Hər bir turizm marşrutunun kommersiya əsası olmalıdır
10:07 16-05-2014
İQTİSADİYYAT
Hər bir turizm marşrutunun kommersiya əsası olmalıdır
Ekspert: "O ölkəyə turizm axınına xidmət etməlidir"
Türkiyə-Azərbaycan-Gürcüstan turizm marşrutunun yaradılması ideyası gündəmə gəlib. Xatırladaq ki, bununla bağlı fikirlər bir neçə gün əvvəl Türkiyə Turizm Şirkətləri Assosiasiyasının (TURSAB) baş katibi Çetin Gürcünün Bakıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə səslənib. Bildirilib ki, üç qonşu ölkəni əhatə edən marşrut bu ölkələrdə turizmin inkişafına müsbət təsir göstərər.
Azərbaycan Turizm Assosiasiyasının dəvəti ilə ölkəmizə gəldiklərini deyən Ç.Gürcü mətbuata açıqlamasında bildirib ki, səfərin məqsədi Azərbaycandan Türkiyəyə turist aparmaq yox, əksinə, Türkiyədən Azərbaycana turist gətirməkdir: "Azərbaycandan il ərzində 600 min nəfərə yaxın turist Türkiyəyə səfər edir. Amma Türkiyədən buraya gələnlər azdır. Hesab edirəm ki, Azərbaycana yetərincə Türkiyə vətəndaşının gəlməməsi bizim nöqsanımızdır. Ona görə də Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərən 21 turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə gəlmişik. İstəyirik onlar Azərbaycanın turizm potensialı ilə yaxından tanış olsunlar, həmkarları ilə əlaqələr qursunlar. Türkiyəyə döndükdən sonra tur proqramları hazırlayacağıq və onları vətəndaşlarımıza təqdim edəcəyik. Biz hər zaman "Bir millət-iki dövlət," deyirik. Bunun yalnız söz olaraq qalmaması lazımdır. Mən gələrkən TURSAB üzvlərinə də dedim ki, Türkiyənin daxilində necə turpaketlər hazırlayıb təqdim edirsinizsə, eləcə də Azərbaycanla bağlı hazırlayın".
Çetin Gürcün qeyd edib ki, TURSAB-ın 7600 üzvü var. Bu dəfə Azərbaycana 21 şirkətin təmsilçisi gəlib: "Növbəti səfərlərimizdə digər şirkətlərin nümayəndələrini də gətirəcəyik. Yaxın vaxtlarda TURSAB-ın xarici ölkələrə tur təşkil edən komissiyasının üzvlərinin səfərini təşkil etmək niyyətimiz var. Bir məqamı da diqqətinizə çatdırım ki, Azərbaycana tur təşkil edən turizm şirkətlərinə təşkilatımız tərəfindən xüsusi dəstək veriləcək. Türkiyədə turizm fəaliyyəti göstərmək üçün mütləq Türkiyə Turizm Nazirliyinin rəsmi icazəsi olmalıdır. Amma bu icazəni almağın birinci şərti TURSAB-a üzv olmaqdır. TURSAB-ın üzvü olmayan şirkət heç bir halda fəaliyyət üçün sertifikat ala bilmir. Bu qayda "Turizm haqqında" qanunla tənzimlənir. Bu halda biz bütün turizm şirkətlərinin fəaliyyətinə nəzarət edə bilirik. Türkiyədə turizm şirkətləri A, B, C kateqoriyalarına bölünür. Hər kateqoriyanın öz işi var. Məsələn, Türkiyəyə turist gətirən şirkətlərin onlara göstərdiyi xidmətlərin keyfiyyəti, Türkiyə vətəndaşları üçün tur təşkil edən şirkətlərin fəaliyyəti və s. məhz bu kateqoriyalarla müəyyənləşdirilir. Beləliklə, TURSAB-ın nəzarəti altında Türkiyədə turizm keyfiyyət və kəmiyyət baxımından günü-gündən inkişaf edir".
