Ukraynada qan su yerinə axır
Ukraynada qan su yerinə axır

Slavyansk şəhəri yaxınlığında 54 separatçı öldürüldü, Kramatorskda isə 7 hərbçi həlak oldu

Ukrayna Daxili İşlər Nazirliyinin "Yaquar" xüsusi təyinat dəstəsi Slavyansk şəhəri yaxınlığında gedən döyüşlərdə 54 separatçını məhv edib. Bu barədə Ukrayna Milli Qvardiyasının 1-ci batalyonunun komandiri Andrey Antonişak mətbuat konfransında bildirib.

"Dəstənin pusquya düşməsinə, onun snayper və qumbaraatanlardan atəşə tutulmasına baxmayaraq cavab atəşi ilə 54 separatçı öldürülüb", deyə Antonişak bildirib.
Bundan əvvəl verilən xəbərə görə, Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 7 hərbçi həlak olub. Bu barədə isə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.

Donetskdə
separatçılardan
yeni həmlə

Dünən o da məlum olub ki, Donetskdə separatçılar Ukrayna Şərq Bölgə Komandanlığı İdarəsinin rəisi Yuri Lebedi əsir götürüblər. Yerli KİV-in məlumatına görə, Krımın işğalı zamanı Lebed yarımadada DİN Daxili Qoşunlarının xüsusi təyinat alayına komandanlıq edib.
Məlumatda bildirilir ki, Krım Rusiya tərəfindən işğal olunduqdan sonra ukraynalı zabit Rusiya vətəndaşlığını qəbul etməkdən imtina etmişdi.

Ternopolda terror aktının qarşısı alındı

Ukraynanın şərqində yerləşən Ternopol şəhərində isə terror hadisəsinin qarşısı alınıb.
Xarici KİV-in verdiyi xəbərə görə, ölkənin xüsusi xidmət orqanları Ternopol şəhərinin mərkəzində yerləşən yarımçıq tiklidə partlamağa hazır olan 9 kiloqram partlayıcı aşkar edib.
Ukrayna xüsusi xidmət orqanları partlayıcını labaratoriyaya apararaq orada onu zərərsizləşdiriblər. Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, artıq bir neçə gündür ki, onlar dəfələrlə Ukrayna ərazisində planlaşdırılan terror aktları barədə məlumatlar yayıblar və bildiriblər ki, bütün terror cəhdlərinin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır.

Vaşinqton kosmosdan növbəti dəfə
Putini təkzib etdi

Bu arada ABŞ Dövlət Departamenti Ukrayna sərhədi yaxınlığında Rusiya hərbi qruplaşmalarının yerləşdiyini göstərən yeni fotonu yayımlayıb. unian.net saytının verdiyi məlumata görə, foto peykdən çəkilib.
Xəbərə görə, 12 May tarixində çəkilən fotoda hərbi qruplaşmaların Rostovda - Ukrayna sərhədinin 75 kilometrliyində olduğu görünür. Bildirilir ki, Rusiya hərbi texnikası faktiki olaraq 23 Martdakı mövqeyində qalır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl hərbi qruplaşmaların Ukrayna sərhədindən geri çəkildiyini bildirmişdi. O, qeyd etmişdi ki, bunu kosmosdan da yoxlamaq mümkündür.
Amerikalıların kosmosdan çəkdiyi foto isə bunun əksini deyir.

Qərb mətbuatı:
"NATO ilə müharibədə Rusiyanın şansı yoxdur"

