"İdeal" ölkənin parfümeriya bazarında təhlükə yaradıb
10:26 16-05-2014
İQTİSADİYYAT
"İdeal" ölkənin parfümeriya bazarında təhlükə yaradıb
Ekspertlər Azərbaycanın ətriyyat bazarında dəri xərçəngi yarada biləcək məhsulların satıldığını iddia edirlər
Xəbər verildiyi kimi, bir neçə gün öncə Azərbaycan polisi yarım tondan çox keyfiyyətsiz ətir müsadirə edib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhərin 9-cu məhəlləsinin ərazisində şəhər sakini Xəqani Qasımova məxsus qarajda Samir İsrafilova və Bakı şəhər sakini Namiq Vəliyevə məxsus mənşəyi bilinməyən və keyfiyyətsiz 13 ədəd 5 litrlik və 600 ədəd 1 litrlik qablarda (ümumilikdə 665 litr) ətir aşkar edilərək götürülüb.
Bu hadisədən sonra ölkədə parfümeriya bazarına diqqət daha da artıb. Aidiyyatı orqanlar kiçik müəssisələrə deyil, Azərbaycanın ətriyyat bazarının lideri olan iri şirkətlərədə araşdırma aparmaq qərarındadır. "Unikal"a daxil olan məlumata görə, ilk hədəf "İdeal" parfum və kosmetika mağazaları şəbəkəsidir. Aldığımız məlumata görə, ilkin araşdırma zamanı İdeal parfum və kosmetika mağazaları şəbəkəsinin satışa çıxardığı məhsulların xeyli hissəsi saxtadır. Lakin hələlik müəyyən yollarla bu məlumat ört-basdır edilməkdədir.
Qeyd edək ki, bu günə kimi mətbuatda parfümeriya bazarı ilə bağlı aparılan araşdırma yazılarında "İdeal"la bağlı nöqsanlar qeyd olunub. Saxta və keyfiyyətsiz məhsullarla yanaşı, qiymətlərin də həddən artıq yüksək olduğu bildirilir. Yəni, "İdeal"mağazasından ətir almaq üçün pul qabınızda ən azı 40-50 manatınız olmalıdır. Sıravi alıcıların daha çox aldıqları brendlər – "Chanel", "Dior", "Lancome", "Guerlain", "Bourjois", "Calvin Klein", "Collistar", "Chopard", "Gucci", "Burberry", "İsadora", "Hugo Boss", "Kenzo", "Lacoste", "Lanvin", "Lumene"… dünyada mağazaların əsas satış həcmlərini formalaşdırsa da, bizdə sahibkarın müəyyən etdiyi qiymətlər orta statistik maaşa malik azərbaycanlının belə cib xərcinə uyğun gəlmir. Sual yaranır: qiymətlər sahibkarın beyninin məhsuludur, yoxsa satışa qədər çəkdiyi xərclərin maya dəyərinə təsirinin nəticəsi? Araşdırmalar göstərir ki, parfümeriya məhsullarına gömrük rüsumu da böyük deyil. Bu sahədə bu günlərdə araşdırma aparan publika.az saytı maraqlı detallara toxunmuşdu. Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz , tualet suyu 3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir. Digər kosmetika növləri üzrə rüsum da 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə etdikdə, yenə də qiymətlər "İdeal" mağazalarındakından aşağı olur. Bəs nədir qiyməti şişirdən? Ətirin gətirildiyi ölkənin bazarına nəzər yetirək: ("İdeal" nə qədər ətirləri birbaşa Fransadan gətirdiyini iddia eləsə də, verilən məlumatlara görə, idxalın ünvanı Dubay və Çindir). Dubayda "Lanvin" ətirinin 50 ml-lıq həcmdə olanı 6 dollardır. "İdeal"da həmin ətiri 30 manata belə almaq mümkün deyil. "İdeal" da 100 ml-si 169 manat təşkil edən "Escenrtric Molecules" şirkətinə məxsus "Molecule 01" ətri digər dükanlarda 50 manat (bu seriyadan olan ətirlərin qiyməti həmçinin, 170-350 manat arasında dəyişir), Dubayda 45 dollardır. Pərakəndə ticarət dövriyyəsinin mallar üzrə bölgüsünə əsasən, ətriyyat-kosmetika mallarının dövriyyəsi 0,67 faiz təşkil edir. Hansı ki, bu rəqəm heç də kiçik deyil. Göründüyü kimi, biznesin subyektləri kifayət qədər gəlir əldə edə bilirlər. Belə halda bahalı qiymət siyasəti yeritməklə sadəcə olaraq əhalinin cibinə girirlər. Ən pisi də odur ki, bazarın dövriyyəsi artdıqca bu bizneslə məşğul olanların gəlir əldə etmək ehtirasları da çoxalır. Və bu, həm qiymətlərdə, həm də keyfiyyətdə hiss edilir. Bu arada onu da diqqətə çatdıraq ki, qaydalara (İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçiları xəbərdar edir) görə, ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik flakonlara qablaşdırılmalıdır. Amma baş çəkdiyimiz mağazalarda ətirlər 100, 150, 200 ml olan şüşələrdə satılır.
