Ukraynada Rusiyapərəst qüvvələrdən yeni hücum
Ukraynada Rusiyapərəst qüvvələrdən yeni hücum

Donets gərginliyin əsas mərkəzi olaraq qalır

Ukraynada gərginliyin əsas mərkəzlərindən olan Donetsk şəhərində rusiyapərəst fəallar teleradio yayım binasını ələ keçiriblər. Onlar Rusiya telekanallarının yayımını bərpa etməyə çalışıblar.

Rusiyanın ölkəyə hərbi müdaxiləsindən sonra şərq əyalətlərdə Rusiya telekanallarının təbliğat aparması əsas götürülərək yayımı dayandırılmışdı. Rusiyapərəst qüvvələrin Slavyanskda 3 nəfər ATƏT rəsmisini girov götürməsi vəziyyəti daha da gərginləşdirib.
Girovların görüntülərinin yayılması beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı etirazını daha da artırıb. Yayılan kadrlarda girovların soyundurularaq təhqir olunduğu, fiziki zorakılığa və işgəncələrə məruz qaldığı görünür.
Həvəskar çəkilmiş kadrlarda onların rusiyapərəst qüvvələr tərəfindən döyüldüyünü müşahidə etmək olur.

Donetsk vilayəti
ümunxalq referendumun keçirilməsini istəyir

Donetsk vilayətinin yeni təyin olunmuş qubernatoru Sergey Taruta və Donetsk şəhərinin meri Aleksandr Lukyançenko Ukrayna prezidenti vəzifələrini icra edən Aleksandr Turçinovla görüşüb.
unian.net saytının verdiyi məlumata görə, Donetsk vilayətinin qubernatoru A.Turçinovdan 25 May tarixində ümumukrayna referendumu keçirməyi xahiş edib.
S.Tarutanun fikrincə, ümumukrayna referendumun keçirilməsi islahatlar və Avropa standartlarının tətbiqi ideyasının ətrafında ölkəni birləşdirməyə imkan verəcək. Donetsk meri A.Lukyançenko isə öz növbəsində referendumun Ukraynanın cənubi-şərq regionlarında ictimai-siyasi gərginliyin azaldılmasına kömək edəcəyini söyləyib.
"Biz Ukraynada sülh və sabitliyin əldə edilməsi üçün səylərimizi birləşdirdik. Ölkəmizin bütün vətəndaşları onları narahat edən məsələlər barədə öz fikrini söyləmək imkanına malik olmalıdır. İndiki mərhələdə həlledici söz Ali Radanın deputatlarınındır", - A.Taruta vurğulayıb.

