Ukraynada müharibə qızışır
Ukraynada müharibə qızışır

Hökumət ölkənin şərqində separatçılara qarşı yeni savaş açdı

Ukraynanın Qorlovka şəhərində şəhər şurası və rayon milis bölməsinin inzibati binaları separatçıların nəzarəti altına keçib. Bu barədə yerli mətbuat xəbər yayıb. Xəbərlərdə həmçinin bildirilir ki, 20-yə yaxın silahlı işğal olunmuş binaya silah-sursat daşıyır.

Bu arada Ukrayna milisləri Slavyanskda daha bir blokpostu, Çerkasskoye kəndində yerləşən postu ruspərəstlərin əlindən geri alıblar. Bundan əvvəl isə Kombikorm zavodu yaxınlığında yerləşən blokpost ələ keçirilmişdi.
Qeyd edək ki, dünən səhər Ukraynanın şərqində hökumətin anti-terror əməliyyatlarını bərpa edilib. Hökumət qüvvələri Slavyansk şəhərinin mərkəzinə doğru irəliləyirlər. Federallaşma tərəfdarlarını özünümüdafiə dəstələri də döyüşə hazır vəziyyətə gətirilib.

Kiyevin mərkəzində
millətçilər və Maydan özünümüdafiə qüvvələri arasında kütləvi dava

Bu arada Kiyevin mərkəzindəki Müstəqillik meydanında millətçi hərəkatların fəalları və Maydan özünümüdafiə qüvvələri arasında kütləvi dava olub. Millətçilər məşəllərlə şəhərin mərkəzində yürüş təşkil ediblər. Onlar Ali Radayadək yürüş edərək ölkənin şərqində vəziyyətin nizama salınmasını tələb etmək niyyətində olublar.
Məlumata görə, Maydandakı barrikadaların birinin qarşısında Maydan özünümüdafiə qüvvələrinin fəalları onların yolunu kəsərək, irəliləməyə mane olublar.
Baş vermiş qarşıdurmada tərəflər gözyaşardıcı qazdan, fişənglərdən istifadə ediblər. Bir neçə nəfər xəsarət alıb.

Putin: "Ukraynada
böhranı ABŞ yaradıb"

"Ukraynada böhranın səbəbkarı ABŞ-dır". Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.
"Ukraynadakı böhranın aradan qaldırılması prosesində ABŞ-ın həddən artıq canfəşanlıq etməsi göstərir ki, ölkədə gərginliyi o elə özü yaradıb. İlk vaxtlarda ABŞ kölgədə qalmağa üstünlük verirdi. Çünki onun maraqları avropalı tərəfdaşlarının maraqları ilə üst-üstə düşürdü. Avropa İttifaqı, zənnimcə Ukraynaya sərf etməyən şərtlər əsasında Şərq tərəfdaşlığı sazişini imzalamaq istəyirdi. Əvvəlki hakimiyyət buna qarşı mübarizə aparmaq istəyirdi. Lakin Qərb birliyi başqa ssenari həyata keçirdi. Fəsadlarının nə olacağının fərqinə varmadan çevriliş edərək, hakimiyyəti zorla ələ keçirdilər", - Rusiya prezidenti deyib.
Putin həmçinin əlavə edib ki, Ukraynada əhalinin böyük əksəriyyəti Qərbin bu kimi əməllərindən narazıdır. Prezidentin sözlərinə görə, bu insanlarla hesablaşmaq lazımdır.

Moskva: "Bu, Kiyevin ağılsızlığı idi"

ATƏT-in hərbi inspektorlarının Slavyansk şəhərinə göndərilməsi provokasiya və ağılsızlıq idi. Bu sözləri isə BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın qurumdakı daimi nümayəndəsi Vladimir Çurkin deyib.
"Kiyevdəki hakimiyyət onları dəvət edibsə, təhlükəsizliyi üçün də cavab verməli idi. Statusunu təsdiq edən sənədlərlə təmin etməyib özünümüdafiə gücləri tərəfindən nəzarət olunan əraziyə hərbi inspektorların göndərilməsi necə mümkün ola bilərdi?", - Rusiyanın BMT-dəki daimi nümayəndəsi rəsmi Kiyevə sual ünvanlayıb.
V.Çurkin ATƏT-in hərbi inspektorların azad olunmasına yardım etməyə çalışdığını deyib.
Qeyd edək ki, ATƏT-in 8 nümayəndəsi və Ukrayna Silahlı Qüvvələrinin 3 zabitindən ibarət qrup 25 aprel tarixində Slavyanskda ekstremistlər tərəfindən tutulub. Sonradan hərbi inspektorları daşıyan avtomobilin sürücüsü olan ukrayna vətəndaşı və İsveçdən olan br zabit sərbəst buraxılıb. Məlumata görə, isveçli zabit diabetli xəstə olub.