Rusiya Federasiyasının qərbin hərbi-siyasi bloku olan "NATO" ilə müharibədə qələbə şansı yoxdur. NATO qüvvələri Rusiya ordusunu sayca bir neçə dəfə üstələyir. Lakin ruslarda nüvə silahının olması NATO-nu ona qarşı hərbi əməliyyatlardan çəkindirir. Bu barədə Qərb KİV-nin Rusiya Silahlı Qüvvələri və NATO qüvvələri arasında fərqlər barədə yaydığı məlumatda bildirilir.
"Zəif texnologiyalar, hərbi sahədə kiçik xərclər və az sayda ordu. Kağız üzərində Rusiya NATO-u ilə müharibədə Rusiyanın qələbə qazanmaq şəxsləri yoxdur", - deyə məlumatda bildirilir.
Müdafiə xərclərini azaltmasına baxmayaraq Şimali Atlantik blokun bu sahəyə ayırdığı vəsaitlərin miqdarı 950 milyard dollar təşkil edir. Rusiyada isə bu məbləğ 90 milyard dollardan aşağıdır.
NATO ordusunda 3,5 milyon hərbçi xidmət edir, Rusiyada isə bu göstərici 766 mindir. Alyansın 14 min təyyarə və helikopteri, 900 hərbi gəmisi var, Rusiya ordusunda isə bu göstərici 2,5 min təyyarə və helikopter, 250 hərbi gəmidir.
Alyansda həmçinin Rusiyadan iki dəfə çox tank, zirehli texnikaya malikdir. Üstəlik Rusiyaya məxsus texnikaların yarısı SSRİ zamanında istehsal edilib.
Eyni zamanda məqalədə vurğulanır ki, Rusiya NATO üzərində ən əsas üstünlüyə malikdir. Belə ki, rəsmi Kreml özü müstəqil siyasətini formalaşdıra bilər, Alyans isə aparacağı siyasəti alyansa üzv olan bütün 28 ölkə ilə razılaşdırmalıdır. Bəzən isə bunun üçün illər lazım olur.

Olland:
"Rusiyaya qarşı
sanksiyalar
sərtləşdiriləcək"

Fransa prezidenti Fransua Olland mayın 25-də Ukraynadakı seçkilərinin baş tutmayacağı təqdirdə Rusiya və rusmeylli qüvvələrə qarşı sanksiyaların sərtləşdiriləcəyinə dair söz verib. Bu barədə o, gürcü həmkarı Georgi Marqvelaşvili ilə Tbilisidə keçirilən görüş zamanı bildirib.
"Bizim Rusiya məsələsində sərt mövqeyimiz olmalıdır. Prezident seçkiləri baş tutmayacağı və ya Ukraynada vəziyyətin yenidən gərginləşəcəyi təqdirdə ona qarşı sanksiyalar daha da sərtləşdiriləcək", - deyə Olland vurğulayıb.
Öz növbəsində Georgi Marqvelaşvili separatçıların keçirdiyi referendumu tanımadıqlarını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

Polşa Rusiyaya qarşı 10 min diversant hazırlayır

Ukraynanın şərqində baş verən hadisələrdən nəticə çıxaran rəsmi Varşava 10 minə yaxın kontdiversant hazırlamağa başlayıb.
Yeni bölmələr, demək olar ki, ölkənin bütün qurumlarında formalaşdırılır.
Polşanın belə qərara gəlməsinə səbəb Rusiya tərəfindən mümkün təxribatların, hərbi müdaxilənin qarşısının alınmasıdır.
Polşa Müdafiə Nazirliyi artıq bu barədə Milli Müdafiə Akademiyasına müvafiq göstəriş və tapşırıqlar verib. Akademiyanın nümayəndəsi Boquslav Paçek bildirib ki, onlar Ukrayna münaqişəsindən özləri üçün nəticə çıxarıblar. Əlavə edib ki, formalaşacaq yeni bölmələr düşmənin qurudan hücumunun qarşısının alınmasına, həmçinin təxribatçı xüsusi təyinatlıların planlarının neytrallaşdrılmasına hesablanıb.
Kontdiversantlara müəyyən miqdarda maliyyə mükafatları da nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Polşa ordusunun əsgərlərinin sayı 100 min, könüllü və muzdlular isə 20 min civarındadır.

Putin Ukraynada
nə axtarır?