Kreml Ukraynada "sülhməramlılar"dan
istifadə etməyə hazırlaşır

Ukraynanın Xarici İşlər Nazirliyi Vyanada Rusiya, Avropa İttifaqı, ABŞ və Ukraynanın iştirakı ilə yeni dördtərəfli danışıqların keçirilməsini təklif edib. Bu barədə isə "Nezavisimaya gazeta" yazıb.
Qəzet qeyd edir ki, Moskvanın Kiyevin təklifinə hansı cavab verdiyi və yaxud verəcəyi məlum deyil. Rusiya nəşri Ukraynanın Rusiya Silahlı Qüvvələrinin Cənub və Qərb hərbi dairələrinin keçirdiyi təlimlərdən narahat olduğunu bildirir.
Ukraynanın baş naziri Arseniy Yasenyuk isə yenidən Rusiyanın ünvanına ittihamlar səsləndirib. "Slavyanskda ATƏT-in hərbi inspektorların tutulması bir daha sübut edir ki, Rusiya pasportları daşıyan etirazçılar real terrorçulardır", - baş nazir söyləyib. O, Ukraynanın şərqindəki terroçuların indiyə kimi Moskva tərəfindən ittiham edilmədiyinə diqqət çəkib: "Bu dəqiq sübutdur ki, Rusiya quldurları və cinayətkarları dəstəkləyir. Hansı ki, onlar dinc əhalini qorxudur, yerli əhali və əsgərləri güllələyirlər. Rusiya tərəfindən idarə olunanlar yalnız Ukraynanı qorxutmur, həm də bütün Avropanı qorxudurlar".
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin bildirib ki, ölkəsi ATƏT-in hərbi inspektorların azad olunmasını istəyir. Amma o, eyni zamanda qeyd edib ki, hərbi inspektorların təhlükəsizliyi üçün məsuliyyəti onları dəvət edən Ukrayna hakimiyyəti daşıyır.
Ukrayna prezidentliyə namizədlər isə vəziyyəti müxtəlif şərh edirlər. Prezident postuna əsas iddiaçılardan olan Pyotr Poroşenko bildirib ki, sülh Rusiya və Ukrayna xalqına lazım olduğundan ikitərəfli danışıqlar keçirilməlidir. "Ukrayna sülh və dialoq üçün hazırdır. Rusiya tərəfindən vaxt və görüş yerinin təyin edilməsini xahiş edirəm", - "Nezavisimaya gazeta"ya Poroşenko deyib. Rusiyanın Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməyə qətiyyən hazırlaşmadığını deyən prezidentliyə namizəd ikitərəfli danışıqların daha səmərəli olacağını güman edir.
Bir başqa prezidentliyə namizəd Yuliya Timoşenko isə hesab edir ki, ikitərəfli danışıqlar Ukraynanın beynəlxalq dəstəkdən imtina anlamına gələrdi. O, dördtərəfli danışıqların davam etdirilməli olduğunu deyir.
Rəsmi Kiyev isə 25 may tarixinə təyin olunan prezident seçkilərinə kimi Rusiyanın sülhməramlılar adı altında Ukrayna ərazisinə hərbi qüvvələr yeridəcəyindən ehtiyat edir. Təsadüfi deyil ki, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Valeri Şnyakin Moskvanın yaxın günlərdə Ukraynanın cənubi-şərqində sülh kontingentindən istifadə haqqında məsələyə baxacağını bildirmişdi.

"Kiyevin şərqi Ukrayna üçün vuruşmağa
iradəsi yoxdur"

Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov Ukraynada baş verənlərlə bağlı öz "facebook" səhifəsində maraqlı status paylaşıb: "Hazırda Ukraynanın şərqində baş verənlər nəzərə alınarsa, mövcud hakimiyyət ölkəni hazırkı sərhədlər çərçivəsində saxlamaq iqtidarında deyil. Buna görə onları qınamaq, istefasını tələb etmək və yeni Maydan təşkil etmək olar. Amma hazırda baş verənləri müşahidə edərkən məndə bu qənaət formalaşdı ki, Krımda olduğu kimi Kiyevin şərqi Ukrayna üçün mübarizə aparmaq iradəsi yoxdur. O zaman heç olmasa müəyyənləşdirin ki, siz hansı Ukraynaya görə mübarizə aparmaq niyyətindəsiniz. Kremldə Kiyevin impotensiyasına görə, yalnız sevinə bilərlər. Amma Donetsk və Luqanskda Putin batacaq. Şərq regionlarının saysız-hesabsız problemləri, təqaüdlər Putinin iqtisadiyyatını düşünüləndən də tez məhv edəcək. Bəlkə də Dövlər Departamentinin Putini məhv etmək üçün əsas planı da elə bundan ibarətdir".

