Ukraynada savaş səsləri yüksəlir
Ukraynada savaş səsləri yüksəlir

Ölkənin şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək

Ukraynanın şərqindəki xüsusi əməliyyat bir neçə mərhələdə həyata keçiriləcək. Bu ğarədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini Viktoriya Sümar bildirib.

"Xüsusi əməliyyat davam etdiriləcək. O bir neçə mərhələdə həyata keçiriləcək. Biz onları açıqlaya bilmərik. Bugünkü əməliyyat bu mərhələlərdən biri olub. Bu mərhələdə qarşıya qoyulan vəzifə həll olunub", deyə o bildirib.
Bu arada məlum olub ki, Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki hava limanında Mi-8 helikopteri partlayıb. "censor.net" saytının verdiyi məlumata görə, bunu ukraynalı tanınmış hərbi ekspert Dmitri Tımçuk açıqlayıb.
D. Tımçuk bildirib ki, helikopter işə salındığı zaman naməlum şəxslər tərəfindən atəşə tutulub və partlayaraq yanmağa başlayıb. Hadisə zamanı zərər çəkən olmayıb. Ekipajın komandiri vaxtında helikopterdən çıxa bilib.
Qeyd edək ki, Kramatorsk şəhəri silahlı separatçıların fəal olduğu zonalardan biridir.

Ukrayna DİN rəhbəri: "Antiterror əməliyyatının dayandırılması haqqında məlumatlar əsassızdır"

Ölkənin şərqində antiterror əməliyyatının dayandırılması haqqında məlumatlar əsassızdır. Bunu isə öz "Facebook" səhifəsində Ukrayna daxili işlər naziri Arsen Avakov yazıb.
Əməliyyatın davam etdiyini bildirən A.Avakov terrorçuları hər an təhlükə gözlədiyini deyib: "Dinc sakinlər isə heç nədən qorxmasın. Antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Biz yalnız silahlı terrorçulara qarşı güc tətbiq edirik".
Nazir həmçinin qeyd edib ki, antiterror əməliyyatına siyasi partiyalar, ictimai təşkilatlar və birliklər cəlb edilməyib.

Krım və Ukrayna
arasında sərhəd
müəyyənləşdirilib

Dünən o da məlum olub ki, Ukrayna ilə Krımı artıq dövlət sərhəddi ayırır. Sərhəddin keçid qaydaları dünəndən qüvvəyə minib. Bu barədə jurnalistlərə Rusiya Federal Miqrasiya xidmətinin Krım üzrə rəisi Pyotr Yaroş məlumat verib.
"Aprelin 25-dən dövlət sərhəddi açılır və yaxın zamanda keçid məntəqələri quraşdırılacaq, sərhəddi necə keçməyin qaydaları, o cümlədən miqrasiya kartı verilməsinin zərurəti bəlli olacaq" - deyə Yaroş bildirib.
Hahzırda respublikanın sərhəd xidməti 27 buraxılış məntəqəsində nəzarət həyata keçirir. Nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmur. Eyni zamanda respublika hökumət nümayəndələri söz verib ki, yaxın zamanlarda RF qanunvericiliyinə uyğun olaraq dövlət sərhədinin keçilməsi qaydaları haqqında məlumat dərc edəcəklər.
Xatırladaq ki, nəticələrini Ukrayna hökumətinin və dünyanın əksər ölkələrinin tanımadığı 16 mart referendumundan sonra Krım və Sevastopol Rusiya ərazilərinə çevrilib.
Sergey Lavrov:
"Ukraynada sülhün
bərqərar olmasına ABŞ maneə törədir"

Rusiya Xarici işlər naziri Sergey Lavrov Kiyevdə hərbi çevrilişlə iqtidara gələn rəhbərliyi qoruyan Vaşinqtonun Ukraynada birlik hökumətinin qurulmasına və sülhün bərqərar olmasına maneə törətdiyini söyləyib.
Livan xarici işlər naziri Gebran Bassillə Moskvada təşkil etdiyi mətbuat konfransında danışan Lavrov son günlər Slavyansk və Mariupol şəhərlərində baş verən faciəvi hadisələrə toxunaraq bu işdə Kiyevin günahkar olduğunu söyləyib. "Slavyanskda nələr baş verir? Mariupolda nələr olur? Bütün bunlar məsuliyyətsiz, radika , separatçı və faşist qrupların siyasətidir. Ukraynada böhranın sona çatdırılmasının ilk şərti Kiyev rəhbərliyinin qeyri-qanuni tətbiqlərinə son verməsidir. Onların 21 fevral və 17 apreldə Cenevrədə imzaladıqları müqavilələrə baxmaları lazımdır. Orada açıqca deyilir ki, zorakılığa əsla icazə verilməməlidir".

