Ukraynada daha bir şəhər separatçılardan azad edildi
Ukraynada daha bir şəhər separatçılardan azad edildi

Slavyanskda yenidən silahlar işə düşdü: ölən və yaralananlar var

Ukrayna milisi Donetsk vilayətinin Mariupol şəhər şurasına nəzarəti təmin edib. Bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.

Mariupol şəhər şurasına təxminən 10 gün idi ki, rusmeylli qüvvələr nəzarət edirdilər. "Meri binası normal iş üçün azad edilib. Mer artıq içəridədir", - A.Avakov deyib.
Daxili işlər naziri binanın azad edilməsi əməliyyatında insan itkisinin olmadığını söyləyib.

Ukraynanın Slavyansk şəhərində
atışma başladı: ölən
və yaralananlar var

Ukraynanın şərqində yerləşən Slavyansk şəhərində atışma başlayıb. Rusiya saytlarının verdiyi məlumata görə, şəhərdə özünümüdafiə qüvvələrinin bir neçə postu atəşə tutulub.
Hazırda şəhərin kənarında döyüşlər gedir. Ölən və yaralananların olduğu bildirilir.
Şəhərdə mobil rabitə işləmədiyindən orada baş verənlər barədə ziddiyyətli məlumatlar yayılmaqdadır.

Artemovskda
hərbi hissəyə maskalılar hücum etdi

Ukraynanın Artemovsk şəhərindəki hərbi hissəyə hücum olub. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin Regional Tibb Mərkəzinin rəhbəri Dmitri Qorbunov bildirib.
Onun məlumatına görə, hərbi hissənin ərazisinə 50 nəfər maskalı silahlı şəxs soxulub.
Bundan dərhal sonra hərbi hissənin şəxsi heyəti həyəcan siqnalı ilə ayağa qaldırılıb. Atışmadan sonra maskalı silahlılar geri çəkilıiblər. Silahlı insident nəticəsində bir nəfər ukraynalı əsgər yaralanıb.
Hadisə yerinə Donetsk şəhər Prokurorluğu əməkdaşları gəlib. Təhqiqat aparılır.

Rusiya Ukraynaya
məxsus
vertolyotu vurub?

Ukrayna Müdafiə Nazirliyinə daxil olan məlumata görə, naməlum şəslər Donetskin Kramatorsk şəhərində Mi-8 vertolyotuna atəş açılıb. Vertolyotun Daxili İşlər Nazirliyinə aid olduğu bildirilir.
Ölən və yaralananların olmadığı hadisədə, Ukrayna mətbuatının məlumatına görə, helikopterə avtomatdan atəş açılıb. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, vertolyotun Rusiyameyilli qüvvələr tərəfindən vurulduğu iddia edilir.

Timoşenko separatçılarla görüşə getdi

Ukrayna prezidentliyinə namizəd, keçmiş baş nazir Yuliya Timoşenko Luqanskda Təhlükəsizlik Xidmətinin vilayət binasını ələ keçirən separatçılarla danışıqlar aparmaq niyyətindədir.
Ukrayna KİV-i bildirir ki, "Batkivşina" partiyasının lideri bu məqsədlə aprelin 24-də Luqanska gedib. Onun bu dəqiqələrdə separatçılarla görüşə getdiyi bildirilir. Məqsəd
Təhlükəsizlik Xidmətinin binasını zəbt edənlərin boşaltmasına nail olmaqdır. Qeyd edək ki, bundan əvvəl Timoşenko yubanmadan Luqansk vilayətində fövqəladə vəziyyət elan olunması təklifi ilə də çıxış edib.

Lavrov: "ABŞ və
Avropa Birliyi
Ukraynadan "piyada"
kimi istifadə edir"

ABŞ və Avropa Birliyi Ukraynada növbəti "rəngli inqilab"a cəhd edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Qlobal Universitet Forumu-2014-də çıxış edən Rusiya XİN başçısı bildirib ki, ABŞ və Avropa Birliyi Ukraynada qanunsuz hakimiyyət dəyişikliyi əməliyyatı keçirməyə cəhd ediblər: "Gəlin, açıq danışaq. Ukraynadan sadəcə istifadə olunub. Bu ölkədən geosiyasi oyunda "piyada" kimi istifadə etmək cəhdləri davam edəcək".