Slavyanskın əsas
problemi - şist qazı

"Donetsk vilayətinin Slavyansk şəhəri məhz şist qazına görə, vilayətin ən qaynar nöqtəsi ola bilər". unian.net saytının verdiyi məlumata görə, bu barədə TSN kanalının süjetində deyilir.
"Rusiyanın əsas zərbəsi şist qazının olduğu əraziyə yönəlib. Ərazidə böyük enerji resursları var. Bu resurslar dünyanın energetika xəritəsini də dəyişdirə bilər", - xəbərdə deyilir.
Ekspertlər qeyd edirlər ki, sözügedən qaz ehtiyatları yalnız Ukrayna deyil, həm də Avropada kardinal dəyişikliklərə gətirib çıxara bilər. Təsdiq olunmuş məlumatlara görə, ərazidə 3,6 trilyon kubmetr qaz ehtiyatı var. Energetika Tədqiqatları Mərkəzinin baş direktoru Aleksandr Xarçenkonun fikrincə, əgər Ukrayna hasilatı 15-20 milyard kubmetr artırarsa, artır ixracatçı ola bilər.
Slavyansk şist qazı yataqlarında hazırda Hollandiyanın "Şell" şirkərti işləyir. Şirkət yaxın vaxtlarda ilkin mərhələdə 15 quyu qazmağı və 200 milyon dollar sərmayə qoymağı planlaşdırır. "Qazın ilkin və kiçik həcmini artıq gələn il əldə etmək mümkün olacaq. Amma böyük həcmli qaz isə 4-5 il ərzində çıxarılacaq", - Kiyev Beynəlxalq Energetika Klubunun prezidenti Aleksandr Todiyçuk bildirir.
Şist qazı ehtiyatlarına görə, Ukrayna hazırda Avropada dördüncüdür. Ukrayna ölkənin yalnız şərqində deyil, həm də qərbində şist qazı əldə etməyi planlaşdırır. "Bunun sayəsində Ukrayna Kremlin qaz ilgəyindən tezliklə qurtulacaq. Bunu "Qazprom" çox yaxşı anlayır. Ümumiyyətlə, Avropada şist qazı mövzusunu öldürmək üçün "Qazprom" şirkəti məqsədyönlü iş aparır", - A.Xarçenko qeyd edib.
A.Todiyçuk hesab edir ki, bu ərazilər uğrunda mübarizə həm də böyük qaz bazarının itilməsi anlamına gəlir.

Ukraynaya görə
Rusiyaya daha bir zərbə

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı "Standart and Poors" Rusiyanın kredit notunu dəyişdirib. Təşkilat Ukraynadakı hadisələr və Rusiyaya qarşı sanksiya qərarlarından sonra ölkənin notunu BBB-yə endirib.
S&Ps ölkədəki xarici sərmayələrin sürətlə azalmasını əsas gətirərək "bu hələ də kövrək vəziyyətdə olan inkişaf məlumatlarına əhəmiyyətli zərər verəcək" bəyanatını verib. İlin ilk üç ayında Rusiyada 37 milyard avroluq sərmayənin ölkə xaricinə çıxarıldığı təxmin edilir. Moskva rəhbərliyi isə qərarın "iqtisadi deyil siyasi olduğunu" bildirib.
Bu arada ölkədə inflyasiya da artıb. Aprelin 21-nə olan hesabata əsasən ölkədə illik inflyasiya 7,2 faizə çatıb. Hansı ki 2014-cü ilin 11 mart tarixində həmin rəqəm 6,4 faiz təşkil edirdi. Martda baza inflyasiyası 6, fevralda isə 5 faiz olub. Ölkədə əsasən donuzun, süd məhsullarının və benzinin qiyməti qalxıb.

