Avropada İlham Əliyev küləyi

Avropada İlham Əliyev küləyi

Dünyaya doğulan Türk ovalığı
Artıq bir neçə gündür ki, Türkiyə mətbuatı bütünlüklə əsas yazılarını Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarksyana verdiyi cavaba həsr ediblər. Xatırladaq ki, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammit keçirilmişdi.

Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə dərhal söz alaraq Ermənistan prezidentinə çox sərt şəkildə cavabını vermişdi:-"Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm". İlham Əliyevin bu addımı isə tək Azərbaycan və Türkiyədə yox, bütövlükdə türk dünyasında ciddi bir dəstək kimi qəbul olundu.

Hucum diplomatiyasının sərt üzü

Prezident İlham Əliyev hələ bir neçə il öncə Dünya Azərbaycanlılarının qrultayında çıxış edərək bildirmişdi ki, Azərbaycan diplomatiyası artıq baxışlarını dəyişməli və müdafiə diplomatiyasından hücum diplomatiyasına keçid etməlidir. Bu açıqlama əslində hər zaman balanslı xarici siyasət yürüdən Azərbaycanın xarici siyasət kursunda bir yeniliyin olmasına işarə idi. Bu yenilik nədən ibarət olmalı idi?
1. Dünya düzəninə təsir edə biləcək hansısa bloka daxil olmaq
2. Strateji müttəfiqləri müəyyənləşdirməklə dünya düzənində bir tərəfə çevrilmə
3. Possovet məkanında manevr imkanlarını artırmaqla özünəməxsus yer tutma.
Amma hadisələrin inkişafı göstərdi ki, İlham Əliyev hucum diplomatiyasına keçid deyərkən heç də bunları nəzərdə tutmayıbmış. Belə ki,
1. Heç bir siyasi-hərbi bloka daxil olmamaq
2. Qərb-Rusiya qarşıdurmasında tərəflərdən birini seçməmə
3. Super güclərin cızdığı trayektoriya ilə hərəkət etməmə priroritet şərtlər olaraq saxlanılıb. Bəs onda hücum diplomatiyasının kökündə nə dayanırdı? İlk baxışdan əsas sütunlar bunlar oldu
4. Tərəflərlə eyni məsafədə dayanmaq
5. Bloklarla yox, dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq qurmaq
6. Qərbin enerji təhlükəsizliyində oynadığı rola müvafiq söz sahibliyini qorumaq
7. Terror əleyhinə koalisiyada əsas fiqur olaraq şərtlərlə idarə olunmadan, milli maraqlarını təmin etmək
Və sözsüz ki, bütün bunların fövqündə Dağlıq Qarabağ probleminin həlli üçün manevr imkanlarını genişləndirmək.
Məhz İlham Əliyevin hücum diplomatiyasının kökündə bu faktorlar dayandı. İndi isə gəlin qayıdağın İlham Əliyevin son açıqlamasında bir sıra mühüm məqamlara.
Avropadan istənilən tələb
Bu gün Ukrayna qan gölündə boğulur və Ukraynanın yerində Azərbaycan da ola bilərdi və buna çox yaxın idik. Çünki son 5 il ərzində ABŞ-Rusiya gərginliyi kifayət qədər artmışdı və Şərqi Avropanın yenidən bölüşdürülməsi üçün tərəflər hərəkətə keçmişdi. İstər Rusiya, istərsə də ABŞ possovet ölkələrini daha çox nəzarətlərində olan bloklara daxil etməyə cəhd edirdilər. O cümlədən Azərbaycanı da. Amma Azərbaycan, daha doğrusu İlham Əliyev ilk andaca bəyan etdi ki, o, NATO-ya daxil olmaq haqqında düşünmür, Rusiyanın yaratmaq istədiyi Gömrük İttifaqı isə iqtisadi baxımdan Azərbaycanın maraqlarına cavab vermədiyi üçün bu təşəbbüsü dəstəkləmir. Bununla da bir daha sübut etdi ki, xarici siyasətdə ki, əsas şərtə sadiqdir və bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Ukrayna isə ilk və son yanlışlığa yol verdi. Daxili resurslarını nəzərə almadan Avropanın ağuşuna atıldı və gözlərini açanda Rusiyanın ayaqları altında qaldığını gördü. Ukraynanın faktiki olaraq Rusiya tərəfindən işğalı isə regionda durumu dəyişdi. Əksəriyyət hesab edirdi ki, Azərbaycan bu durumda daha da küncə sıxışdırılacaq və gərəksiz şərtləri qəbul etməli olacaq. Amma bunun tam əksini gördük və İlham Əliyev cevik xarici siyasəti ilə demək olar ki, hucum diplomatiyasını tam olaraq hərəkətə gətirdi. BMT-də Ukrayna məsələsi müzakirəyə çıxarılan an tərəddüd etmədən Azərbaycan Rusiyanın təzyiqlərinə baxmayaraq Ukraynanın ərazi bütövlüyünü tanıdı və Qərb üçün sözün həqiqi mənasında surpriz etdi. Amma bununla məsələ tamamlanmadı. İlham Əliyev növbəti gedişdə yaranmış durumu Azərbaycanın maraqlarına uyğun olaraq istiqamətləndirməyə nail oldu.

