Ermənistanda bu dəfə siyasətin fransızvari yalanı
Ermənistanda bu dəfə siyasətin fransızvari yalanı

Sarkisyan rejimi indi düşmən və dostu seçməyə, xeyirlə şər arasında guya yol müəyyənləşdirməyə çalışır

Fransa prezidenti Fransua Ollandın səfəri ermənilərin ümidlərini puç etdi. İkigünlük səfər əslində erməni ictimaiyyəti üçün önəmsiz olay təsiri bağışladı. Bir qədər də dəqiq olsaq, ermənilər özlərini dambat tutub elə davrandılar ki, Yerevana gələn adam sanki fransızların dövlət başçısı yox, hansısa uğursuz filmin operatorunun ikinci köməkçisi idi. Ki, ermənilərin yarısı o filmə baxmayıb, yarısı da baxsa da, bəyənməyib və çətin ki, bundan sonra nə yollasa, kimə görəsə bəyənə.

Ollandın Yerevana səfəri ilə bağlı ermənilərin yadlarında qalan olay şəhərdəki idman-konsert kompleksində Şarl Aznavurun ad gününün keçirilməsi idi.

Kəsildi, söndürüldü

Fransada doğulan və elə orada yaşayan, şansonları və rolları ilə tanınan Aznavur yaşının ahıl vaxtında xərifləməyə, daşnaklaşmağa və Ermənistanın maraqlarını təmsil edən "Paris fiqur"una dönməyə başlayanda Yerevan üçün xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı. Serj Sarkisyanla Fransua Olland həmin kompleksə yollandılar və Şarl Aznavurun ad günü münasibətilə hazırlanmış tortu kəsdilər. Hələ şam da söndürüldü. Simvolik ayindi. Çünki...
Fransa ermənilər üçün elə böyük əhəmiyyət kəsb edən ölkədir ki, fransızların dövlət başçısının Yerevana səfəri heç bir qeyd-şərtsiz ən önəmli siyasi hadisələrdən biri olmalıydı.
Fransadakı erməni diasporunun sayını və oradakı olaylara təsir imkanlarını unutmayaq. Üstəlik, rəsmi Parisin də sürəkli olaraq ermənilərin qondarma iddialarını dəstəklədiyini, uydurma "soyqırım"ın cəfəngiyyat olduğunu deyənləri cinayətkar sayan qanun qəbul etdiyini də xatırlayaq. Ən nəhayət, Fransa Avropa Birliyində çox önəmli yer tutmaqla yanaşı, dünya siyasətində ağır çəkiyə malik ölkədir. Belədə ermənilər fəndgir tərpənərək Ollandın səfərindən yararlanmalıydılar.

Etmədilər

Daha doğrusu, edə bilmədilər. Fransua Ollandın Ermənistana səfəri də situasiyanın dəyişməsinə, erməni-fransız münasibətlərinin siyasi kapitalla zənginləşdirilməsinə yönəlməli idi. Fəqət, elə bu səfər Yerevan-Paris təmaslarında ciddi siyasi tərkibin olmadığını aşkar göstərdi.
Fransua Ollandın Yerevanda olarkən "Ermənistanın Gömrük Birliyində üzvluyü Fransa üçün problem deyil" açıqlaması da erməni-fransız əlaqələrin sırf dekorativ məzmunlu olduğuna aşkar işarə idi.
Yəni F.Olland bəyan etdi ki, Fransa Ermənistanı özünə dost və müttəfiq ölkə saymır. Ortamda münasibətlərin formatı yox, sistemi və məcrası ilə bağlı problemlər var. Fransa prezidentinin də həmin əlaqələrin format fərqi ilə məzmun çeşidləri arasında seçim etmək imkanlarına malik olmadığını düşünmək sadəlövhlük olardı.
Halbuki Fransua Ollandın səfəri Ermənistanın Gömrük Birliyinə qatılması ilə bağlı məsələləri gündəmə gətirməməli, sabiq Sovetlər Birliyinin bərpasına yönəlmiş proseslərdə ermənilərin zorakı iştirakının "təminat"ı ilə bağlı Ermənistan cəmiyyətini narahat edən suallara qismən də olsa, cavab verməliydi.
Üstəlik, Fransa prezidentinin Yerevanda olarkən "Carrefour" supermarketinin tikiləcəyi yerə baş çəkməsi də simvolik idi. Market tikilməli idi, amma tikilməyib.

