Putin Rusiya qoşunlarının Ukrayna  sərhədindən geri çəkilməsini əmr etdi
Putin Rusiya qoşunlarının Ukrayna
sərhədindən geri çəkilməsini əmr etdi

Donetsk və Slayansda vəziyyət gərgin olaraq qalır

Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki qoşunların geri çəkilməsi barədə göstəriş verib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Məlumatda bildirilir ki, V. Putin müdafiə naziri Sergey Şoyquya Rostov, Belqorod və Bryansk vilayətlərində təlimlərdə iştirak edən hərbi qüvvələrin öz daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verib. "Qoşunların əsasən Rostov, Belqorod və Bryansk vilayətlərindəki poliqonlarda keçirilən planlaşdırılmış yaz hazırlığının başa çatması ilə əlaqədar Vladimir Putin müdafiə nazirinə komanda verib ki, təlimlərdə iştirak edən qoşunlar öz daimi dislokasiya yerlərinə qaytarılsınlar və ətraf poliqonlarda hərbi hazırlığı davam etdirsinlər", - deyə Kremlin açıqlamasında bildirilir.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi Rusiyadan öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməsini və Ukrayna daxilində separatçılığı qızışdırmaqdan vaz keçməsini tələb edərək Moskvanın gərginliyi azaldacaq addımlar atmayacağı təqdirdə daha ciddi sanksiyaların tətbiq olunacağını bəyan edirdilər.

Ukrayna ordusu
üçün təhlükə...
Dünən o da məlum olub ki, Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Belə ki, qondarma Luqansk Xalq respublikasının müvəqqəti parlamenti qismində çıxış edən Dövlət Şurası separatçı vilayətin konstitusiyasinı qəbul edib.
Qondarma Donetsk Xalq Respublikasında isə hərbi komendant Andrey Borisov Ukrayna qoşunlarının vilayətdən çıxarılmasına dair Mariopolda danışıqlara başlayıb. Separatçı hərbi komendanta görə, Donetskdə artıq güclü hərbi blok yaradılıb və qoşunlar hər an Ukrayna qoşunlarının zirehli texnikası və digər qüvvələrini məhv etməyə qadirdir.
Slavyanskin şəhər kənarında səhər saatlarında gedən döyüşlərdən sonra Ukrayna Milli Qvardiyasının 50-ə yaxın əsgəri öz mövqelərini tutmağa davam edir. Hərbçilərə Sovet ordusunun keçmiş hərbi həkimi - hazırda isə Milli Qvardiyanın Komandiri Yevgeni İvanenko rəhbərlik edir. Hərbçilərin çoxu əvəllər Maydan hadisələri zamanı özünümüdafiə qüvvələrinin tərkibində olmuş könüllülər, fəallardır.
Donetsk şəhərində isə yüzlərlə insan mərkəzi meydana toplaşaraq, qondarma Donetsk Xalq Respublikasına dəstək nümayiş etdirib. Rusiya bayraqları dalğalanan, əsasən təqaüdçü və yoldankeçənlərdən ibarət aksiyada müxtəlif çıxışlar və Sovet erasının mahnıları dinlənilib.
Kiyevdə, Krım yarımadasının deportasiyasının 70-ci ildönümünə həsr edilmiş kütləvi mitinqin qətnaməsində "Krım tatarları tarixi adların bərpası"," Krım hakimiyyət orqanlarında təmsil olunmağa təminat", "Krım tatarlarının qurultayının tanınması" və "Krım tatarlarına qarşı ayrıseçkiliyə son qoyulması" kimi tələblər irəli sürülüb.

Ukrayna Rusiyaya
qarşı 100 mlrd. dollarlıq iddia qaldıracaq
Ukrayna Rusiyaya qarşı 100 mlrd. dollarlıq iddia qaldıracaq. Bunu Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.
Hazırda Ukrayna Ədliyyə Nazirliyinin müvafiq sənədləri hazırladığını bildirən A.Turçinov bildirib ki, Kiyevin Beynəlxalq Arbitraj Məhkəməsinə müraciətinin məqsədi Rusiyanın özbaşına qaz qiymətlərini artırmaq və bununla da təcavüz siyasətinin səbəb olduğu maliyyə itkilərini qarşılamaq cəhdinə son qoymaqdır.
"Qaz qiymətləri ilə şantaj Rusiyanın təkcə Ukraynaya deyil, eləcə də digər dövlətlərə qarşı sevimli təzyiq formatıdır. Bu biabırçılığa son qoymağın vaxtı çatıb", - deyə o vurğulayıb.

Rusların işgəncə verdiyi ukraynalı jurnalist azadlıqda
Rusların həbs etdikləri ukraynalı jurnalist Sergey Şapaval azadlığa çıxıb. Üç həftə bundan əvvəl Donetskdə rus separatçıları tərəfindən həbs erdilən Volin Post dərgisinin jurnalisti Sergey Şapaval azad olunub.
Onu üç həftə ərzində Donetsk Vilayət Administrasiyasının binasında saxlanılıb. Azadlığa çıxandan dərhal sonra, işlədiyi redaksiyaya telefon açan Sergey Şapalov deyib ki, separatçılar tərəfindən həbsdə saxlandığı müddətdə ona işgəncələr verilib və izahatı alınıb.
Jurnalist daha sonra qeyd edib ki, onu bir neçə siyasətçinin müdaxiləsindən sonra azadlığa buraxıblar. Azadlığa çıxan jurnalist təyyarə dilə Donetskdən Kiyevə gətirilib.

