"Saray Petrol"a qarşı sərt ittihamlar
10:58 17-05-2014
İQTİSADİYYAT
"Saray Petrol"a qarşı sərt ittihamlar
İddialara görə, Yanacaqdoldurma Məntəqəsi sürücülərdən yanacaq
oğurlayır, məntəqə rəhbəri şikayətlərə görə obyektdə oturmur
Azərbaycanda yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı bir neçə fakt ictimaiyyətə açıqlanıb. Artıq bəzi yanacaqdoldurma məntəqələrində bu proses adi hala çevrilib. Əvvəllər bəzi məntəqələrdə hər 30-40 litr yanacaq satarkən 0,5-1litr yanacaq az vurulurdusa, indi bu rəqəm daha da artıb. Mayın 13-də bu cür hadisə ilə özüm rastlaşdım (olaylar.az).
Daha doğrusu bu hadisə ilə bir neçə dəfə rastlaşsam da, özümü yanılmış hesab etdiyimdən yanacaqdoldurma məntəqəsindən tələb etmirdim. Bu dəfə isə yoxladım və həqiqətən də məntəqədə yanacaq oğurluğunun şahidi oldum.
Söhbət Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "Saray Petrol" yanacaqdoldurma məntəqəsindən gedir. Bu məntəqədə hər sürücü aldadılır, onun aldığı yanacaq avtomobilə az vurulur, alınan yanacaq verilən pulun dəyərindən 2-3 litr az olur. Bu barədə bir az sonra danışacam. Hələlik isə yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ərazinin təhlükə mənbəyi olması barədə. Bu məntəqə təxminən 3-4 il əvvəl həmin ərazidə məcburi tikilib. "Saray Petrol" Saray qəsəbəsinin Sumqayıt şəhərindən girişində, yaşayış məntəqəsinə bitişik inşa olunub. Yanacaqdoldurma məntəqəsinin arxa divarı Saray sakininin evinə, sag hissəsində yerləşən yanacaq çənləri isə kafeyə bitişikdir. Nəzərə alsaq ki, kafe daim fəaliyyətdədir və buranın kifayət qədər müştəriləri var, məntəqənin burda yerləşməsi olduqca təhlükəlidir. Yəni, "Saray Petrol"da baş verəcək hər hansısa partlayış və digər hadisə nəticəsində həm kafe və oradakı müştərilər, həm də qəsəbədəki 10-dan artıq ev real təhlükədə olacaq. Yəni məntəqədəki partlayış ən azından Saray qəsəbəsində 10-dan artıq yaşayış evi və obyektdə faciə ilə nəticələnəcək. Amma, buna heç kim məhəl qoymur, yanacaqdoldurma məntəqəsi hansısa sözükeçən məmurun "səyi" nəticəsində burada tikilib.
Sakinlər deyirlər ki, həmin məntəqə inşa olunanda ərazidəki sakinlər, saraylılar etiraz ediblər. Hətta həmin vaxt ərazidən keçən yol sakinlər tərəfindən bağlanıb da. Lakin, məntəqə rəhbərinin yüksək çinli məmurla dost olması və onu özünə himayədar tutması sakinlərin səslərini kəsməsi ilə nəticələnib. Necə deyərlər, Saray sakinləri müxtəlif təzyiqlərlə susdurulub. Nəticədə məmurların təpkisi ilə Saray sakinlərinin yaşadığı ərazi real təhlükə mənbəyinə çevrilib.
İndi Saray sakinləri məcburdular ki, yaşadıqları evlərində daim təhlükə gözləsinlər. Bunu Saray sakinləri özləri iddia edirlər. Sakinlər deyirlər ki, məntəqə burada inşa edilməyə başlayanda onlar dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Hətta sakinlər Abşeron rayon İcra Hakimiyyətində də olublar. Amma, qurumdan bildiriblər ki, onlar "Saray Petrol"u başqa əraziyə köçürə bilməzlər və yanacaqdoldurma məntəqəsi həmin yerdə inşa olunacaq. Hətta həmin vaxtlar şikayətçi sakinlər susdurulmaq üçün onlara qarşı cəzalardan da istifadə olunub. Və nəticə göz qabağındadır. Hazırda həmin yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və sakinlər də bu təhlükəyə dözmək məcburiyyətindədir.
