Türkiyədəki mədən faciəsində ölənlərin sayı 300-ü keçəcək
10:57 17-05-2014
İQTİSADİYYAT
Türkiyədəki mədən faciəsində ölənlərin sayı 300-ü keçəcək
Nazirdən qorxunc açıqlama: "Hazırda 284 nəfərin meyidi çıxarılıb, içəridə hələ 18 nəfər var"
Türkiyədə mədən partlaması nəticəsində ölənlərin sayı 284-ə çatıb. Bu barədə qardaş ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.
Taner Yıldız daha sonra deyib ki, həyatını itirən ümumi işçi sayının maksimum 301-302 olacağını söyləyib: "Bəzi işçilərimizin növbədən çıxdıqdan sonra yenidən xilasetmə işləri üçün yenidən aşağıya endiyini düşünürük. Bu səbəbdən 2-3 adamda tərəddüdümüz var. Bu anda mədən ocağında qalan işçilərin 18-dən daha çox olmadığını düşünürük. 19 ailə içəridə yaxınım var deyə müraciət edib. Mədənin künc-bucağı axtarılacaq, ailələrin müraciətləri ilə müqayisə ediləcək".
Qeyd edək ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma kəndində kömür mədənində partlayış oldu. Baş Nazirlik faciəyə görə ölkədə 3 günlük matəm elan edilib.
Soma mədəninin sahibi: "İztirab çəkirəm"
Faciənin baş verdiyi mədəni işlədən "Soma" holdinqinin idarə heyətinin rəhbəri Alp Gürkan yaşanan olaydan sonra ilk dəfə açıqlama verib.
Alp Gürkan 3 gündür ki, hadisə yerində olduğunu və xilasemə işləri yaxından izlədiyini deyib: "Hadisə baş verən gündən burdayıq. Heç birimizin gözünə yuxu getmir. Acımız böyükdür. Birinci dəfə xəbəri eşidəndə inanmadım. Dərhal hadisə yerinə gəldim. Gördüklərimə inanmadım. Mədəndə çalışanları oğlum və qardaşım kimi çox istəyirəm. Həyatımın ən böyük iztirabını çəkirəm".
"Soma" rəhbərinin
sözləri yalan çıxdı
Bu arada "Soma" holdinq idarə heyətinin sədri, Soma kömür mədəninin sahibi Alp Gürkanıln ötən il verdiyi müsahibədə mədən barədə dediyi sözlər yalan çıxdı.
Belə ki, Alp Gürkan 29 aprel 2013-cü il tarixdə "Dünya" qəzetinə verdiyi müsahibədə mədəndə hər şeyin qaydasında olduğunu bildirib. Biznesmen, fövqəladə vəziyyətdə 500 nəfərin 20 gün müddətdə rahatlıqla mədəndə qalabiləcəyini deyib.
"... Somadakı mədənimizdə partlama riski olan metan qazını həmişə nəzarətdə saxlayırıq. Hər hansı bir qəza anında yerin altında 500 nəfərin 20 günlük yemək və su ehtiyatı, habelə bayırla oksigen əlaqəsi olan "Həyat otaqları" var..." - deyə Alp Gürkan qeyd edib.
Amma üç gün əvvəl yaşanan faciədə bu deyilənlərin quru sözdən başqa bir şey olmadığı aydınlaşıb.
Həyatını itirən
mədənçidən
ürəkdağlayan məktub
Manisadakı mədən faciəsində həlak olan bir işçinin ovucundan çıxan məktub hər kəsi qəhərə boğub.
Mədən İşçilərinin Həmkarlar İttifaqının katibi Osman Tutqun xilas etmə əməliyyatı zamanı gördüyü bir mənzərədən danışıb: "Oradan çıxartdıqları bir cənazədə şəhidin ovucunun içində bir kağız var idi. Kağızda "Oğlum, haqqını halal elə" yazılmışdı. Biz bu dərəcədə qürurlu mədən işçiləriyik".
Qəribə təsadüf:
Soma qurbanları təqvim
səhifəsində
Sosial şəbəkələrdə Türkiyənin Manisa vilayəti Soma rayonunda baş vermiş fəlakət tarixini əks etdirən təqvim səhifəsi yayılıb.
Təqvim səhifəsində İslam peyğəmbəri Həzrəti Muhammədə (ƏS) istinadən hədis nümayiş olunub.
Bir çox şəbəkə istifadəçiləri hesab edir ki, bu hədisin işığında Soma qurbanlarını şəhid hesab etmək olar: "Beş cür şəhid var: Tauna (epidemiyaya) yoluxanlar, ishaldan ölənlər, boğulanlar, dağıntı altında qalanlar, Allah yolunda döyüşərək ölənlər" - deyə təqvim səhifəsindəki hədisdə qeyd edilib.
Qeyd edək ki, hədisin yayıldığı gün Soma faciəsinin baş verdiyi 13 may 2014-cü il tarixi göstərir.