Lavrov hədələdi

"Əgər bizə hücum etsələr, əlbəttə ki, özümüzü qoruyacağıq", - deyən Lavrov daha sonra əlavə edib ki, Ukraynadakı Rusiya vətəndaşlarına qarşı güc tətbiqi Rusiyaya hücum sayılacaq.
Belə halda Ukraynaya qoşun yeridilməsinin beynəlxalq hüquqa uyğun olacağını deyən Rusiya XİN başçısı 2008-ci ilin yayında Cənubi Osetiyada baş verənləri xatırladıb.
S.Lavrov hazırda Rusiya qoşunlarının ölkə ərazisində olduğunu söyləyib: "Həmin qoşunlar beynəlxalq hüquqa zidd heç nə etmirlər. Onlar Ukrayna sərhədindən biraz aralıda təlimdə iştirak edirlər".
Nazir Rusiya qoşunlarının Ukrayna ərazisində olmaları ilə bağlı yayılan məlumatları təkzib edib: "Muşahidəçilər həmin regiondadırlar. Onların sübutu yoxdur. Rusiyaya qarşı yeganə sübut Ukraynada rus silahlarından istifadə edilməsidir. Halbuki Ukrayna ərazisində hər kəs Rusiya istehsalı silahdan istifadə edir. Ona görə də belə arqumentlər inandırıcı deyil".

Çurkin: "Rusiya
istəsə, Ukraynaya ordu yeridə bilər"

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə yerli mətbuata açıqlamasında Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə rus ordusunun bu ölkəyə girəcəyini bildirib.
Çurkinin sözlərinə görə, Rusiya belə bir vəziyyətdə silahlı qüvvələrini Ukraynaya yeritmək icazəsinə sahibdir: "Bizim əlimizdə belə bir fürsət var. Lakin biz bunu etmək istəmirik. Vitali Çurkin qeyd edib ki, Rusiya Ukrayna ilə əlaqədar siyasətini hərbi müdaxilə variantı üzərində işlətmir.

Obama Rusiyaya
qarşı yeni sanksiyalar hazırlayır

ABŞ prezidenti Barak Obama cümə günü bir neçə Avropa Birliyi dövlətinin başçıları ilə danışıqlar apara bilər. Obama Britaniyanın baş naziri Devid Kemeronla, Fransa prezidenti Fransua Olland, Almaniyanın kansleri Angela Merkel və İtaliya baş naziri Matteo Rensi ilə danışıqlar aparmağa hazırlaşır.
Obama Ukraynada vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı yeni sanksiyaları Avropa Birliyinə qəbul etdirmək istəyir.
Avropa Birliyinin üzvlərinin arasında fikir ayrılıqları yaşanıb. Bəzi Avropa dövlətləri, xüsusilə Almaniya və İtaliyanın iqtisadi sanksiyaların tədbiqi ilə bağlı yubanması Amerikanı narahat edib. Bu məsələdə ABŞ AB ilə birlikdə hərəkət etməyə üstünlük verir.
Amerika hakimiyyəti mümkün qədər tez Rusiya Federasiyasına qarşı sanksiyaları qəbul etmək istəyir. Onlar hesab edirlər ki, Rusiya Cenevrə razılaşmalarının şərtlərini yerinə yetirmir.

ABŞ: "Rusiya üçün
pis olacaq"