Ukraynanın müvəqqəti prezidentindən
müharibə siqnalı

Rusiyanın ölkəyə hücum ehtimalı ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. UNİAN agentliyinin verdiyi məlumata görə, bunu vilayət dövlət administrasiyalarının rəhbərləri ilə Kiyevdə keçirdiyi müşavirədə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deyib.
A. Turçinov Donetskdə vəziyyətə nəzarət edə bilmədiklərini etiraf edib: "Bu gün Donetsk şəhərində hakimiyyət situasiyaya nəzarət edə bilmir. Donetsk vilayətinin bir hissəsində də vəziyyət belədir".
A. Turçinov Luqansk vilayətində Təhlükəsizlik Xidmətinin, vilayət administrasiyasının və prokurorluğun binalarının ələ keçirildiyini, Daxili İşlər İdarəsinə hücumun isə dəf edildiyini bildirib: "Donetsk vilayətində xüsusilə təhlükəli vəziyyət yaranıb. Slavyansk şəhəri Rusiyanın nəzarətindəki terrorçu və təxribatçı qruplar tərəfindən ələ keçirilib".
Yerli güc strukturlarının Donetsk və Luqanskda vəziyyəti nəzarət altına almağa qadir olmadıqlarını söyləyən müvəqqəti prezident qeyd edib ki, təxribatçı qruplar may bayramları zamanı Xarkov, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində də vəziyyəti gərginləşdirmək tapşırığı alıblar: "Mən bu regionların rəhbərlərinə və güc strukturlarına müraciət edirəm ki, işi gücləndirsinlər. Kəşfiyyatın məlumatlarına görə, müxtəlif təxribatlar baş verə bilər. Lakin panikaya düşmək lazım deyil".

Putin qələbəsini
Ukraynada elan edəcək

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev 9 mayda Sevastopola gələcək.
"RBK-Ukrayna" informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə "Krım Respublikası Dövlət Şurası"nın mətbuat xidməti bildirib.
"Vladimir Putin və Dmitri Medvedev Böyük Vətən Müharibəsi münasibətilə keçiriləcək paradda iştirak edəcəklər", - mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, Sevastopol Krımın inzibati sərhədlərinə daxil deyil və xüsusi statuslu şəhərdir. Buna baxmayaraq, şəhərdə Krım Muxtar Respublikası ilə eyni vaxtda - 16 mart 2014-cü ildə referendum keçirilib və birtərəfli şəkildə Ukraynadan ayrılıb.
Martın 18-ində isə Krım və Sevastopol Rusiyaya birləşib. Rusiya baş naziri həmin tarixdən sonra Krımda olsa da, bu, V.Putinin ilhaq olunan ərazilərə ilk səfəridir.

"Ukraynadakı
üsyançıların əksəriyyəti yerli əhali deyil"

Ukraynada hökumət qarşı çıxan ruspərəst üsyançıların hərbi rəhbəri İqor Strelkovun açıqlamaları ölkədə baş verən gərginliyin görünməyən tərəflərini üzə çıxarıb.
Slovyansk şəhərində çıxışı zamanı Strelkov qeyd edib ki, o, Ukraynaya Krımdan gəlib və üsyançıların əksəriyyəti yerli əhali deyil.
Bir qədər əvvəl rəsmi Moskva gərginliyin daxildən baş qaldırdığını iddia etsə də, Strelkovun bu sözləri həmin iddiaları təkzib edib.
"Burada olmağım Krımdakı fəaliyyətimlə bağlıdır. Dostlarım mənə müraciət edərək Krım ssenarisinin Donetsk və Luqanskda da təkrarlamasına kömək etməyimi istədilər" - deyə Strelkov qeyd edib.

Kanada Ukraynaya
görə qırıcılarını
Rumıniyaya göndərdi

Kanada NATO-nun Ukrayna hava müdafiəsini gücləndirmə missiyası ilə əlaqədar Rumıniyaya 6 ədəd CF-18 qırıcı təyyarəsi göndərib. Bu addımı atmaqda məqsəd Şərqi və Mərkəzi Avropada təhlükəsizliyin təmin olunmasıdır.
CBC telekanalının məlumatına görə, Kanadanın 6 qırıcısı bu gün Beqotvil hərbi-hava bazasının tərk edib. Təyyarələrlə yanaşı Kanada həm də ölkəyə yüzlərlə hərbi qulluqçu da göndərib.Telekanalın məlumatına görə, sadəcə bir tapşırıqda Kanadanın 250-ə qədər hərbi qulluqçusu iştirak edəcək.
"Biz Rumıniyaya çatanda hər gün Beqotvildəki kimi uçuşlar həyata keçirəcəyik. Fərq sadəcə o olacaq ki, burada biz Rumıniya və NATO-nun digər ölkələri ilə birgə hərbi təlimlərdə iştirak edəcəyik" - deyə Beqotvilin general-leytenantı İvan Blondin mətbuat konfransında bildirib. Missiya rəhbəri hərbi hava qüvvələrinin Rumıniyada nə qədər qalacağı barədə məlumat verməyib.

