Rusiya bu halda Qafqaz və Orta
Asiyadakı münaqişələri idarə etməli olacaq"
2013-cü ilin noyabrında Ukraynanın Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalamaqdan imtina etməsindən sonra proseslərin inkişafı arzuolunmaz hal aldı. Bu addım Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi və Rusiya ilə münasibətlər kritik həddə çatdı.
Dünya hazırda ikinci "soyuq müharibə" mərhələsindədir, Krım isə Rusiyaya birləşdirilib.
Harvard Universitetinin ptofessoru Rober Kaplan "Coğrafiyanın qisası" kitabında Rusiya prezidenti Vladimir Putinin Avropa coğrafiyasının imtina etmədiyini yazıb.
Müəllifə görə, əksinə Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın Qərb istiqamətində siyasətinin canlandığını göstərir. R.Kaplan hesab edir ki, bu siyasətin uğurla həyata keçirilməsi Rusiyaya Avropada mühüm rol oynamağa imkan verər və eyni zamanda onu demokratik islahatlara olan ehtiyacdan xilas edərdi.
"Ukrayna strateji dövlətdir. Coğrafi nəzarət baxımından Ukrayna Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Ölkənin cənubunda Qara dəniz, Qərbində isə SSRİ-in keçmiş əlaltıları yerləşir. Buna görə də müstəqil Ukrayna Rusiyanın Avropada irəliləyişi üçün ciddi maneə təşkil edir", - R.Kaplan kitabında yazıb.
Müəllif Ukraynanın Mərkəzi və Şərqı Avropa arasında sərhəd mövqeyini tutduğunu bildirir: "Sbiqnev Bjezinskinin fikrincə, Ukraynasız Rusiya "Asiya imperiyası" olaraq qalacaq. Ukraynasız Rusiya yalnız Qafqaz və Orta Asiya dövlətləri arasında olan münaqişələri idarə etməli olacaq. Ukraynanın zəbt edilməsi (rəsmi və ya faktiki) ilə Rusiya 46 milyon əlavə insan alacaq və ona Avropada çəkisi olan bir fiqur olmağa imkan verəcək. Bjezinski iddia edir ki, sonuncu halda Polşa coğrafi ox olacaq. Hələ Napaleon müharibələri dövründə başlanmış Rusiya və Avropa arasındakı mübarizə indi də davam edir. Kommunizm dağıldı, amma Rusiyanın təbii qazı avropalılara lazımlıdır. Bu qazın yarısı isə Ukrayna vasitəsilə ixrac olunur. Avstraliya xüsusi xidmət orqanlarının analitiki Pol Dibbin hesab etdiyi kimi, dirilən Rusiya strateji sahənin canlandırılması üçün qeyri-stabillik strategiyasından tamamilə istifadə edə bilər. 2008-ci ildə Gürcüstana müdaxilə də göstərdi ki, Putin Rusiyası status-kvonun arxasında dayanmır".
Ukrayna satdığı qazın qiymətini endirməklə Rusiyanın Qara dəniz donanmasının icarə müddətinin uzadılmasına nail olduğunu qeyd edən Harvard Universitetinin professoru Rusiya qazından olan asılılığının aradan qaldırılması bir sıra addımların atıldığını qeyd edib. O, bütün bunlara baxmayaraq, Rusiyanın təsirinin azaltmaq istiqamətində atılan addımların istənilən nəticə verəcəyini düşünür: "Xəzər qazının Cənubi Qafqaz, Türkiyə və Balkanlar vasitəsilə Mərkəzi Avropaya çatdırılması layihəsi mövcuddur. Bununla paralel olaraq Rusiya Qara dənizin dibi üzrə sualtı qaz kəmərlərinin tikilməsinə hazırlaşır. Türkmənistana gəlincə, o təbii qazını Rusiya vasitəsilə ixrac edir. Beləliklə, təchizatçıların diversifikasiyası həyata keçirilsə belə, Avropanın təchizatı Rusiyadan asılı olacaq. Ona görə də əvvəlki kimi Avropanın gələcəyi Şərqdəki hadisələrlə sıx bağlıdır".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53