AZTA İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, Türkiyə azərbaycanlı turistlərin hər zaman maraq göstərdiyi bir istiqamətdir: "İki ölkənin turizm assosiasiyalarının başlıca məqsədi qarşılıqlı turizm səfərlərinin yüksək səviyyədə təşkilinə yardım etməkdir. Qurumun tərkibinə daxil olan 20-dən artıq turizm şirkətinin rəhbəri ölkəmizə gəldi, mühüm görüşlər keçirildi. Bu turizm şirkətlərinin fəaliyyəti əsasən ölkədən kənarda Türkiyə vətəndaşlarının istirahətini təmin etməkdən ibarətdir. Onların vasitəsilə həmin turistləri ölkəmizə cəlb etmək niyyətindəyik. Müxtəlif kombinəedilmiş turlar təşkil etməyi nəzərdə tuturuq. Uzaq ölkələrdən Türkiyəyə gələn turistlər adətən bir ölkəni gəzməklə kifayətlənmirlər. Onlar qonşu ölkələrə də səyahət etmək istəyirlər. Ötən əsrin 70-ci illərində amerikalı turistlər üçün çox məşhur bir turpaket təqdim edilirdi. Bu turpaket Yunanıstan və Türkiyəni əhatə edirdi. Bu sistem hələ də davam edir. İndi biz uzaq ölkələrdən gələn turistlər üçün Türkiyə, Azərbaycan və Gürcüstanı da əhatə edə biləcək vahid bir turpaket hazırlamaq niyyətindəyik".
Azərbaycan Turizm Universitetinin kafedra müdiri Bahadur Bilalov düşünür ki, hər bir marşrut düzgün hesablanmalıdır. Ekspertin fikrincə, kommersiya marşrutuna ayrı, vətənpərvərlik ruhunun təbliği və s. marşrutlara yanaşma ayrı olmalıdır: "Turistlər Yaponiyadan, Taylanddan, yaxud digər ölkələrdən yalnız bir ölkəyə gəlmirlər. Onlar üçün maraqlıdır ki, bir səfər zamanı bir neçə ölkəni gəzsinlər. O nöqteyi-nəzərdən kombinə olunmuş turizmə böyük ehtiyac var. O ki qaldı türklərin Azərbaycana, Gürcüstana, yaxud əksinə, səfərlərin təşkilinə, təbii ki, bunu da etmək olar. Amma bu, nə dərəcədə əhəmiyyətli olacaq, türklər bunu qəbul edəcəklərmi, bu, bir qədər sual doğuran məsələdir. Çünki Gürcüstana Türkiyədən daha rahat gedib-gəlmək olur. Bu prizmadan yanaşdıqda, Azərbaycana nə qədər maraq doğuracaq bu marşrut, hər halda yəqin ki, müəlliflər düşünüblər". B.Bilalovun sözlərinə görə, hər bir marşrut yaradılanda bunun elmi əsasları olmalıdır: "Hər tərəfli düşünülməlidir ki, bu, kommersiya nöqteyi-nəzərindən sərfəlidir ya yox. Mən sizə bir misal deyim. Bir zaman Türkiyəylə ortaq surətdə "Babaların zəfər yolu" adlı marşrut yaradılmışdı. Qafqaz-İslam ordusunun Azərbaycana gəlişi və buradakı döyüş yerləri ilə bağlı idi həmin marşrut. Mən onda da qeyd edirdim ki, o marşrutun kommersiya əsası yoxdur, daha çox vətənpərvərlik ruhunda tərbiyəvi bir marşrutdur. Zaman göstərdi ki, mənim fikirlərim düzdür, çünki bu gün o marşrutun yalnız adı var. Ona görə də hər hansı bir marşrutu hazırlayanda düşünmək lazımdır ki, bunun məqsədi kommersiyadır, yoxsa başqadır. Amma hər bir halda, hər bir marşrut ölkəyə turizm axınına xidmət etməlidir".
Həbibə Abdulla
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17