"Yaxşı oğlanlar" narkomaniya girdabında
11:43 13-05-2014
KRİMİNAL
"Yaxşı oğlanlar"
narkomaniya girdabında
Gəlin xalqımızı bu bəladan qoruyaq!
Televiziya verilişlərinin birində göstərilən bir kadrı heç unutmuram. Ana fəryad edir, nalə çəkir, ətrafındakıları köməyə çağırır. Hamını balasını "əsrin bəlası" narkomaniyanın pəncəsindən xilas etməkdə ona yardımçı olmağa səsləyirdi.
Maraqlı məqam da bu idi ki, oğul ananın yanında əyləşir, sakitcə bu mənzərəni seyr edirdi. Ana isə hamıya izah etməyə çalışırdı ki, oğlu yaxşı oğul olub. Ailəcanlı, valideynə hörmət edən, böyük-kiçik yeri bilən və s.
Bu yerdə Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsərindən bir epizodu xatırladım."Manqurt" əfsanəsi. Bu oğlan mənim nəzərimdə canlı bir manqurt idi ki, ananın düşməninə çevrilmişdi. Heç olmasa əfsanədəki manqurt birdəfəlik ananın canını alırdı. Amma bu manqurt qətrə-qətrə ananın qanına susamışdı. Anasının göz yaşlarına laqeydcəsinə baxır, soyuq nəzərləri ilə sanki bir müqəvva idi. Onun başına nə dəvə dərisi keçirmişdilər, nə də qulağına pıçıldayaraq "Sənin heç kimin yoxdur," demişdilər.
Bu "yaxşı oğlan" narkomaniyanın əsirinə çevrilmişdi. Əli Kərim demişkən: "Sən ki dərd verdin, oğul, sənə həyat verənə".
Belə yaxşı oğlanlardan birini də mən tanıyırdım. Qeyrətli, boylu-buxunlu oğlan narkomaniyaya qurşanmışdı. Iki qız uşağı var. Ikincisi şikəstdir. Necə şikəstdir? İlk baxışdan atası kimi ucaboy, qamətli qızdır. Amma düşünmə qabiliyyəti çox zəifdir. Məktəbdə yazmaq, oxumaq öyrənə bilmədi. Ata beşinci dəfədir ki, həbsxanadadır. Hər dəfə həbsdən çıxanda "tövbə etmişəm, əlimdə ərə getməli qız uşaqlarım var, mənə pis əməllər etmək yaraşmaz" , - deyir. Hər dəfə də yalvarır ki, məni məscidə aparın, günahlarımı yuyum, namaz qılacağam və s. Təbii ki, bütün bunlar sözdə qalır. Iş o yerə çatdı ki, səfil vəziyyətdə yaşayan, evdən oğurluq edərək son əşyalara qədər satan bu oğlan sonda ailəsinə himayədarlıq edən qardaşının da evindən oğurluq etdi və getdi "gedər-gəlməzə".
Qloballaşma dövründə insanlıq hara gedir? Əslində sivilizasiyalı dünya nəyə hesablanıb və nəyə hesablanmalıdır? Əlbəttə insanlığa xidmət etməyə.
Hər şey insanın rifahı naminə düzənlənən dünyamızda niyə narkomaniyaya rəvac verilir? Nədir buna səbəb? Günahı nədə görək, kimdə görək? Düşünürəm ki,insan iradəsizliyi. Bəli, o "yaxşı oğlan" adlandırdığımız şəxslər qurbana çevrilir. Öz ehtiraslarının qurbanına. Digər "yaxşı oğlanları" da ardınca sürükləyirlər.
İkinci səbəb "yaxşı oğlanların" nəsli. Əksər vaxt davam edən nəsil ya şikəst olur, ya da ki, valideynləri kimi "yaxşı oğlana" çevrilir.
Gəlin düşünək, iradəmizə hakim kəsilək, insanlığı bu bəladan qoruyaq.
Bikəxanım Səlimova
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08