Azərbaycan diplomatları ilə bağlı ilginc korrupsiya iddiaları
Azərbaycan diplomatları ilə bağlı ilginc korrupsiya iddiaları

Hesablama Palatasının hesabatında hansı səfirlik və diplomatik nümayəndəliklərdəki qanunsuzluqlar yer alır?

Hesablama Palatasının (HP) apardığı auditlərdən məlum olur ki, korrupsiya halları ölkənin sərhədini belə aşıb. Hər il olduğu kimi, ötən il də xarici ölkələrdə yerləşən diplomatik korpuslarımızda dövlət vəsaitlərinin mənimsənilməsinə dair faktlar aşkarlanıb.

Təcrübə göstərir ki, HP-nin təqdim etdiyi audit hesabatında mənimsənilmə faktlarının bir hissəsi təqdim edilir. Milli Məclisə təqdim edilən sənədə əsasən də demək olar, bu sahədə baş verən korrupsiya hallarının qarşısının alınmasında qurumun gücü çox zəifdir.

XİN aparatına ayrılan
110 min manatdan
çox pul mənimsənilib

HP-nın 2013-cü illə bağlı hesabatında Xarici İşlər Nazirliyi (XİN) və xaricdəki diplomatik təmsilçiliklərimiz üçün ayrılan vəsaitlərin taleyi ilə bağlı ilginc məqamlar yer alıb ("qafqazinfo"). Belə ki, nazirliyin aparatının saxlanılması üçün ayrılan vəsaitlərin auditi zamanı 110 min manatdan çox pulun mənimsənilməsi faktı aşkarlanıb.
Müəyyən edilib ki, XİN aparatında çalışan bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib və buna müvafiq olaraq əməkhaqqı hesablanıb. Xarici ezamiyyətə göndərilən diplomatik əməkdaşlara artıq yol xərci, işçilərin məzuniyyət günləri üçün şişirdilmiş kompensasiyaların hesabalandığı göstərilir. Həmçinin naziriliyin balansında əlavə xidməti avtomobillər saxlanıldığı və bu nəqliyyat vasitələrinə sərf edilən yanacağın həcminin çox göstərildiyi müəyyən edilib. Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı 15,3 min manat mənimsənildiyi göstərilir.

Səfirliklərdə
korrupsiya izi...

Azərbaycanın İsveç Krallığındakı səfirliyində də ciddi korrupsiya faktları aşkarlanıb. Belə ki, səfirliyin saxlanılması üçün təsdiq olunan smetadan artıq xərclərə yol verilib, dövlət rüsumu əlavə telefon danışıqlarına, abunə və internet xidmətlərinə yönəldilib.
Səfirliyin mühasibinin haqq-hesab ayı başa çatmamış vəzifədən geri çağrılmasına baxmayaraq, ona yanvar ayında əməkhaqqı tam həcmdə ödənilib. Dövlət vəsaitləri hesabına səfirlikdə çalışanlar öz mənzillərinə mebel avadanlıqları aldıqları aşkar edilib. Avtomobillər üçün yanacaq sərfi şişirdilib, ziyafət tədbirlərinin keçirilməsi ilə bağlı xərclər smetası hazırlanmayıb. Bununla dövlət büdcəsinə təqribən 400 min manata yaxın ziyan dəyib.
Bundan əlavə, Hesablama Palatası Azərbaycanın Çindəki səfirliyində 2010-2013-ci illəri əhatə edən dövrün auditin aparıb. Bu müddət ərzində müəyyən edilib ki, hər ayın sonunda dövlət büdcəsinə ödəniləsi rüsumlardan yayınaraq, həmin vəsaitlər növbətdə başqa xərclər adından silinib. 2010-2012-cu illərdə 17 halda ayrı-ayrı xərc maddələri üzrə şişirdilmiş maliyyə məbləği ayrılıb, ƏDV və avtomobil satışından daxil olan vəsait dövlət büdcəsinə ödənilməli olduğu halda, yeni avtomobillərin alınması adı ilə mənimsənilib. Hətta əməkdaşlarının yol hərəkəti qaydalarını pozması nəticəsində yazılan cərimələr belə büdcə vəsaiti hesabına silinib. Belə ki, səfirliyə məxsus 3 avtomobilin satılaraq yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsinə yönəldildiyi göstərilib. 2011-2012-ci illərdə diplomatik korpusda çalışan əməkdaşların 2 uşağının təhsil haqlarının ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılsa da, bu pul valideynlərə verilməyib. 2013-cü ildə isə 6 Çin vətəndaşına dövlət rüsumu alınmadan viza rəsmiləşdirilib, 3 halda isə sənəd leqallaşdırılmasına görə dövlət rüsumu alınmayıb.
Digər diqqət çəkən məqam Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin saxlanılması üçün büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi faktları aşkar edilsə də, HP-sının korrupsiyanın məbləğini açıqlamamasıdır. Burada da ən ciddi özbaşınlıqlardan biri nümayəndəliyin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına görə tətbiq olunan cərimələrin büdcə vəsaiti hesabına ödənilməsidir.

Və sonda:

Hesablama Palatasının son açıqladığı hesabat son 1 ayda Azərbaycan mətbuatında ciddi müzakirələrə yol açıb. Dövlət qurumlarında yol verilən korrupsiya faktları mətbuatda həmin hesabata istinadən işıqlandırılır.
Əslində HP-nın bu mövqeyi alqışlanmalı olsa da, təəssüf ki, medianın bu hesabata əsasən verdiyi xəbərlər nazirliklərin HP-na təzyiqləri nəticəsində sonradan bu qurum tərəfindən təkzib olunur.
Eyni vəziyyət Xarici İşlər Nazirliyi ilə bağlı da müşahidə edildi. Hesabatda bu nazirliklə əlaqədar özünə yer alan korrupsiya faktları mətbuatda geniş işıqlandırıldıqdan sonra HP az qala öz hesabatını təkzib edərcəsinə açıqlama verdi. Amma artıq ox yaydan çıxmışdı...
Azər Sultan