Onu da nəzərə çatdıraq ki, bu mağazalar şəbəkəsinin satışa çıxardığı məhsulların keyfiyyətindəki problemlərlə bağlı dəfələrlə mətbuatda və sosial şəbəkələrdə məlumatlar yer alıb. Bir müddət öncə sosial şəbəkələrdən birində Zaur Mustafayev adlı şəxs mart ayının 20-də "İdeal"da necə aldadıldığını yazmışdı. Məlum oldu ki, "Hugo Boss Pure" ətiri adı ilə ona "after shave" satıblar. Z.Mustafayev məsələ ilə bağlı dəfələrlə mağaza və şəbəkənin menecerləri ilə əlaqə saxlasa da, ona soyuqqanlı şəkildə məhsulun üzərində təyinatının nə olduğunun yazıldığı bildirilib. Nəzərə alsaq ki, "İdeal"da məhsulların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərdədir, göründüyü kimi, şirkət məsuliyyəti üzərindən atıb. Bunu görən müştəri İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Müraciətdən dərhal sonra "İdeal" parfümeriya mağazalarının direktoru İlqar Dadaşov Z.Mustafayevlə birbaşa əlaqə saxlayıb. Və özünün iştirakı ilə "after shave"-nin ətirlə dəyişdirilməsini təmin edib. İşçilərini danlayaraq şikayətçiyə hədiyyələr verib. Əslində ilk baxışdan "pozitiv addım" kimi görünən bu olay "İdeal" kimi böyük dövriyyəsi olan şəbəkə üçün biznes uğursuzluğu, müştərinin aldadılmaqdan sığortalanmaması deməkdir. Yəni,İqdisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müdaxilə etməsəydi, İdeal şirkəti müştərinin pozulmuş hüquqlarını bərpa etməyəcəkdir. Elə bu faktın özü də göstərir ki, adı İdeal olsa da, sözügedən qurumun fəaliyyətində ciddi nöqsanlar var. Çünki bu mağazadan alış-veriş edənlərin əksəriyyəti maddi imkanı yüksək olanlardır. Onların da böyük əksəriyyəti saxta məhsullarla üzləşəndə məsələnin arxasınca düşmür. Bu faktordan istifadə edən şirkət də saxta ətir biznesini yalançı reklamlarla kamuflyaj edir.
Mövzu ilə bağlı münasibət bildirən İdeal parfum və kosmetika mağazaları şəbəkəsinin İctimaiətlə Əlaqələr üzrə meneceri Xumar Məmmədbağırova ilə əlaqə saxladıq. "İdeal" mağazalar şəbəkəsində satılan ətirlərin keyfiyyəti ilə bağlı sualımızı eşidən kimi X.Məmmədbağırova bu tipli iddiaların əsassız olduğunu bildirdi. "İdeal parfum və kosmetika mağazaları şəbəkəsində satılan məhsulların hamısı keyfiyyətlidir. Buradakı bütün ətirlərin sertifikatı var və rəsmi destrübitorlardan alınır. Bütün bunları sübuta yetirən sənədlər də mövcuddur", – deyə ictimaiyyətlə əlaqələr meneceri vurğulayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Unikal"a açıqlamasında bildirib ki, Azərbaycanın parfümeriya bazarı bərbad vəziyyətdədir. Onun sözlərinə görə, təkcə xırda ətir satış məntəqələri deyil, iri parfümeriya satış şəbəkələri də saxta məhsullar satmaqla məşğuldur: "Bizə saxta ətirlərlə bağlı şikayətlər daxil olur. Vaxtiylə Parfüm de Fransdan ətir alan bir alıcı şikayət etmişdi. Məlum oldu ki, satış şəbəkəsinin əhaliyə çox baha qiymətə satdığı ətirlərin böyük əksəriyyəti saxtadır və istifadəçidə allergiya əmələ gətirib. Biz o zaman məhkəmə iddiaları qaldırdıq, istehlakçıya dəyən ziyanı ödətdirdik. İdeal mağazalar şəbəkəsindən Azad İstehlakçılar Birliyinə konkret şikayət daxil olmasa da, həmin şəbəkənin satışa çıxardığı məhsullar arasında saxta və keyfiyyətsizlərinin olması istisna deyil. İnanıram ki, İdealda da, digər prestijli satış şəbəkələrində də üzərində buraxılış və istifadə müddəti olmayan məhsulların satılması mümkündür".
E.Hüseynov onu da bildirib ki, ölkədə parfümeriya bazarında vəziyyət o qədər acınacaqlıdır ki,təkcə satıcıların xərclədiyi pullar deyil, sağlamlıqları da təhlükə altındadır: "Çox təəssüf ki, bazarın bu sektoru həddindən artıq çirklənib. Ən ciddi, ən prestijli firmaların dükanlarında saxta ətirlərə rast gəlmək olar. Lakin bu sektor o qədər çirklənib ki, metro çıxışlarında, yeraltı keçidlərdə necə gəldi parfümeriya malları satılır. Əhali bilməlidir ki, parfümeriya malları saxta olarsa, insanların dərisində xərçəng xəstəliyi əmələ gətirə bilər. Alıcılar bilməlidirlər ki, ərzaq malları kimi, parfümeriya məhsullarının da istehsal və son istifadə müddəti var".
Ekspert vəziyyətdən çıxış üçün təkliflərini də verib. O bildirib ki, bu kimi halların qarşısını almaq üçün öncə qanunlarda dəyişikliklər edilməlidir. "Bu saat qanunlar elə qurulub ki, hər hansı bir yoxlama aparmaq üçün qarşı tərəfə üç gün əvvəldən məlumat verməlisən. Yəni, sahibkarın hüquqları qorunur, amma istehlakçının hüquqlarının müdafiəsi arxa plana keçirilib. Ona görə qanunlara dəyişikliklər edilməli, cəld müdaxilə edə bilən dövlət siyasəti formalaşdırılmalıdır. Çox təəssüf ki, qanunvericilikdə kifayət qədər boşluqlar var. İdeal və bu kimi digər şirkətlər də bundan öz məqsədləri üçün istifadə edə bilirlər", - deyə E.Hüseynov fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17