Məmurların kompromat savaşı
11:29 25-04-2014
İQTİSADİYYAT
Məmurların kompromat savaşı
Əli İnsanovla, Fərhad Əliyevin aqibətini kimlər yaşayacaq?
Son günlər dövrü mətbuatda bir sıra oliqarx-məmurların övladları ilə, özlərilə bağlı ilginc məlumatlar dövrü mətbuatda işıq üzü görməkdədir. İlk baxışdan belə rəy yaranır ki, Azərbaycan jurnalistikasında intibah dövrü başlayıb və kütləvi şəkildə Azərbaycan mediası araşdırma jurnalistikasına keçid edib və bu səbəbdən belə canlanma müşahidə olunur. Həmçinin hadisələrin gedişini təhlil edəndə belə rəy yaranır ki, bu hələ ki, başlanığıcdır və daha effektli araşdırmalar öndədir. Bəs əslində nə baş verir?
Çayın necə axdığını görübsünüzmü?
Amerika yazıçılarının birinin romanında maraqlı bir parçanı yada salmaq istəyirəm. Deməli, bir rəssam nə qədər maraqlı rəsm əsərləri çəksədə Paris elitası onun rəsmlərinə maraq göstərmir. Günlərin biri jurnalist dostu ona təklif edir ki, mənasız abstrak rəsm əsərləri çəksin və sərgi təşkil etsin.O, isə mətbuatda onun əsərlərini tərifləyəcək və bununla da uğur qazanacaq. Rəssam qorxur və deyir ki, ondan şəkillərin mənasını soruşsalar nə desin? Jurnalist öyrədir ki, sərgidə kim səndən rəsmin mənasını soruşsa qəlyandan bir qullab al və tüstüsünü üzünə üfürərək, deki "sən heç görübsən çay necə axır?". Rəssam bunun nə demək olduğunu soruşanda jurnalist deyir ki, mənası yoxdur. Nə isə, düşündükləri kimi edirlər, mətbuatda yazı dərc olunur və sərgi açılır. Fransa elitası sərgiyə gəlir. Heç kəs rəsmlərin mənasını başa düşməsə də özlərini başa düşmüş kimi aparır, arada rəssamdan əsərdə nə demək istədiyini soruşanda rəssam qəlyandan bir qullab alıb onların üzünə üfürərək deyir:-"Siz heç görübsünüzmü çay necə axır?". Cavabda isə hamı "dəhşət, dəhşət"-deyərək rəssamı alqışlayırlar. Qısa müddətdə rəssamın şöhrəti artır və jurnalist dostu ona deyir ki, gəl indi bunları barmağımıza doladığımızı açıb deyək. Rəssam isə qəlyandan bir qullab alıb deyir:-"Sən heç görübsən çay necə axır?". Bu parçanı ona görə yada saldım ki, bu gün Azərbaycan jurnalistikasında durduğu yerdə birdən-birə araşdırmaya maraq artmayıb və ortada ciddi nə isə araşdırmada yoxdur. Sadəcə olaraq bu dəfə Azərbaycan jurnalistikasına qəlyan verib və "siz heç görübsünüzmü çay necə axır?"-sualını verməyi öyrədiblər. İlk variant budur və hesab edirəm ki, bunun kökündə sadəcə olaraq kompromat savaşı dayanır.
Oliqarxların toqquşması
Bu gün dövrü mətbuatda olan canlanma göstərir ki, hakim düşərgədə hansısa qüvvələr bir-birinə savaş elan ediblər və mətbuatın imkanlarından istifadə olunur. Bunu da qeyd edək ki, zaman-zaman dövrü mətbuatda belə proseslər olub və ən yüksək həddə müdaxilələrdən sonra bunun qarşısı alınıb. İndi isə proses yenə qızışıb və bunun kökündə bir sıra məqamlar dayanır.
Öncə kim getməlidir?