"Rusiya Cenevrədə Ukrayna ilə bağlı əldə olunan razılığa əməl etməsə, bu, ona baha başa gələcək". Bnu ABŞ dövlət katibi Con Kerri deyib. O, bildirib ki, Rusiya Cenevrə razılaşmasına getməklə sadəcə diqqət yayıdırmağa çalışıb.
Con Kerrinin sözlərinə görə, Rusiya razılaşmadan sonra münaqişənin həlli istiqamətində heç bir addım atmayıb. "Cenevrə danışıqlarından bu günə qədər Rusiyanın heç bir səlahiyyətli şəxsi ictimaiyyət qarşısında razılaşmanı dəstəkləyən, silahlı qrupları işğal etdiyi əraziləri tərk etməyə çağıran çıxışlar etməyib. Əksinə, başda Rusiya dövlət televiziyası olmaqla bir çox telekanallar Vladimir Putinin Ukrayna ilə bağlı fantaziyalarını təbliğ edir, təxribatla məşğul olurlar".
Dövlət katibi qeyd edib ki, Rusiya Cenevrədə Ukrayna ilə bağlı əldə olunan razılığa əməl etməsə, bu sadəcə səhv olmayacaq. Rusiya üçün baha başa gələcək.
ABŞ Dövlət Departamenti Rusiya qoşunlarının Ukrayna sərhədinə doğru getdikcə yaxınlaşdığına görə narahat olduqlarını açıqlayıb. Açıqlamada bildirilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməklə böyük səhvə yol verəcək.

Moskvadan Kerriyə
ağır cavab:
"Mədəniyyətsiz!"

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerrini "Russia Today" telekanalı haqqında fikirlərini mədəniyyətsizlik adlandırıb.
Lavrov bu barədə MDB ölkələrinin gənc diplomatlarının forumunda çıxışında bildirib. Kerrinin "Russia Today" kanalını Putinin təbliğatçılıq maşını adlandırmasına Lavrov sərt reaksiya verib. O qeyd edib ki, Kerri "Russia Today" telekanalı barəsində qəbuledilməz bəyanat verib.
"Russia Today ABŞ-da, və Qərbi Avropada böyük auditoriyanı fəth edib. Biz bu müstəqil alternativ nöqteyi-nəzəri fəal dəstəkləyəcəyik".
Xatırladaq ki, srağagün ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda mətbuat konfranında çıxış edərək "Russia Today" telekanalını Rusiyanın təbliğat maşını adlandırıb. Dövlət departamentinin başçısının sözlərinə görə, telekanal Rusiya prezidenti Vladimir Putinin dünyada rolu haqqında fantaziyasının irəliləyişi üçün yaradılıb.

Rusiyalı politoloq:
"Putinin növbəti
hədəfi Dağlıq Qarabağ
və Latviya olacaq"

Güman ki, Ukraynadan sonra Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olmağa başlayacaq. Bunu isə "Azadlıq Radiosu"na açıqlamasında rusiyalı politoloq Stanislav Belkovski deyib.
Onun fikrincə, Ukraynadan sonra Rusiya prezidentinin vəzifəsi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq olacaq: "Bununla da Putin ABŞ, Kanada və Fransadakı erməni diasporunun dəstəyini qazanmış olacaq".
S.Belkovski Moskvanın Baltikyanı respublikalarla bağlı planından da danışıb. Putinin Latviyada Rusiya meyilli qüvvələrin hakimiyyətə gətirə biləcəyini ehtimal edən politoloq bu addımla Kremlin həmin regionda dayaq əldə edəcəyini qeyd edib.
Bununla belə S.Belkovski Putinin eyni ssenarini Estoniya və Litvada gerçəkləşdirə bilməyəcəyini vurğulayıb: "Düşünürəm ki, NATO ölkələrinin ərazisində Putin Ukraynada kimi hərəkət edə bilməyəcək".

Yanukoviç və
Timoşenkonun gizli
danışıqları üzə çıxdı

Dünən həmçinin sabiq Ukrayna prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Yuliya Timoşenkonun gizli danışıqlarının üstü açılıb.
Ukrayna mətbuatında Yanukoviç və Timoşenkonun prezidentlik postunun 2029-cu ilədək bir-birinə ötürülməsi ilə bağlı razılığa gəldikləri haqda sənədlər yayılıb. Sənədlər Yanukoviçin "Mejiqorya" adlı iqamətgahında axtarış aparılarkən tapılıb.
Sənəddə bildirilir: "Viktor Yanukoviç və Yuliya Timoşenko 2009-cu ilə qədər seçkilərdə Regionlar Partiyasının və "Batkivşina"nın vahid siyahısı ilə iştirak etməlidiri. Eləcə də prezidentin parlamentdə seçilməsi ilə bağlı Konstitusiyaya dəyişiklik edilməli və Viktor Yuşşenkonun impiçment məsələsi də reallaşdırılmalıdır".
Kənan Rzaquliyev