Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı Bakıda beynəlxalq seminar keçirir
07:33 30-04-2014
İQTİSADİYYAT
Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı Bakıda beynəlxalq seminar keçirir
Dünən Bakıda Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) tərəfindən "Elektron sertifikatları və əlaqələr informasiya sistemləri" üzrə beynəlxalq seminar işə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tədbirdə 17 ölkədən 22 nümayəndə iştirak edir.
Seminarın açılışında Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək seminarın əhəmiyyətindən, beynəlxalq təşkilatlarla, o cümlədən EPPO ilə uğurlu əməkdaşlıqdan, elektron sertifikatlaşdırmadan danışıb. Bildirib ki, Azərbaycanın dünyanın bir sıra aparıcı dövlətləri ilə, o cümlədən bu seminarda iştirak edən bitki karantini və mühafizəsi üzrə nümayəndələrin təmsil etdiyi dövlətlərlə digər sahələrdə olduğu kimi, fitosanitariya sahəsində də əlaqələri ilbəil genişlənib, bitki və bitkiçilik məhsullarının idxal-ixrac həcmi artıb. Hazırda Azərbaycan dünyanın 120-dən çox ölkəsi ilə bitki və bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatlarını həyata keçirir.
İ.Quliyev qeyd edib ki, dünyanın 11 dövləti ilə bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında dövlətlərarası sazişlər imzalanıb, 28 dövlətlə saziş layihələri hazırlanaraq qarşı tərəfə təqdim edilib, yaxın zamanlarda sazişlərin imzalanması gözlənilir.
Ötən dövrdə EPPO-nun üzv ölkələri ilə əməkdaşlıq xeyli genişlənib, təşkilatın texniki dəstəyi ilə son illər fitosanitar xidmətin informasiya bazası yaradılıb, bir sıra normativ hüquqi aktlar hazırlanıb, milli mütəxəssislərin beynəlxalq tədbirlərdə iştirakı təşkil edilib.
Beynəlxalq seminarda EPPO-nun baş direktoru Martin Vard və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, elektron sertifikatlaşdırmanın vacibliyindən danışıblar. Diqqətə çatdırılıb ki, bu seminar bitki mühafizəsi və karantini sahəsində ənənəvi münasibətlərin daha da inkişaf etdirilməsinə, üzv ölkələr arasında elmi-texniki və informasiya mübadiləsinin daha da genişləndirilməsinə töhfəsini verəcək. Beynəlxalq seminar aprelin 30-da başa çatacaq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53