"Rosneft" və
"Qazprom"a qarşı
sanksiyalar
tətbiq olunacaq

Bu arada nüfuzlu "New York Times" qəzeti Dövlət Administrasiyasındakı mənbəyə istinadən "Rosneft" şirkətinin prezidenti İqor Seçin və "Qazprom" şirkətinin prezidenti Aleksey Millərə qarşı sanksiyalar tətbiq olunacağını yazıb.
Qeyd edək ki, "Böyük yeddilik" ("G-8") ölkələri də Rusiyaya qarşı əlavə maliyyə sanksiyalarının tətbiq olunması üçün razılaşıblar. Bu barədə Ağ Evin saytında keçən həftə yerləşdirilən bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, "G7" Ukrayna hakimiyyətini ölkənin şərqində əməliyyat zamanı dözüm nümayiş etdirdiyi üçün dəstəkləyir. "Əksinə, Rusiya Cenevrə razılaşmalarına uyğun olaraq konkret addımlara təşəbbüs etmədi. Rusiya bəyanatlar və Ukrayna ilə sərhəddə keçirdiyi hərbi təlimlərlə gərginliyi artırmaqda davam edir", - bəyanatda deyilir.
"Merkelin ABŞ
səfərindən sonra
Rusiya iflic olacaq"

Bu arada Azərbaycanın "Sülh və Münaqişələrin" həlli Mərkəzinin direktoru Elxan Mehdiyev ABŞ prezidenti Barak Obamanın Rusiyaya Ukrayna probleminin həllinə dair Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməməsi ittihamını şərh edib.
Mehdiyev qeyd edib ki, ABŞ Rusiyanın Cenevrədə əldə edilmiş 4 tərəfli razılaşmasının yerinə yetirməsini tələb edir. Lakin Ukraynada baş verən proseslərin Moskvanın həmin şərtlərə əməl etməyəcəyini göstərdiyini deyən Onun sözlərinə görə, Amerikanın bunu açıq şəkildə bildirməsi sevindirici haldır.
Politoloq hesab edir ki, Obamanın da bildirdiyi kimi ABŞ və Avropa İttifaqı bundan sonra Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəklər: "Almaniya Kansleri Angela Merkelin ABŞ səfərindən sonra planın icrasına başlanacaq. Merkelin səfərilə Rusiya iqtisadiyyat və maliyyə sistemini iflic edən sanksiyalara əl atılacaq". E.Mehdiyev hesab edir ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətə qan tökməklə gəlib.
Politoloq deyib ki, Putin Çeçenistan üzərində genosid törədək iqtidarı ələ keçirib: "Qanuni çeçen hakimiyyətini devirərək, öz adamları ilə Çeçenistanda hökumət formalaşdırdı. Gürcüstan ərazilərini Rusiyaya anneksiya etdi. İndi də Krımı ilhaq edəndən sonra rusların kompakt şəkildə yaşadığı digər Ukrayna ərazilərinə göz dikib. Ölkənin şərq regionlarında Ukraynanın mərkəzi hakimiyyətindən asılı olmayan rejimlər formalaşdırır. Putin açıq şəkildə bildirir ki, Ukrayna hökuməti regiondakı seperatçı qüvvələri qarşı əl atarsa, bu ölkəyə hərbi müdaxilə edəcəklər. Rusiya bölgələrdə seperatçılara "yaşıl işıq" yandırıb. Məqsəd Şərqi Ukraynanı işğal etməkdir. Çox təhlükəli tendensiyadır. Çünki vəziyyət bu cür qalacaqsa, digər respublikaların suverenliyi məhdudlaşdırıla bilər".

Londonda Yanukoviçin oğurladığı pullar
müzakirə olunacaq

Bu həftə Böyük Britaniyada Yanukoviç hakimiyyətdə olduğu dövrdə Ukraynadan oğurlanmış pulların geri qaytarılması məsələsi müzakirə olunacaq. Bu barədə məlumatı BBC-nin Ukrayna xidməti yayıb.
Məlumatda bildirilir ki, iki gün davam edəcək tədbirdə müxtəlif ölkələri təmsil edən hökumət nümayəndələri, maliyyə analitikləri və prokurorlar iştirak edəcək.
Görüşdə ABŞ hökumətinin nümayəndələri də iştirak edəcək. Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey bildirib ki, tədbirdə məqsəd oğurlanmış vəsaitlərin müəyyənləşdirilməsi və Ukraynaya qaytarılmasıdır.
Kənan Rzaquliyev