Ukraynada 25
təxribatçı tutuldu

"Ukraynada 25 nəfər təxribatçı qrup üzvü tutulub". Bu barədə ölkədə yayımlanan "Şuster Live" telekanalına müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş rəhbəri İqor Smeşko xəbər verib.
Onun sözlərinə görə, tutulanlar Rusiya Kəşfiyyat İdarəsi (RKİ) nəzdində fəaliyyət göstərən Baş Qərargahın xüsusi hərbi hazırlıq keçmiş zabitləridir. "Əgər UTX bu barədə rəsmi məlumat yayıbsa və zabitlərin cinayət əməlləri sübuta yetirilərsə, onda bu məlumat çox ciddi agentura mənbələrinin apardığı yüksək keyfiyyətli işin nəticəsidir" -deyə, sabiq UTX rəhbəri açıqlamasında qeyd edib.

Kanada Ukraynaya 500 müşahidəçi göndərəcək

Kanada Ukraynaya mayın 25-də baş tutacaq seçkiləri izləmək üçün 500 müşahidəçi göndərəcək. Bu barədə Kanadanın baş naziri Stiven Harper bildirib.
Məlumata görə, 338 nəfər müşahidəçi seçkilərdə müşahidəçi missiyasında iştirak edəcək. Daha 162 nəfər Kanada nümayəndəsi ATƏT-in müşahidəçilərinə qoşulacaq. Bu müşahidəçilərdən 12-i parlament nümayəndəsi olacaq.
Bundan əvvəl Kanada baş naziri Stiven Harper bildirmişdi ki, Polşaya Ukraynadakı böhranla əlaqədar hava sərhədlərinin qorunması məqsədilə 6 ədəd CF-18 qırıcı təyyarəsi göndərəcək.

Ukrayna ordusunda
qiyamlar başlayıb?

Rusiya mətbuatı belə bir iddial ilə çıxış edib ki, Dnepetrovsk vilayətində ehtiyatda olan hərbiçilər qiyam qaldırıb. Saxlanma çəraitinə etiraz əlaməti olaraq hərbiçilər aclıq aksiyasına başlayıblar.
İnternetdə 93-cü Xarkov bölüyünün qiyamını göstərən video yayılıb. Etriazçı əsgərlər əmrə tabe olmaqdan imtina edirlər. Onlar öz xalqının nümayəndələrinə atəş açmayacaqlarını bəyan ediblər.
Məlum olduğu kimi Ukraynada səfərbərlik elan olunub. Minlərlə Ukraynalı evindən, işindən ayrılaraq orduya qoşulub.
Əsgərlər 10 günlük səfərbərlik elan olunduğu halda, artıq 40 gündür məcburən saxlandıqlarından, bununla yanaşı qida və içməli su çatışmazlığından sikayətçidirlər. Onlar həm də əvvəlki iş yerlərindən də qovulduqlarını deyirlər.
Qiyamın yatırılmasına bir qrup maskalı əsgərlər cəlb olunub. Onlar etirazçı əsgərləri hər tərəfdən mühasirəyə alıb, qaçmalarına əngəl olmağa çalışıblar.
Hərbi hissənin zabitləri qiyamçı əsgərləri qorxutmaq üçün atəş açıblar.
Hadisə ilə bağlı video internetdə yayılandan sonra Ukrayna Müdafiə Nazirliyi açıqlama verməli olub.
Müdafiə Nazirliyinin Regional Mərkəzinin mətbuat xidmətinin bəyanatı istehza ilə qarşılanıb. Bildirilib ki, heç bir qiyam olmayıb, əsgərlərin qohumları Pasxanı qeyd etməyə gələrkən özləri ilə onlara spirtli içki də gətiriblər. "Bir neçə içkili şəxsin arasında dava düşüb. Əsgərlərdən biri yerə atəş açıb. Xoşbəxtlikdən yaralanan yoxdur. Hazırda araşdırma aparılır " – deyə mətbuat xidmətindən bildirilib.
Videoda isə atəş açanın zabit olduğu görünür. Zabitlər əsgərləri qaçmaq istədikləri halda atəş açacaqları ilə hədələyiblər.
Daha sonra isə mətbuat xidməti birinci verdiyi açıqlamaya düzəliş edərək, baş verənlərin əslində təlim olduğunu və əsgərlərin qiyam variantını yerinə yetirdiklərini bildirib.
Bu isə ehtiyat əsgərlər və qohumları tərəfindən istehza ilə qarşılanıb. Onların hökumət əleyhinə rusmeylli federallaşma tərəfdarlarına qoşulacaqları da istisna edilmir.

Kənan Rzaquliyev