"Qalatasaray" və
"Atletiko" Soma üçün
tər tökəcək
"Qalatasaray" və "Atletiko Madrid" Soma üçün yoldaşlıq oyunu keçirəcək. İki klub arasında oynanacaq xüsusi qarşılaşmanın gəliri Somaya göndəriləcək.
Türkiyə təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, "Qalatasaray" Somada baş verən faciənin qurbanlarının yaxınlarıyla həmrəylik üçün addımlar atmağa davam edir: ""Qalatasaray"ın İspaniyadakı təmsilçisi Arda Turanın komandası ilə avqust ayının əvvəlində yoldaşlıq oyunu baş tutacaq. Baş tutacaq qarşılaşmanın bütün gəliri qəza qurbanlarının yaxınlarına hədiyyə olaraq köçürüləcək". Qeyd edək ki, "Qalatasaray"lı futbolçular Soma üçün 5 milyon türk lirəsi (1 mln. 893 min AZN) yardım edib.
Futbolçular Somada dünyasını dəyişən və yaralananların ailələr üçün yardım kampaniyasına başlayıb. Klubun heyəti arasında toplanan təxminən 5 milyon lirəlik maddi yardım və hədiyyələr mədənçilərin ailələrinə göndərilib.
Eyni zamanda forma, geyim kimi məhsullarda işçi ailələrinə göndəriləcək. Klubdan hansı futbolçunun nə miqdarda pul verdiyinin açıklanmayacağı ifadə edilib. "Qalatasaray" rəhbərliyi də bu məlumatı təsdiqləyib.
Messi və Ronaldudan Soma üçün başsağlığı
Türkiyədə baş verən mədən faciəsi dünya futbol ictimaiyyətinin də diqqətindədir.
Hazırda dünyanın ən yaxşı futbolçuları Kriştianu Ronaldu və Lionel Messi də Somada baş verən dəhşətli faciəyə biganə qalmayıblar. Onlar sosial şəbəkə vasitəsi ilə Türkiyəyə başsağlığı veriblər. Messi yazıb: "Manisada baş verən mədən qəzasında həlak olan insanların ailələrinə, bütün Türkiyəyə başsağlığı verirəm".
Ronaldu isə üzüntüsünü belə ifadə edib: "Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır. Hələ də yerin altında qalan işçilərin sağ qalması üçün dua edirəm..."
Türkiyədə mədən
sənayesinə dair statistika
Somadakı faciədən sonra Türkiyədə mədən sənayesinə dair maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, hazırda bu ölkədə 740 mədənin fəaliyyət göstərdiyi hesablanıb. Bu müəssisələrdə 48 min 706 fəhlə çalışır.
Son 3 ildə mədənlərin sayı artıb. Belə ki, 2010-cu ildə Türkiyədə 697 yeraltı müəssisə fəaliyyətdə olub. Onların çoxu özəl şirkətlərə məxsusdur. Hazırda 48 min 706 mədənçinin (onların 36 min 880-i özəl sektorda çalışır) 429 nəfərini qadınlar təşkil edir.
Dünyanın ən böyük
mədən faciələri
Bu arada məlum olub ki, Manisanın Soma bölgəsində baş verən hadisə insan tələfatına görə son 10 ilin ən böyük mədən faciəsidir.
Çin: Dünyada 200-dən çox mədənçinin həyatını itirdiyi ən böyük qəzalardan biri də 2005-ci ildə Çində baş verib. Çinin cənub qərbində yerləşən Fuxin kömür mədənçiliyi bölgəsindəki partlayış nəticəsində 203 işçi ölüb 12 işçi isə itkin düşüb. Çin hökuməti bu faciəni 1949-cu ildən o günə kimi meydana gələn ən böyük mədən faciəsi olaraq xarakterizə edib.
Meksika: 2006-cı ildə Meksikanın şimalında San Jun de Sabinas bölgəsindəki mədəndə qaz partlayışı nəticəsində 65 mədənçi həyatını itirib.
Ukrayna: Ukraynanın Donetsk şəhəri yaxınlığında 2007-ci ildə meydana gələn mədən faciəsində isə 90 işçi həlak olub.
Pakistan: Son illərdə mədən faciəsi ilə gündəmə gələn digər ölkə isə Pakistandır. 2011-ci ildə mədən ocağında qaz sıxılması nəticəsində yaranan partlayış nəticəsində 52 işçi ölüb.
Konqo: 2012-ci ildə Konqoda yaşanan faciədə isə 60 nəfər həyatla vidalaşıb.
Tibet: Sonuncu hadisə isə Çinin Tibet bölgəsindəki mədəndə baş verib. Mədən ocağının çökməsi nəticəsində 83 mədənçinin iş yeri onların məzarına çevrilib.
Benxihu: Tarixin ən böyük mədən faciəsi isə Çinin Benxihu bölgəsində meydana gəlib. 1942-ci ildə baş verən partlayış nəticəsində 1549 nəfər həyatını itirib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53