Krımdan Dağlıq
Qarabağa

İlham Əliyev son açıqlamasında Qərbi və ABŞ-ı faktiki olaraq fakt qarşısında qoydu. Belə ki, Ukrayna üçün Rusiyanı küncə sıxışdıran Avropa və ABŞ-a İlham Əliyev açıq şəkildə etirazını bildirdi. Və hər iki qütbü ikiüzlülükdə ittiham etdi. Haqlı olaraq bir sualı ortaya çıxartdı. Nəyə görə Ukraynanın ərazi bütövlüyünə görə Rusiyaya bu qədər sanksiyalar tətbiq olunur, amma Azərbaycan ərazilərini işğal edən Ermənistana qarşı bir dənə də olsa sanksiya tətbiq olunmur? Bu suala sözsüz ki, tərflər cavab verə bilməzdi və bilmədilərdə. Amma ilk dəfə İlham Əliyev bu sərt bəyanatı bütün Qərb dövlətlərinin iştirak etdiyi toplantıda bəyan etdi və bununla da onlara sübut etdi ki, artıq onların sahib olduqları institutlar mövcud normalara cavab vermir. Və belə qüsurlu bir siyasət yürüdən bloklara qoşulmaq sadəcə olaraq mənasızlıqdır. Elə bu mənasızlığa görə Azərbaycan regionda daha aktiv siyasət həyata keçirtməyə başladı. Təsəvvür edin, Ukrayna olayları başlayan kimi Türkiyənin baş naziri Azərbaycana gəldi, İlham Əliyev İrana səfər etdi, Türkiyənin və Rusiyanın ordu rəhbərliyi Azərbaycana gəldi və bir sözlə Azərbaycan beyin mərkəzinə çevrildi. Bütün bunlar isə İlham Əliyevin həyata keçirtdiyi hücum diplomatiyasının məntiqi nəticəsi idi.

Türk ovalığının işartıları

1998-ci illərdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mnüxtəlif təkliflər səsləndirilirdi və həmin anlarda Pol Qobl planıda bir ara aktuallaşdı və sonradan ABŞ və Qərbin istəyi ilə sıradan çıxarıldı. Bu planın mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağ ermənilərə verilir və qarşılığında Azərbaycanla Naxçıvanı bir birindən ayıran Zəngəzur əraziləri Azərbaycana verilir. Amma bu mövzu tezdə sıradan çıxarıldı və onda Heydər Əliyev maraqlı bir fikir səsləndirdi:-" Biz bu təklifi dəyərləndirdik. Amma onlar qorxdular ki, bir türk ovalığı yaranır. Yəni Azərbaycan-Naxçıvan-Türkiyə arasında bir başa əlaqələr qurulur və buna görə də ideyalarından imtina etdilər". Bu gün isə İlham Əliyevin xarici siyasətində Heydər Əliyevin dediyi və qəbul etdiyi TÜRK OVALIĞI yaranmaq üzrədir. Söhbət ərazilərin birləşdirilməsindən yox, iqtisadi resursların birləşdirilməsində gedir. Bu gün TANAP, Bakı-Qars dəmir yol xətti elə türk ovalığının əsasını təşkil edir. Bunu da qeyd edək ki, artıq İran, Türkmənistan kimi dövlətlərdə Azərbaycanın sahibləndiyi neft və qaz kəmərləri vasitəsi ilə dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilmək istəyirlər və burda da əsas rol Azərbaycanın payına düşür.

