Şok! Yanukoviç Rusiyaya 32 milyard dollar pul aparıb!
Şok! Yanukoviç Rusiyaya 32 milyard dollar pul aparıb!

ABŞ Putinin yaxın adamlarına ağır zərbə endirdi

Ölkədən qaçan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafı Rusiyaya azı 32 milyard dollar pul aparıb. Bunu Britaniyanın nüfuzlu "Financial Times" qəzetinə açıqlamasında Ukraynanın baş prokuroru Oleq Maxnitski deyib. O. Maxnitski bildirib ki, Rusiya Federasiyası V. Yanukoviç, eləcə də keçmiş baş prokuror Viktor Pşonka və keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonu rəsmən gizlədir: "Rusiyanın baş prokuroru Yuri Çayka açıq bəyan edib ki, Rusiya onları təhvil verməyəcək. Son operativ məlumatlara əsasən təkcə Rusiyaya bu şəxslər tərəfindən 32 milyard ABŞ dolları aparılıb".

Baş prokuror qeyd edib ki, Avstriya, Lixtenşteyn və İsveçrə kimi ölkələr oğurlanaraq ölkədən kənara çıxarılan pullarla bağlı Ukrayna tərəfinin sorğularına cavab verib. İsveçrə tərəfinin bildirdiyinə görə, 2012-ci ilin sonuna olan məlumata əsasən bu ölkə banklarında Ukrayna mənşəli 2 milyard dollar pul saxlanılır. O. Maxnitski aparılan istintaq çərçivəsində Ukrayna bank sistemində şübhəlilər Viktor Yanukoviçə, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevə, sabiq aqrar siyasət və ərzaq naziri Nikolay Prisyajnyuka aid 1 milyard 300 milyon qrivna, 9,6 milyon dollar və 214 min avro vəsaitə, eləcə də bu şəxslərin əmlakına həbs qoyulduğunu söyləyib.
O. Maxnitski Yanukoviç və ətrafının oğurladığı pulların ölkədə separatizmin və qətllərin maliyyələşdirilməsinə sərf olunduğunu açıqlayıb.

ABŞ-dan
Putinə yeni şok

ABŞ Rusiyanın 7 vətəndaşına və 17 şirkətinə sanksiya tətbiq edib. Bu barədə Ağ Evin mətbuat katibi Cey Karni açıqlama verib.
O bildirib ki, sanksiyalar Krımın birləşdirilməsi və Rusiyanın Ukraynaya qarşı mövqeyi ilə əlaqədar qoyulub: "Aprelin 17-dən Rusiya Cenevrə öhdəliklərinə riayət etmək üçün heç bir addım atmayıb. Əksinə, böhranı daha da böyüdüb".
Sanksiyaya məruz qalan şəxslərdən ikisi Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafındandır. Onların ABŞ vizası almaları qadağan ediləcək. Putinin yaxın ətrafı ilə əlaqəli olan həm rəsmi şəxslərin, həm də 17 şirkətin lisenziyaları dondurulacaq. Şirkətlərdən 13-nün ABŞ-dan məhsul çıxarmaları üçün lisenziya lazım gələcək. Rusiyanın hərbi potensialına kömək edə biləcək məhsullar üçün lisenziyalar da verilməyəcək.
Qeyd edək ki, ABŞ-ın sanksiyalaşdırılmış siyahısına Rusiya baş nazirinin müavini Dmitri Kozak, Kreml administrasiyası rəhbərinin I müavini Vyaçeslav Volodin, prezidentin səlahiyyətli nümayəndəsi Oleq Belaventsev, federal mühafizə xidmətinin direktoru Yevgeni Murov, "Rostex" korporasiyasının rəhbəri Sergey Çemezov da düşüb. Şirkətlərin sırasında isə "Volga Group", "Stroytransqaz", SMP Bank, "Transoyl" da yer alıb.
ABŞ tezliklə Rusiya iqtisadiyyatının bir sıra sektorlarına sanksiyalar tətbiq edə bilər. Bunu isə məlum sanksiyaların tətbiqindən dərhal sonra "The Wall Street Journal" qəzetinə açıqlamasında ABŞ dövlət katibi Con Kerri bildirib.
C. Kerri Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına sanksiyaların mümkünlüyü barədə suala cavabında deyib: "Biz hazırda buna fövqəladə dərəcədə yaxınıq. Əgər Rusiya hakimiyyəti hazırda apardığı siyasəti davam etdirsə, biz bu sanksiyaları tətbiq edəcəyik".

