Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı həbs edildi!
11:10 24-04-2014
İQTİSADİYYAT
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı həbs edildi!
Vitse-admiral vəzifə saxtakarlığı və mənimsəmədə ittiham olunur
Müdafiə Nazirliyinin hazırkı generallarından bəzilərini də təhlükə gözləyir
Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov tutulub. Hərbi mənbələrdən verilən məlumata görə, Ş. Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
Qeyd edək ki, Ş. Sultanovun saxlanması barədə ilk xəbəri tanınmış hərbi ekspert Üzeyir Cəfərli facebook sosial şəbəkəsindəki statusunda yazıb. O etibarlılığına şübhə etmədiyi hərbi mənbəyə istinadən bildirib ki, "ötən gün (srağagün - red.) hüquq-mühafizə orqanları tərəfindən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində istintaq işlərinə cəlb edilib. Ortada olan təkzibedilməz faktlar və sübutlar əsasında yaxın saatlarda onunla bağlı çox mühüm qərarın qəbul edilməsi gözlənilir. Mənbənin deməsinə görə, Şahin Sultanovla yanaşı MN-nin bir neçə sabiq və indiki generalları da istintaqa cəlb edilib və onların da ifadəsi alınıb".
Bundan bir neçə saat sonra isə artıq Şahin Sultanovun saxlanıldığına dair müxtəlif informasiya mənbələri məlumat yayıblar.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yaymışdı. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edirdi. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilirdi.
Eyni zamanda HDQ-nin bir neçə hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Şahin Sultanovla bağlı başlayan prosesin miqyası yaxın vaxtlarda genişlənə bilər. Hazırda da görəvdə olan bəzi Müdafiə Nazirliyinin generalları ilə bərabər, sabiq müdafiə naziri Səfər Əbiyevin də başı üzərində təhlükə buludlarının dolaşmağa başlaması istisna edilmir.
Qeyd edək ki, üç gün əvvəl, HDQ-nin Hidroqrafiya bölməsinin keçmiş rəisi, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs qətimkan tədbiri seçildikdən sonra bəzi hərbi ekspertlər Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun da məsuliyyətə cəlb edilmə ehtimalını yüksək qiymətləndirməyə başladılar. Artıq bu ehtimal özünü doğruldub.
Məsələn, hərbi ekspert Üzeyir Cəfərli bildirmişdi ki, "Şahin Sultanov qanunsuz hərəkətləri özbaşına etmədiyini bildirib. Komandanın tabe olduğu birbaşa rəis Səfər Əbiyev idi. Şahin Sultanovu bu qanunsuz addımları atmağa sövq edən də keçmiş müdafiə naziridir. Ona görə də Əbiyevin də həbsi gündəmə gələ bilər".
Artıq proseslərin bundan sonra həmin istiqamətdə inkişaf etməsi qaçılmaz görünür. Hər halda görünən odur ki, Şahin Sultanovun həbsi ilə sabiq nazirin ətrafına qarşı həmlənin ən ciddi mərhələsi start götürüb və bu mərhələnin məhz Əbiyevdə bitməsi ehtimalı yetərincə yüksəkdir.
Gəlin prosesləri qabaqlamayaq və gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53