Sakit okean isinir: ABŞ Yaponiyanı müharibəyə itələyir
11:36 25-04-2014
İQTİSADİYYAT
Sakit okean isinir: ABŞ Yaponiyanı müharibəyə itələyir
Pekinlə Tokio arasında adalara görə gərginlik hər keçən gün artır
ABŞ Yaponiyada Senkaku, Çində isə Dyaoyu adlandırılan mübahisəli adaları qorumaqda Tokioya yardım edəcək. Xarici mətbuatın verdiyi məlumata görə, bu barədə Yaponiyada səfərdə olan ABŞ prezidenti bu ölkənin baş naziri Şinzo Abe ilə görüşdən sonra bildirib.
"Senkaku adaları Yaponiyanın nəzarəti altındadır. Həmin adaların mühafizəsi ABŞ və Yaponiya arasında imzalanan Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Andlaşmasının beşinci maddəsində də təsbit olunub", - B.Obama vurğulayıb. ABŞ prezidenti Çin və Yaponiya arasında yaranmış hazırkı gərgin vəziyyətin davamını yanlış adlandırıb və iki ölkə arasında normal münasibətlərin yaradılacağına əminliyini ifadə edib. Yaponiya baş naziri də öz növbəsində, Yaponiya və ABŞ-ın gücün köməyi ilə hazırkı vəziyyətin dəyişdirilməsinə yönəlik istənilən hərəkətlərə qarşı duracağını bildirib.
Xatırladaq ki, sözügedən müqavilə 1960-cı ildə imzalanıb. ABŞ müqavilə ilə Yaponiyanın təhlükəsizliyinə zəmanət və ABŞ hərbi kontingentinin Yaponiyanın ərazisində yerləşməsinə icazə verir. Müqavilənin beşinci maddəsinə görə, tərəflərdən hər biri müttəfiqə qarşı istənilən hərbi təcavüzü özünə edilən təcavüz kimi qiymətləndirir.
Çin və Yaponiya arasında adalara görə gərginlik hər keçən gün artır. Bu gərginlik Şərqi Çin dənizində Yaponiyanın iddia etdiyi adaları da əhatə edən bir sahənin Çin tərəfindən ötən il "hava müdafiəsi tanıtma bölgəsi" elan edilməsindən sonra daha da artıb.
Çinin düşüncə mərkəzlərinin mütəxəssisləri Sakit okeandakı mübahisəli adalar mövzusunda ABŞ-ın təhlükəli oyun oynadığına diqqət çəkir. Mütəxəssislər Çin ilə Yaponiya arasındakı mübahisəli adalar mövzusunda ABŞ-ın davranışlarının nəzarətdən çıxa bilən bir oyun olduğunu bildirərək bu davranışın sonda ABŞ-a zərər verəcəyi xəbərdarlığı edirlər.
Çinin Dyaoyu, Yaponiyanın Senkaku adlandırdığı adalarla bağlı mübahisə iki ölkəni dəfələrlə müharibə vəziyyətinə gətirib. Rəsmi Pekin adalar böhranında geri addım atmayacağı istiqamətində vaxtaşırı mesajlar verir, Yaponiya isə ABŞ-ın dəstəyinə arxalanaraq mövqeyini gücləndirməyə çalışır. Adaların tarixi və beynəlxalq hüquq baxımından ona aid olduğunu vurğulayan Yaponiyanın iddiasına qarşılıq Pekin rəhbərliyi adaların qədim dövrlərdən Çinə aid olduğunun bildirir.
Çin və Yaponiya arasında münasibətlərdə illərdir ki, əhəmiyyətli bir gərginlik səbəbi olan mübahisəli adalar məsələsi 2010-cu ilin sentyabr ayında Çin balıqçı gəmisinin Yaponiya sahil təhlükəsizlik gəmisi ilə gərginlik yaşaması və çinli kapitanın həbs olunması ilə yenidən gündəmə gəlmişdi. Rəsmi Tokio iddia edir ki, mübahisəli adaları bu adaların sahibi olduğu bir yapon ailədən alıb.