Kanada və Yaponiya da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

AÖŞ-ın ardınca Kanada hökuməti də Rusiyanın rəsmi şəxsləri və biznesmenlərinə qarşı sanksiyalar tətbiq edib.
Siyahıda Rusiya Dövlət Dumasının deputatları Vladimir Jirinovski və Aleksey Puşkov, baş nazirin müavini Dmitri Kozak, Kreml administrasiyası rəhbərinin I müavini Vyaçeslav Volodin, habelə tanınmış iş adamları yer alıb.
Yaponiya hökuməti də Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdiyini bəya edib. Müvafiq siyahıya Rusiya rəsmi strukturlarının 23 nümayəndəsi düşüb.
Yaponiya hökuməti də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini bəyan edib.
Sanksiyaları Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ilə əlaqədar tətbiq edilib. Söhbət aralarında dövlət strukturlarının nümayəndələrinin də olduğu 23 Rusiya vətəndaşına Yaponiyaya vizanın verilməsinə qadağadan gedir. Yapon hökuməti həmin şəxslərin adlarını hələ açıqlamayıb.
"Biz Rusiyanı təmkinli olmağa və məsuliyyətli davranış nümayiş etdirməyə çağırmalıyıq" - Yaponiyanın xarici işlər naziri Fumio Kusida belə deyib.
Xatırladaq ki, mart ayında da Yaponiya Krımın ilhaq edilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar paketi tətbiq etmişdi.

Putin: "Onlar
uğursuzluğa
düçar olacaqlar"

Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını əvəzləməsi üçün cəmi 1-2 il vaxt tələb olunur. Bunu Rusiya prezidenti Vladimir Putin Petrozavodsk şəhərində Rusiya müdafiə sənayesinin nümayəndələri ilə görüşündə deyib.
Putin bildirib ki, Ukraynanın müdafiə sənayesi şirkətləri ilə onların rusiyalı müştəriləri arasında əlaqələrin "fəlakətə sürüklənəcəyi" istisna edilmir. Putin bunu Rusiya Ordusunun Ukraynanın müdafiə məhsullarının yeganə alıcısı olması ilə əsaslandırıb. "Rusiya və onun müdafiə sənayesi həm maliyyə, həm də texnoloji cəhətdən ixracat əvəzlənməsi adlanan bu prosesi həyata keçirmək qabiliyyətinə malikdir. Bunun üçün əlavə vəsait və vaxt tələb olunur. Nə qədər vaxt tələb olunur? İstehsalın növündən asılı olaraq, bir və ya iki il. Ukraynanın hərbi-sənaye kompleksi üçür rusiyalı müttəfiqlərlə əlaqələrin qırılması fəlakətə gətirib çıxara bilər. Niyə? Çünki bu məhsullar üçün başqa bazar yoxdur. Bu bazar sadəcə mövcud deyil. Yeganə alıcı Rusiya silahlı qüvvələridir" - Putin belə deyib.
Vladimir Putin ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını dayandırmasının qarşısını almaq məqsədi daşıyan bu sanksiyalar uğursuzluğa düçar olacaq. "Bu, bir-birinə uyğun gəlməyən vasitələrlə edilən cəhdlərdir. Biz adekvat əvəzləmənin yolunu tapacağıq. Biz irəli gedəcəyik, müttəfiqlərimiz isə uğursuzluğa düçar olacaqlar" - Rusiya prezidenti belə deyib.

Saakaşvili:
"Rusiya separatizmi
leqallaşdırır"

"Rusiya separatizmi leqallaşdırmağa cəhd edir". Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı yaranmış vəziyyəti şərh edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
"Onlar demək istəyir ki, öncə əhalinin sayını artırmaq lazımdır, yaxşı demoqrafik balans yaranandan sonra silahlar altında referendum keçirə və ərazi işğalını leqallaşdıra bilərsiniz. Bu, mənim ölkəmdə və bütövlükdə regionda baş verən vəziyyətə oxşayır, lakin uzun çəkməz. İnanmıram ki, 21-ci əsrdə belə asanlıqla sərhədləri dəyişmək olar və bunu nə vaxtsa kimsə leqallaşdırar" - deyə o, söyləyib.