Rəsmi Paris
bəyanatlar versə də...

...əslində anlayır ki, Ermənistan iqtisadiyyatında yer tutmayacaq və investisiyaları üçün normal mühit də yaradılmayacaq. Həmin sistemdə fransalı iş adamlar üçün yer yoxdur, çünki rəsmi Yerevanın Gömrük Birliyinə qatılması Rusiyanın nəzarətində olan məkanın hər hansı formada azad davranışını və müstəqil siyasətini istisna edir.
Ermənistanın da əsas problemi elə daxili siyasətdə sistem seçimi ilə yanaşı, xarici siyasətdə orientirlərin müəyyənləşdirilməsidir.
Yerevandakı Serj Sarkisyan rejimi indi düşmən və dostu seçməyə, xeyirlə şər arasında guya yol müəyyənləşdirməyə çalışır. Halbuki indiki dövrdə problem Ermənistanın uçuruma yuvarlanmasını şərtləndirən retroqrad, çürümüş sistemin darmadağın olunması ilə inkişafa təkan verəcək prinsipləri dəqiqləşdirməkdir.
Fransua Ollandın Yerevana səfəri əsnasında bu problemlər dilə gətirilmədi, narahatlıqlar söylənmədi. Ermənistandakı cəmiyyət isə onu əndişələndirən məsələlərdən heç birini fransızların dövlət başçısı ilə söhbətdə səslənməsinə nail olmadı.
İstənilən halda Ollandın bu barədə fikirləşməsi pis olmazdı.

Avropa, yoxsa?

Fransua Ollandın Ermənistana səfərinin digər nüansı Yerevanın Qərblə Rusiya arasında ləngər vurması ilə bağlı idi. Serj Sarkisyan rejimi idarə etdiyi ölkənin Avropa Birliyinə assosiativ üzv qismində qatılmaq arzusunda olduğunu vurğulasa da, avropalılar buna inanmırlar.
Ötən ilin sentyabrın 3-də Ermənistan "qəflətən" Avropa Birliyi ilə aktiv əməkdaşlıqdan imtina edərək Rusiyanın MDB məkanındakı yeni layihəsi olan Gömrük Birliyinə qatıldı.
Daha sonra Sarkisyan iqtidarının mənsubları "Ermənistan Avropa Birliyi ilə assosiasiyanın siyasi yönlərini nəzərdə tutan anlaşmanı imzalamağa hazırdır" desələr də, Avropa Birliyi bu açıqlamalara inanmadılar.
Səbəb avropalıların istəyi yox, bu olayın texniki imkansızlığı və mənasızlığı, absurdluğu idi.
Ən azı ona görə ki, Avropa Birliyinə assosiativ üzvlüyün iqtisadi məqamları nəzərə alınmazsa, anlaşmanın siyasi hissəsi gərəksiz kağıza çevrilir.
Avropa Birliyi Yerevandakı hakimiyyətə bu sadə həqiqəti dəfələrlə başa salmağa çalışdı. Lakin deyilənləri anlamaq Sarkisyan rejiminin maraqlarında olmadığından Yerevan idiotik siyasətini davam etdirir.
Marazm o həddə çatıb ki, Serj Sarkisyan srağagün "Avropa Birliyi bizimlə əməkdaşlığın yeni modelini arayır" deyib.
Avropa Birliyinin ermənilərlə bağlı mövqeyini dəyişməsi və ya Yerevanla münasibətlərə hansısa mifik "yeni model"i tətbiq etmək fikrində olması Ermənistan rəhbərliyinin illüziyası olsa da, sarsaq yalan təsiri bağışlayır.
Ən azı ona görə ki, Avropa Birliyi ilə münasibətləri inkişaf etdirmək və Rusiyadan asılı durumda qalmaq eyni məsələlər deyil.
Elçin Alıoğlu