Prezident İlham Əliyev prezident seçkilərindən sonra açıq şəkildə bəyan etdi ki, kadr islahatları həyata keçiriləcək və korrupsiya əleyhinə mübarizə daha da gücləndiriləcək. Həqiqətən də qısa zaman ərzində ona qədər icra hakimiyyəti başçısı görəvindən kənarlaşdırıldı və bu proses davam etdiriləcək. Ona görə ki,
1. Bir sıra məmurlar kifayət qədər oliqarxlaşıblar və mərkəzdənqaçmaya meyillidirlər
2. Prezident İlham Əliyevin formalaşdırdığı çevik komanda da bürokratik yanaşmalarına və yaşlarına görə lazımı həddə aktivlik göstərə bilmirlər
3. Özlərindən aslı olmayaraq siyasi iddiaları formalaşıb və bu iddialar daha çox ölkədışından idarə olunur
4. Cəmiyyətlə aralarında bir uçurum yaranıb
5. Toplumda onlara qarşı bir aqressiya formalaşıb
Bu səbəblər isə kifayət qədər ciddi səbəblərdir və sözsüz ki, nəzərə alınır. Bunu məlum oliqarx-məmurlarda yaxşı bilir və buna görə müəyyən manevrlər edirlər. Bu manevrlər nədən ibarətdir? Hollivud filmlərində gördüyünüz kimi hər zaman iki polis nümunəsi olur,yaxşı polis və pis polis. Hazırda oliqarxlaşmış məmur toplusuda cəmiyyətdə özlərindən yaxşı və pis məmur düşərgəsi yaratmağa çalışırlar və bu məqsədlədə mətbuata çeşidli kompromat materiallar ötürülür. Məqsəd isə postda daha çox qalmaq, özündən zəifləri qurban vermək. Ən maraqlısı isə budur ki, bir tərəfdən qarşıdakını qurban verərək özünü qorumaq istəyən bəzi oliqarx-məmurlar, həm də qurban verəcəkləri şəxslərin kapitalını da ələ keçirtmək üçün manevrlərini davam etdirirlər. Əslində burda ən müsbət keyfiyyət budur ki, belə addımlarla özlərini daha çox ifşa edir və nəticədə təmizlənmə prosesi daha aktiv şəkildə həyata keçiriləcək.
Bu mövzuya hələ ki, qayıdacağıq, indi isə gəlin məmur övladlarının durumuna baxaq.
Atanın ərköyün
balaları
Bu gün siyasətdə yenə də "atalar və oğullar" problemi yaşanır. Amma fərqli müstəvidə. O müstəvidə ki, oğullar ataların qəniminə çevrilib. Buda başqa bir mövzudur, amma burda diqqəti çəkən məqam budur ki, bu gün hakim düşərgədə təmsil olunan oliqarx-məmurların müəyyən hissəsinin övladları sadəcə olaraq tüfeyli bir həyat tərzi yaşayır və bu tüfeylilik valideyinin keyfiyyətini ortaya çıxarır. Hər gün dövrü mətbuatda hansısa məmurun övladının 100-200 min manatlıq maşınla avtoxuliqanlıq etdiyi qeyd olunur. Amma unuduruq ki, avtoxuliqanlıqdan öncə ki, xuliqanlıq budur ki, 100-200 min manatlıq maşını atası hansı pulla övladına alıb? Deməli açıq şəkildə görünür ki, bu gün məmurların gəlir deklorasiyası təqdim etməsinin zamanı çatıb. Həm də aydın olur ki, bu gün balaların törətdiyi bu əməllər məqsədli şəkildə kənardan da idarə olunaraq ciddi qarşıdurmalara gətirib çıxara bilər. Necə ki, İsmayıllı olaylarında Füzuli Ələkbərovun oğlunun əməli az qala üsyanla nəticələnmişdi. Burdan isə belə nəticə çıxır ki, əslində məmur övladları həm də basdırılmış mina kimidilər və istənilən an partlayışla nəticələnə bilən hadisələr törədə bilərlər. İndi isə qayıdaq kompromat savaşına.