Rusiya Ukrayna ilə
sərhəddə
qoşunlarını geri çəkdi

Ukrayna ilə sərhəddə təlimlərdə iştirak edən Rusiya hərbi qruplaşmaları dislokasiya olunmuş ərazilərə qaytarılıb. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ müdafiə naziri Çak Hegel ilə telefon söhbətində bildirib.
ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon söhbəti dünən baş tutub. S.Şoyqu qeyd edib ki, Ukraynanın şərq bölgələrindəki vəziyyət Rusiya tərəfini genişmiqyaslı hərbi təlimlərə başlamağa məcbur edib. O, həmçinin Rusiya diversiya-kəşfiyyat qruplarının Ukrayna ərazisində olması barədə informasiyaları təkzib edib.
Rusiya müdafiə naziri qeyd edib ki, Ukrayna hakimiyyəti son vaxtlar ölkənin cənubi-şərqində təxminən 80 tank, 130-dan çox piyada döyüş maşını və zirehli avtomobil, ən azı 60 artilleriya topu və minaatan cəmləyib. "Müntəzəm olaraq döyüş aviasiyası cəlb edilir. Ukrayna hərbçilərin buradakı sayı 15 minə çatır. Bütün bunlar Ukraynanın özünün dinc əhalisinə qarşıdır", - S.Şoyqu amerikalı həmkarının diqqətinə çatdırıb.
Xatırladaq ki, Ukrayna ilə həmsərhəd rayonlarda Rusiya hərbi qruplaşmaların hərbi təlimləri 24 apreldə başlamışdı.

Ukrayna qoşunlarını
şərqə yığır

Dünən o da məlum olub ki, Ukrayna hakimiyyəti Rusiya ilə sərhədə 15 mindən artıq qoşun yığıb. Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin məlumatına görə, Slavyansk ətrafında yığılmış əsgərlər və zirehli texnika heç də polis əməliyyatları üçün nəzərdə tutulan səviyyədə deyil. Hazırda şəhərin giriş-çıxışına nəzarət məntəqələri qoyulub və əməliyyatlar növbəti fazaya keçirilib.
Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Slavyansk ətrafında Ukraynanın 11 min əsgəri, 160 tankı, 230 zirehli döyüş maşını, 150-dən topu və minaatanı var.

Ukraynada daha
bir komandir
girov götürüldü

Bu arada məlum olub ki, Ukraynanın Luqansk vilayətində rusiyameyilli qüvvələr Luqanskda "Teymur" xüsusi milis bölməsinin komandiri Teymur Yoldaşevi girov götürüb.
Teymur Yoldaşev Luqansk vilayəti yaxınlığında yerləşən Şastya şəhərinə gələrkən naməlum silahlıların hücumuna məruz qalıb.
Luqansk milis idarəsi açıqlama verib ki, komandir Teymur Yoldaşevin sərbəst buraxılması üçün əllərindən gələni edirlər.
Qeyd edək ki, "Teymur" " xüsusi milis bölməsi bir müddət əvvəl Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən Rusiya diversant qruplarına qarşı yaradılıb.

Güllələnən Xarkov meri ölkədən çıxarıldı

Srağagün sui-qəsd nəticəsində ağır yaralanan Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes isə müalicə üçün İsrailə aparılıb
"İnterfaks-Ukraina" agentliyinin verdiyi məlumata görə, aprelin 28-də Xarkovun Belqorod şosesində naməlum şəxs tərəfindən atəşə tutulan G. Kernesi müayinə etmək üçün İsraildən həkim heyəti dəvət olunub.
Aprelin 29-na keçən gecə Xarkova gələn israilli həkimlər yerli tibb heyətinin işini yüksək qiymətləndirsələr də, xəstənin müalicə üçün İsrailə aparılmasını təkid ediblər. Onlar müayinə nəticəsində belə qənaətə gəliblər ki, xəstənin durumu onu başqa yerə nəql etməyə imkan verir. Nəticədə yerli vaxtla saat 03.20-də G. Kernes təyyarə ilə İsrailə aparılıb.
Qeyd edək ki, G. Kernesin hazırda Ukraynanı idarə edən qüvvələrlə münasibətləri yaxşı olmayıb. Lakin buna baxmayaraq, o, ölkənin ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxıb və yerli separatçılara dəstək verməyib. Rusiya ilə həmsərhəd Xarkov vilayətində separatçıların Donetsk və Luqanskda olduğu kimi sərbəst fəaliyyət göstərə bilməməsində G. Kernesin ciddi rolu var.

Kənan Rzaquliyev