İndi də keçək əsas məsələyə. Bir neçə gün öncə "Saray Petrol" dan yanacaq alarkən bir hadisə ilə rastlaşdım. Avtomobilimin çənində 8 litr yanacaq var idi. Yanacaqdoldurma məntəqəsinin operatorunu çağırıb ondan xahiş etdim ki, avtomobilə 10 manatlıq yanacaq əlavə etsin. Operator yanacağı vurub qurtardı və mən yoluma davam etdim. Birdən gözüm avtomobilimin yanacaq həcmini göstərən rəqəmə sataşdı. Operator 10 manata 16,610 litr yanacaq vurduğu halda yanacaq çənində 24,610 litr yanacaq olmalı idi. Amma, faktiki rəqəm 22 litr idi. Yanıldığımı zənn edib yenidən məntəqəyə qayıtmadım. İki gün sonra yenidən məntəqədən yanacaq doldurub çıxdım və 1 dəqiqə sonra yenə də eyni hadisənin şahidi oldum. Yenə özümün yanacaq çənini göstərən rəqəmə səhv baxdığımı zənn etdim.
Və nəhayət ki, növbəti dəfə bu faktın üstünü açdım. Mayın 13-də axşam saatlarında "Saray Petrol"a daxil olub yanacaq doldurmaq istədim. Operator gələndə yanacaq doldurmazdan əvvəl avtomobilin çənində qalan yanacağın 8 litr olduğunu ona göstərdim və xahiş etdim ki, 10 manatlıq da yanacaq əlavə etsin. Operator əvvəlcə yanacağın həcminə nə məqsədlə baxdığını bilmədiyi üçün yanacaq vuranda heç bir şübhəsi olmadı və 10 manatlıq yanacaq vurmağa başladı. Operator yanacağı vurub qurtarandan sonra onu yenidən çağırıb yanacağın həcmini ona göstərdim və bildirdim ki, onun əlavə etdiyi yanacaqla çəndə 24,610 litr yanacaq olmalıdır. Operator həqiqətən də yanacaq çəninə iki litr az yanacaq vurduğunun şahidi olanda danışmağa söz tapmadı. Bildirdi ki, guya yanacağın az vurulması ondan asılı deyil, bu birbaşa kompüter vasitəsilə həyata keçirilir. Komputerdə yanacaq vurmanı isə birbaşa məntəqənin rəhbəri nizamlayır.
Operator məsələ ilə bağlı yanacaqdoldurma məntəqəsinin sahə rəisini çağırıb məsələni ona da bildirdi və mənim narazı olduğumu dedi. Sahə rəisi əvvəlcə mənim səhv etdiyimi deyib məntəqədəki yanacaq oğurluğunu ört-basdır etmək istəsə də, mümkün olmadı. Yanacağı çənə dolduran operator bildirdi ki, həqiqətən də yanacaq çənə iki litr az vurulub. Yalnız bundan sonra sahə rəisi deməyə söz tapmadı. Sonda bütün günahlar məntəqə sahibinin üstünə atıldı. Sahə rəisi bildirdi ki, bu işə birbaşa yanacaqdoldurma məntəqəsinin sahibi Çapay adlı şəxs nəzarət edir. Həmin Çapay adlı məntəqə sahibi isə məntəqədə olmur. Ona görə də, sürücülər heç kimə şikayət edə bilmirlər. Nəticədə "Saray Petrol" yanacaqdoldurma məntəqəsi sürücüləri istədiyi kimi aldadır və gün ərzində yüzlərlə sürücüdən yanacaq oğurlayır.
Samir Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53