Pekin isə alqı-satqı əməliyyatının heç bir etibarlılığının olmadığı bildirir.
Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Elmlər Akademiyasına bağlı olan Milli Müdafiə Siyasəti Mərkəzi tərəfindən bir müddət əvvəl açıqlanan bir hesabatda Çinin Yaponiya ilə mümkün bir qarşıdurma ehtimalına toxunulub. Hesabatda mərkəzin mütəxəssisləri Asiya-Sakit okean bölgəsinin coğrafi və hərbi rəqabət baxımından "yeni qlobal mərkəz" halına gəldiyini vurğulayırlar. Çin və Yaponiya arasında mümkün bir qarşıdurma ehtimalına toxunan Asiya-Sakit Okean Araşdırma Mərkəzinin rəhbəri son illərdə ABŞ-ın Asiyaya yönəlik strategiyası və artan regional qarşıdurmalar nəticəsində Çinin ətrafındakı təhlükəsizlik vəziyyətinin əslində kompleks və qeyri-müəyyən hala gəldiyini söyləyib.
Vaşinqtonun Çini ABŞ-ın regional və qlobal üstünlüyünə potensial təhlükə olaraq gördüyünü deyən çinli ekspertlər hesab edir ki, ABŞ Pekinin artan iqtisadi və siyasi nüfuzunun qarşısını almaq üçün bölgədə qeyri-müəyyən vəziyyətin yaranmasında maraqlıdır. Qeyri-müəyyən vəziyyətin qalmasında isə Çinin qonşu ölkələrlə olan ərazi mübahisələrin ABŞ-ın əlinə yaxşı fürsət verdiyi bildirilir. Ekspertlər ABŞ-ın maraqlarına xidmət etməyən silahlı qarşıdurmanı görmək istəmədiyini də ifadə edirlər.
ABŞ-ın bölgədə vəziyyətə nəzarət etmək üçün tarazlıq oyunu oynadığını deyən Çindəki Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Çin-Yaponiya münasibətləri mütəxəssisi Vu Cinan Vaşinqtonun Pekin ilə Tokio arasındakı mübahisəli adalar mövzusunda tərəf olmadığını dəfələrlə söyləməsinə baxmayaraq, adaların ABŞ-Yaponiya arasında imzalanan Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Andlaşmasının 5-ci maddəsində yer aldığını ifadə edir. "Adalar problemi ABŞ tərəfindən qızışdırılır" deyən Vu Cinan həm Çin, həm də Yaponiyanın bölgədə yaşanacaq irimiqyaslı bir müharibə vəziyyətində böyük əvəzlər ödəmək məcburiyyətində qalacağını söyləyib.
Çin baş naziri Li Ketsyan ötən ilin mayın 26-da Almaniyaya səfəri zamanı bəyan etmişdi ki, Yaponiya Çin ərazilərini "oğurlayıb" və 1945-ci ildə özünün qeyd-şərtsiz təslim olması barədə Podstam bəyannaməsini qəbul etməsinə baxmayaraq, onları geri qaytarmaq istəmir. Li Ketsyan bununla bağlı bildirib ki, Çin üçün dünyanın müharibədən sonrakı nizamının təməl prinsiplərini pozmaq qəbuledilməzdir. Yaponiya hökuməti isə Çin baş nazirinin bəyanatını kəskin tənqid edərək "Bu cür yanaşma tarixin təhrif olunması deməkdir. Biz heç bir halda onunla razılaşa bilmərik",- söyləmişdi.
Pekindəki Renmin Universitetinin Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Huanq Dahui isə Çin ilə Yaponiya arasındakı problemlər zəncirinin maraqlar qarşıdurmasından daha çox güc tarazlığının bir nəticəsi olduğunu bildirir. Mərkəz direktorunun sözlərinə görə, Çin Yaponiyanı keçərək dünyanın ən böyük ikinci iqtisadiyyatı olduğundan Yaponiya Çini təhdid olaraq görür.
Ömər Dağlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53