Hesablama Palatası Etibar Pirverdiyevi bitirir
07:37 29-04-2014
İQTİSADİYYAT
Hesablama Palatası Etibar Pirverdiyevi bitirir
Qurumun sonuncu toplantısında "Azərenerji" ASC "məşhər ayağına" çəkildi; korrupsiya faktları araşdırılır
Məlum olduğu kimi, Hesablama Palatası dövlət qurumlarında və büdcədən maliyyələşən iri müəssisələrdə təftişlərə başlayıb. Aparılan yoxlama və araşdırmalar isə ortaya olduqca müdhiş korrupsiya və yeyinti faktlarını çıxarıb. Hesablama Palatasının dünən reallaşan növbəti Kollegiya iclasında isə bir sıra dövlət qurumları ilə yanaşı "Azərenerji" ASC-nin fəaliyyəti ciddi təftiş hədəfinə çevrilib.
Hesablama Palatasının bununla bağlı yaydığı rəsmi informasiyada qeyd olunur ki, "Azərenerji" ASC-nin ölkədə elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti ilə beynəlxalq maliyyə-kredit təşkilatlarından, habelə Mərkəzi Bankdan aldığı kredit vəsaitlərinin istifadə vəziyyəti müzakirə mövzusu olub. Məlumatda daha sonra vurğulanır ki, sözügedən qurumun kreditorlar və dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasına dair analitik tədbirin nəticələri üzrə analitik arayış geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Göründüyü kimi, artıq mətbuatın, eləcə də "Unikal" qəzetinin uzun müddətdir ki, anonsunu verdiyi prosesə start verilib. Məlumat üçün bildirək ki, hələ bir neçə ay bundan öncə "Unikal" qəzeti olaraq belə bir məlumat vermişdik ki, "Azərenerji" ASC-dəki korrupsiya faktları artıq "yuxarılar"da ciddi narahatlıq doğurur və bu da öz növbəsində qurumda ciddi maliyyə təftişini qaçılmaz edəcək. Dünən rəsmi şəkildə yayılmış məlumat isə ehtimalımızı təsdiqləməklə yanaşı digər versiyaların da ortaya çıxmasına səbəb olmaqdadır. Həmin versiyalardan ən ağlabatanı isə Hesablama Palatasının məlum yoxlamalarından sonra "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevin tutduğu vəzifədən azad ediləcəyidir.
Qeyd edək ki, artıq arxada qoyduğumuz qış aylarında bütün ölkə boyunca elektrik enerjisinin verilməsində uzun müddətli fasilələrin yaranması "Azərenerji"yə ayrılan milyonlarla manatın yeyilməsi şübhələrini ortaya çıxarmışdı. İndi həmin şübhələr Hesablama Palatasının həyata keçirdiyi yoxlamalarla bir daha təsdiqini taparsa Etibar Pirverdiyevin bu işin içindən "salamat çıxmayacağı" dəqiqdir. Xatırladaq ki, "Azərenerji" ASC iri vergi ödəyicisidir. Amma qurum artıq uzun müddətdir büdcə proqnozunu yerinə yetirə bilmir və ən böyük borc sahiblərindən biridir. Üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları bu günə qədər də davam edir. Amma qurum həm dövlət büdcəsindən, həm də beynəlxalq maliyyə institutlarından fantastik məbləğlərdə dotasiyalar alıb. Maraqlıdır, bəs qurumun hələ də borcla işləməsi nəylə bağlıdır? Görünən budur ki, fantastik xərcləmələr fonunda heç bir pozitiv nəticə yoxdur. Çünki ölkənin daxili enerji tələbatı hələ də ödənməyib. Elektrik təminatından məhrum qalan massivlər var. Həmin investisiyalar səmərəli istifadə olunmur. Əvəzində bu sektorda korrupsiya günbə-gün -inkişaf edir.
Bütün bu korrupsiya faktlarının ört-basdır edilməsi isə praktiki olaraq mümkünsüzdür. Çünki "Azərenerji" ASC-dəki korrupsiya və maliyyə mənimsəməsinin miqyası o qədər genişdir ki, bunu hətta ötəri yoxlamalar belə üzə çıxarmağa qadirdir. Amma unutmayaq ki, indi "Azərenerji" ASC-nin fəaliyyətini təftiş edən qurum Hesablama palatasıdır və bu zaman hətta ən xırda nüansın belə ciddi şəkildə araşdırılacağını düşünə bilərik. Bu halda isə ortaya çıxacaq mənzərə Etibar Pirverdiyevin bitirilməsi üçün tam yetərli olacaq. Başqa sözlə, Hesablama Palatasının bu dəfəki yoxlaması Etibar Pirverdiyev üçün sözün həqiqi mənasında SON olacaq. Bu sonu isə o öz fəaliyyəti ilə qazanıb.
Orxan
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17