ABŞ Yanukoviçin
bank hesablarının "ov"una başladı

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin xarici ölkələrdəki bank hesablarının axtarışı ilə məşğul olan xüsusi qrup yaradıb. Xüsusi qrup Yanukoviçin bank hesablarını araşdıran prokurorluq orqanlarına və müstəntiqlərə kömək edəcək. Bu barədə ABŞ Baş prokuroru Erik Holder açıqlama verib.
Onun sözlərinə görə, Böyük Britaniya Ukrayna hökumətinə Viktor Yanukoviçin prezidentliyi dövründə ölkədən çıxarılan pulların geri qaytarılması istiqamətində kömək etmək üçün beynəlxalq danışıqları davam etdirir. "Amerikalı müstəntiqlər, agentlər və prokurorluq orqanlarının digər işçiləri ölkədən çıxarılan pulların izinə düşmək üçün Ukraynanın yeni hökumətinə kömək etmək məqsədilə Kiyevə yollanıb", - deyə Erik Holder bildirib.
ABŞ Rusiyanın
Avropadakı
enerji monopoliyasını əlindən alır

ABŞ-ın dövlət katibi Con Kerri Avropa ölkələrini Rusiya qazından imtina etməyə çağırıb. Ukrayna mətbuatının məlumatına görə, C.Kerri bildirib ki, ABŞ Avropanın enerji təhlükəsizliyini təmin edə bilər.
Dövlət katibinin sözlərinə görə, Avropa ölkələrinin Rusiyadan olan qaz asılılığını həll etmək üçün tədbirlər xüsusi planı hazırlamalıdır: "ABŞ və Avropa İttifaqı Krımın işğal edilməsinə görə, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi. Lakin Rusiya Xarici İşlər Nazirliyi bu addımları səmərəsiz və qeyri-ciddi adlandırdı. Amma ABŞ qısa zaman kəsiyində Avropanın Rusiyadan olan qaz asılılığı problemini həll edəcək. Amerika hələ enerji ixracatına başlamayıb".

Bzejinski Ukrayna ilə bağlı resept verdi və
Putini hədələdi

Dünən həmçinin dünya miqyaslı politoloq və sovetoloq, ABŞ prezidentini milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bzejinski Ukrayna dövlətçiliyinin qorunması ilə bağlı öz reseptini verib. Bu barədə 112.ua saytı "The Wall Street Journal"a istinadən xəbər verir.
Onun sözlərinə görə, Qərb eyni vaxtda iki məqsəd güdməlidir: "Birincisi, dəqiqləşdirmək ki, Rusiya ilə anlaşmaq mümkündür ya yox? İkincisi, rusiyalılara, xüsusən də Putinə bunu başa salmaq ki, anlaşma alınmasa hansı nəticələr olacaq? Qərb Rusiya ilə bu məsələdə anlaşmalıdır ki, Ukrayna sərbəst şəkildə, özünün müəyyən elədiyi avropalaşma hədəfinə doğru gedir. Bu zaman Ukrayna NATO-ya girməməli, onun AB-nin tamhüquqlu üzvlüyü bir qədər ertələnməlidir. Eyni zamanda Avrasiya İttifaqına da qoşulmamalıdır".
Politoloq həmçinin, hesab edir ki, Krım məsələsinin həllini başqa vaxta saxlanmalı, zamanı yetişəndə isə yarımadaya "kondominium" prinsipi əsasında sahiblənmək haqda saziş əldə eləməkdə ona Qərb kömək eləməlidir. "Ukraynaya şəhər döyüşləri üçün yararlı olan müdafiə xarakterli silahlar təklif etmək lazımdır, özü də bu vədi indi, silahı isə lazım olanda vermək lazımdır" - deyib Bzejinski. O, Qərbi Kiyevə Ukrayna ordusunu bərpa etmək və şəhər şəraitində uzunmüddətli müqavimət göstərməkdə köməkçi olmağa da çağırıb.
Obamanın Rusiyaya qarşı sanksiyalarını təqdir edən siyasi xadim bu ölkənin iqtisadiyyatının sanksiyaların genişlənməsinə tab gətirə bilməyəcəyi qənaətindədir. "Odur ki, cəzaların miqyası genişləndirilməlidir" - deyib.
Bundan başqa, Bzejinski rusiyalılara Ukrayna qeyri-dost ölkə olarsa, nələrin olacağı haqda yaxşı-yaxşı götür-qoy eləməyi, Putinə isə xarici qüvvələrin Rusiya daxilində iri etnik azlıqlar problemi yaratmaq imkanında olmasından ehtiyatlanmağı" məsləhət görüb.

Kənan Rzaquliyev