Mayın 12-də özünü müstəqil elan edən "Donetsk Xalq Respublikası"nın liderləri Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər. Kremlin xahişə hansı reaksiya verəcək və Donetsk Putinə lazımdırmı? gordonua.com saytı bu suala cavab tapmaq üçün ekspertlər və siyasilərə müraciət edib (publika.az).
Rusiyanın siyasi və iqtisadi ekspert, Dövlət Dumasının sabiq deputatı Konstantin Borovoy hesab edir ki, Putinə yalnız Donetsk deyil, bütün Ukrayna, üstəlik Dnestryanı, Latviya və Estoniyanın bir hissəsi lazımdır. O, qeyd edir ki, Putinnin "Donetsk Xalq Respublikası"nın çağırışına hələ ki reaksiya verməməsi Donetskdən imtina anlamına gəlmir. "Əksinə, 25 May prezident seçkisinə qədər Rusiya hərbi hərəkətlərə başlayacağına şübhə etmirəm və bunu sülh əməliyyatı adlandıracaq. Əməliyyatda Belarus da iştirak edəcək. Krımın zəbt edilməsi zamanı beynəlxalq cəmiyyətin fəaliyyətsizliyi onunla bağlı idi ki, Qərb siyasətçiləri Putinin yalnız Krımla kifayətlənəcəyini güman edirdi. Onlar hətta Ukraynaya yarımadadan imtina etməyi təklif edirdilər. Amma bu gün hər şey aydın oldu. Putinin hədəfi yalnız Krım və ya Donetsk deyil, bütün Ukraynadır", - rusiyalı ekspert deyib.
Onun fikrincə, hazırda Ukrayna qarşısında iki əsas vacib məsələ dayanır: "Birincisi, təcili şəkildə ölkənin sərhədlərini qoruyacaq və Krımı işğaldan azad edəcək ordunun yaradılmasıdır. İkinci məsələ iqtisadi və siyasi sistemin bərpasıdır. Dövləti saxlamaq üçün hər iki məsələ tezliklə həll edilməlidir. Əks halda Ukrayna "Putin imperiyası"nın koloniyası olacaq".
Ukrayna Ali Radanın deputatı, biznesmen Valeri Moşenki də bildirir ki, Putinə yalnız Donetsk deyil, Hitler kimi bütün dünya lazımdır: "Rusiya prezidentini anlamaq sağlam düşüncəli insan üçün çox çətindir. Əgər Putini dayandırmasaq, onda çox uzağa gedəcək. Mən Donetskin verilməsinə hazır olan insanların fikirlərini qəti şəkildə bölüşmürəm. Vətəni müdafiə etmək lazımdır, çünki bu Vətəndir. Mən öz evimi heç kəsə verməyəcəyəm. Krım verdilər, indi növbə Donetskinindir. Kim deyir ki, düşmən bununla dayanacaq? Zəiflə həmişə onun layiq olduğu kimi rəftar edirlər".
Ukraynalı deputat bildirir ki, Putin Odessa, Herson və Nikolayev, Dnestryanı və Baltikyanı ölkələrlə bağlı da eyni şeyi düşünür.
Ukrayna Bazar İslahatları Mərkəzinin prezidenti, iqtisad elmləri doktoru Vladimir Lanovoy hesab edir ki, Putin Ukraynada neft, təbii və şist qazının çıxarılmasının qarşısını almaq istəyir. Amma o, Donetskin Putinə lazım olmadığını bildirir: "Donetsk Rusiya büdcəsi üçün ağır yük olacaq. Çünki, maddi yardım və dotasiya tələb edir. Putinə üçün ən azından Ukraynanın Avropa Birliyinə daxil olması perspektivinə son qoymaq lazımdır. Məlumdur ki, hərbi münaqişədə olan ölkələr Avropa Birliyinin üzvü ola bilməzlər".
Ali Radanın deputatı, Regionlar Partiyasının fraksiya rəhbərinin müavini Oleq Çarev suala sualla cavab verib: "Donetsk Obamaya lazımdırmı?"
Politoloq, tarixçi Aleksandr Palin hesab edir ki, Putinin hədəfi Donetskdə bütün Ukraynada qeyri-stabil vəziyyət yarada biləcək terror yuvasını yaratmaqdır: "Məhz bunun üçün orada terrorçular və separatçılar rəqs edirlər. Öz-özlüyündə Donetsk Putinə lazım deyil. Donetsk Putinə yalnız Ukrayna üçün ilgək olaraq lazımdır. Region demoqrafik, əmək və iqtisadi baxımdan tükənib. Region Rusiyaya birləşərsə və pensiyaları ödəməyə başlayarsa, bu Rusiya büdcəsi üçün böyük yük olacaq. Donetsk bu gün sosial faciə zonasıdır. Uzun müddət bizə danışırdılar ki, bu region hamını yedirir, amma əslində heç də deyil. Regionalr Partiyası region iqtisadi kollapsa qədər çatdırdı. Sənaye istehsalının aşağı düşməsi 2012-ci ildən davam edir. Ukraynanın yalnız 9 regionu 2014-cü ilin birinci rübü ərzində istehsalı artırıb. Donetsk vilayətində iqtisadi gerilik 15 faiz olub. Putin bütün Ukraynada qeyri-stabil vəziyyət yaratmaq üçün Donetskdən istifadə edir. Onun planı Donetskdə terror yuvasını yaratmaqdır".

Kənan Rzaquliyev