Ukraynada prezident
seçkilərində
saxtakarlıq olacaq?
Ukraynada keçiriləcək prezident seçkilərində saxtakarlıq olacaq. Bu barədə Siyasi psixologiya mütəxəssisi, Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov Türkiyənin "Aydınlıq" qəzetinə müsahibəsində deyib.
Onun qənaətinə görə, Ukraynada seçkilərdə xarizmatik olan namizəd seçilməlidir: "Ukrayna xalqı bu cür namizədi prezident olaraq qəbul edər. Ukraynada keçiriləcək növbədənkənar prezident seçkiləri 25 mayda olacaq. Seçkidə 21 namizəd mübarizə aparacaq. Ancaq onların arasında favorit demək olar ki, yoxdur.
A. Məmmədov bölgədə baş verən son durumu da şərh edib. Bildirib ki, Xəzər dənizi ətrafında oynanılan oyunlar artıq oyun olmaqdan çıxıb. Onun sözlərinə görə, bu vəziyyət hadisənin ən təhlükəli tərəfidir: "Vəziyyəti Qərb və Rusiya əlaqələri çərçivəsində dəyərləndirdiyimiz zaman məlum olur ki, mənfi yöndə siyasət aparanlar Qərb, xüsusən də ABŞ ideoloqları tərəfindən təhrik edilir. Rusiya ilə Ukrayna xalqını kökləri, tarixi keçmişi və inancları bir-birilərinə bağlayır. Bu da narahatçılıq yaradan ən vacib səbəblərdəndir. Rusiya üçün çıxış yolu qalmayıb. Və tədric olunmağa cəhd edildiyini görür. Rusiya ya (boyun əyərək) özü özünü parçalamalıdır, ya da, dirəniş siyasətini davam etdirməlidir. Çünki onun başqa çıxış yolu yoxdur". Onun fikrincə, Ukrayna məsələsində bir mənalı danışmaq mümkün deyil.
"Burada vacib olan Ukrayna xalqının hər şeyi ölçüb-biçib düz yolu seçməsidir. Burada əsas rolu xalq oynayır. Bundan əvvəl qeyd etdiyim kimi bu xalq tarixi baxımından Rusiyaya daha yaxındır. Ukrayna bir yandan slav və türk (tarixdə pəçənəklərin, qıpçaqların və tatarların vətən olaraq) dünyasına aiddir. Hesab edirəm ki, əgər rəsmi Kiyev Moskvanın qərarlarına ciddi yanaşmasa bu Ukrayna xalqında şübhə və kin hissinin yaranmasına yola açacaq"-deyə politoloq qeyd edib.
Slavyan-Türk əlaqələrindən də danışan A. Məmmədov qeyd edib ki, türk dilli xalqların çoxluğuna və slavyan coğrafiyasına əsasən, Atlantizmə qarşı yeni geosiyasi həll siyasətinə yönələ bilərik: "Avrasiya materikinə nəzər salsaq böyük bir hissəsinin slavyan və türk dilli xalqlara mənsub olduğunu görərik. Rusiyanın özü belə türk dilli xalqların muxtariyyəti ilə doludur. Axırı vaxtlar çox çoxlu azəri və orta asiyalı Rusiyaya inteqrasiya edir. Moskvada gəzəndə küçənin hər yerində özbək və azərilərin danışıqlarını eşitmək mümkündür. Məhz buna görə demək olar ki, Rusiyada yeni bir cəmiyyət formalaşır. Rusiya bu gün çox asanlıqlar Slav-Türk olaraq qəbul edilə bilər. Ona görə bundan əvvəl qeyd etdiyim ki, ona vurulan zərbələr avrasiyaçılığa qarşı yürütdüyü siyasətin nəticəsidir. Rusiya və bizim bölgənin əleyhinə olanlar Avrasiya siyasətinə mane olmaq istəyirlər".

Amerika Krım tatarlarının faciəsinə biganə qalmadı
ABŞ ictimaiyyəti Krım tatarlarının doğma vətənlərindən deportasiya edilməsinin 70 illik tarixinə biganə qalmayıblar. Paytaxt Vaşinqtonun yaxınlığında olan Corc Meyson ştatında keçirilən tədbirdə Ukraynaın Amerikadakı səfiri Aleksandr Mosçik çıxış edərək, Krım tatarlarının 1944-cü ildə başlarına gətirilən faciədən danışıb.
Deportasiya edilən insanların əzablı yollarda öldüyünü deyib. Tədbir iştirakçıları qeyd ediblər ki, Krımın Ukraynadan ayrılmaraq Rusiyaya birləşməsi, İKrım tatarlarına qarşı yeni repressiyalara və sıxıntılara gətirib çıxaracaq.
Onlar qeyd ediblər ki, martın 16-da Rusiyanın Krımda keçirdiyi referendumda əksəriyyət Krım tatarları iştirak etməyiblər. Xatirə gecəsində Krm tatarlarının lideri Mustafa Cəmilə həsr olunmuş "Krımın oğlu" sənədli filmi də nümayiş edilib.
Kənan Rzaquliyev