İdarəolunmaz proses
Bu gün baş verən kompromat savaşının təhlükəli məqamlarından biri də budur ki, proses nəzarətdən çıxa bilər. Çünki bu prosesdə sözsüz ki, xarici qüvvələrində maraqları var və bu olayları öz məqsədləri üçün istiqamətləndirə bilərlər. Xatırlayırsınızsa hələ bir müddət öncə bir sıra beynəlxalq təşkilatlar belə bir hesabat yaydılar ki, Azərbaycanda bəzi oliqarx məmurlara məxsus silahlı qüvvələr var və istənilən an onların toqquşması baş verə bilər. Əslində bu hesabata bir anons kimi də yanaşmaq lazımdır və həqiqətən də müəyyən qüvvələrin təhriki və istiqamətləndirmələri ilə mətbuatda savaşan bəzi oliqarxlar real həyatda da üz-üzə gələ bilərlər ki, buda sonunda nəzarətdən çıxma ilə tamamlanar. Ekspertlər hesab edir ki, buna görə həssaslıq artırılmalı və kompromat savaşının bu qədər uzanmasının qarşısı alınmalıdır. Bunu da qeyd edək ki, hadisələr elə bir mərhələə baş verir ki, ölkədə gülənçilərə qarşı mübarizə aparılır və onlarında arxasında müəyyən oliqarxlar dayanır. Məhz gülənçilər dövriyyədən çıxmaq üçün bu kompromat savaşını daha da alovlandıra bilərlər. Çünki bunun üçün əllərində kifayət qədər resurslarda var. Götürək elə qonşu Türkiyəni. Bir ayın içərisində gülənçilər demək olar ki, hakimiyyəti devirməyə çox yaxın idilər və mövcud hakimiyyət bütün gücünü səfərbər edərək yerində qala bildi. Bu gündə gülənçilər ölkədə ki, bu proseslərdən istifadə edərək müəyyən qarşıdurmalar yarada bilərlər.
Keçmişə qayıdış
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk dövrlər idi. Demək olar ki, o zaman üçün oliqarxlaşmış bir sıra nazir və məmurlar müstəqil siyasət həyata keçirtməyə çalışırdılar və cəmiyyətdə də bir çaşqınlıq yaratmışdılar. O zaman ilk müşavirəsini keçirən İlham Əliyev bildirdi ki, hansı nazir siyasətlə məşğul olmaq istəyirsə istefa verərək siyasətə keçsin. Bunu da qeyd edək ki, o zaman hətta icra başçılarıda özlərini hansısa siyasi cərəyanın az qala lideri hesab edirdilər. Amma İlham Əliyevin bu xəbərdarlığına ciddi yanaşılmadı və qısa zaman ərzində Əli İnsanov, Fərhad Əliyev kimi şəxslər həbsə getdi, Əli Nağıyev, Sirus Təbrizli kimi təpədən-dırnağa siyasiləşmiş nazirlər istefaya göndərildi. Bu gün isə deyəsən tarix təkrarlanır. Hazırda elə nazirlər var ki, yenə də özlərini Azərbaycanın xilaskarı, hansısa siyasi cərəyanın liderləri hesab edirlər. Görünür İlham Əliyevin son müşavirədə "harınlamış məmurlar"- deməsinin də kökündə bu durur və mərkəzdənqaçmaya qarşı sərt asddımlar atılacaq.
Yeni mərhələyə
hazırlıq
Ekspertlər bunu da bildirir ki, mövcud hakimiyyət ciddi şəkildə nəsl dəyişikliyinə də start verəcək. Çünki qarşıdan parlament seçkiləri gəlir və hazırda parlamentdə təmsil olunan millət vəkillərinin keyfiyyəti və imici qaneedici deyil. Məsələn, Gülər Əhmədovanın həbsi, Ceyhun Osmanlının gülənçilərlə əlaqəsi, 4 il ərzində bir dəfə də olsa danışmayan deputatlar, danışanda Etibar Hüseynov kimi gülünc durum yaradan deputatlar parlamentin imicinə ciddi zərbə vurub. Buna görə də hakimiyyət istənilən halda kadr dəyişikliyinə getməli, yeni komanda formalaşdırmalıdır. Bu baxımdan məmurların bir-birini ifşa etməsi sadəcə olaraq həm də işləri asanlaşdırır. Bir müddətdən sonra yəqin ki, daha "siz heç görübsünüz çay necə axır?"-sualını verən tapılmayacaq.
Son olaraq bunu da qeyd edək ki, bu gün regionda baş verən proseslərdə unudulmamalı və Azərbaycanın yox, kənar güclərin maraqlarını güdən simalarda nəzərə alınmalıdır. Çünki zamanı çatanda bu simalarda mövcud dövlətçilik üçün real təhlükə mənbəyinə çevriləcəklər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20