Qardaşlığın böyük -
kiçiyi olmaz

Qayıdaq İlham Əliyevin Serj Sarksyana cavab verdiyi məqama. Azərbaycan müstəqilliyini əldə edəndən sonra bir sıra dövlətlərə, o cümlədən Türkiyəyə böyük ehtiyacı vardı və bu ehtiyacı hansısa formada əldə edə də bilirdi. Və o zaman Türkiyəyə hər birimiz böyük qardaş kimi yanaşırdıq. Amma İlham Əliyev son addımı ilə sübut etdi ki, qardaşın böyük - kiçiyi olmaz və hazırda Azərbaycan nəinki öz maraqlarını qorumaq gücündədir, həmçinin müttəfiq hesab etdiyi dövlətlərin, o cümlədən Türkiyənin maraqlarını qorumaq gücündədir. İlham Əliyev həmçinin bu addımı ilə dünyaya bir daha sübut etdi ki, Türkiyəyə strateji müttəfiq kimi yanaşır və regionda baş verən proseslərdə Azərbaycanla Türkiyənin maraqları nəzərə alınmalıdır. Yəni burada söhbət heç də Ermənistan prezidentini yerində otuzdurmaq deyildi. Burada söhbət regionun maraqlarının qorunmasından gedirdi.
Son
Əslində bu sonluq yazının sonluğudur. Hücum diplomatiyası isə indi başlayıb. Hesab etmək olar ki, bu gün İlham Əliyevin hücum diplomatiyasında iki mühüm xətt daha peşəkar şəkildə gündəmə gələcək. İlk növbədə Azərbaycanın regionda aparıcı qüvvəyə çevrilməsi, ikinci xətt isə Dağlıq Qarabağ məsələsinə dünyanın baxışını dəyişmək. Və hazırda hər iki istiqamətdə real nəticələrə sahiblənmək üçün münbit şərait yaranıb və yəqin ki, 2015-ci il mühüm tarixə çevriləcək. Söz ardı olaraq bunu da deyək ki, 2015-ci ildə həm də qondarma erməni "soyqırımı"nın yüz illiyi olacaq və Ermənistan, erməni lobbisi buna ciddi hazırlıq görür. Bu səbəbdən Türkiyə və Azərbaycan diplomatiyasının, lobbilərinin birgə fəaliyyətinə ciddi ehtiyac yaranır ki, bunun özüdə iki dövlət münasibətlərindəki strateji yükü daha da artıracaq. İlham Əliyevin Serj Sarksyana verdiyi cavabda bu baxımdan erməni "soyqırım"ının yüz illiyinə ilk zərbə oldu.
Beləliklə çıxartdığımız nəticə budur ki, artıq Azərbaycan dünənki Azərbaycan deyil. Beynəlxalq güclər yenə də dünyanı köhnə qayda ilə idarə etməyə çalışır, Azərbaycan isə artıq köhnə qaydalarla hər hansı idarəolunmanı qəbul etmir. Belə olan təqdirdə nə isə dəyşməlidir. Hələ ki, dəyişən odur ki, Azərbaycan öz yoluna sadiqdir və bu sadiqliyə görə də regionda əsas gücə çevrilir. Hücum diplomatiyasını həyata keçirən dövlətin vətəndaşları isə dövlətə, topluma sədaqətlilik nümayiş etdirərək daha da səfərbər olmalıdır.

Eldəniz Elgün