Deyilən sözə peşman ediləndə...
09:19 20-05-2014
İQTİSADİYYAT
Deyilən sözə peşman ediləndə...
Dünyada ən təhlükəli şeylərdən biri də nadanlığın hökmranlığıdır
Rəhmətlik Rafiq Tağı gözəl yazıçı idi. Onun hekayələrini mən Avropanın populyar hekayə ustalarının çoxundan irəli hesab edirdim. Amma bəxti gətirməmişdi. Lazımi qiymətini ala bilməmişdi. Bir də rəhmətliyin bir mərəzi var idi. Bir söz ki xirtdəyinə yığıldı, deməliydi. Deyirdi, sonra da qorxurdu, amma deyəndən sonra qorxurdu. Bunun şəxsən şahidi olmuşam.
...Bütün bunlara baxmayaraq, o, içində ALLAHı olan insan idi. Həkim işləyəndə neçə-neçə insana yaxşılığı dəyibmiş. Bunu özündən yox, tam təsadüfi söhbətlərdən eşitmişəm. Yazıçı kimi də yanıb-yazanlardan idi. Cəmiyyətin yaxşı olmağını, inkişaf etməyini, irəli getməyini, cəmiyyətin vicdanlı olmağını, savadlı olmağını, mənəviyyatlı olmağını istəyirdi. Və deməli, cəmiyyətin Allahlı olmağını istəyirdi. Onun cəmiyyətdə görmək istədiyi xüsusiyyətlər elə əsl dindarın görmək istədiyi xüsusiyyətlər idi. Amma onu öldürdülər...
Əvvəllər bu ölümün dindarların ayağına yazılmasından əsəbləşirdim. Bir neçə dəfə bununla bağlı mübahisəyə də qoşulmuşam. Son vaxtlar baş verənlər mənim bu sarıdan dilimi yaman qısaldıb.
..."Media forum" saytının "İslam və demokratiya" layihəsində işləyəndə dəfələrlə çox cəsarətli jurnalistlərin, ictimai xadimlərin dindarlarla debata çıxmağa qorxduqlarının şahidi oldum. "Nədən deyirsiniz danışaq, din məsələsindən yox. Kiminlə istəyirsiniz debata gələk, dindarlarla, nəbadə!.."
Belə bir hadisə də olmuşdu. Çəkilişə gələn tanınmış bir dindar iki qadın aparıcının arasında əyləşməkdən narahatlıq keçirmişdi. Səbəb nəymiş? Dindar "qardaşları" bundan ona qarşı istifadə edə bilərlərmiş. Mən o zamanacan vəziyyətin belə qəliz olduğunu təsəvvür eləmirdim. Amma burada barmağımı dişlədim. Hm... sən demə, dindar olaraq tanınmaq, necə deyərlər, dindarların "kruquna" daxil olmaq təxminən bir mafiyaya üzv olmaq kimi bir şey imiş.
Adam ağlı başında, oturuşunu, duruşunu bilən, ədəb-ərkanlı, bir sözlə çox tərbiyəli birisi idi. Ətrafında da bu cür tanınırdı. Yəqin ki heç kim, hətta qorxduğu adamlar da onun iki aparıcı qadınla yarım metr məsafədən əyləşməsi zamanı, üstəlik də həyəcanlı debat çəkilişində ağlına imanını batil edəcək bir şey gətirəcəyini ehtimal etməzdilər. Bəs onda o, nədən qorxurdu?
...Buna bənzər hadisə sonralar da çox oldu. Məsələn, cəmiyyətin dindar kimi tanıdığı jurnalistlər hansısa açıqlamasındakı ifadəyə görə, bizə zəng vurub, "siz Allah, o sözü dəyişin, dindar qardaşlar düşüblər üstümə" deyirdi. Həqiqətən də, binəvanın "Facebook" səhifəsinə girəndə dindarların onu ağzını açdığına peşman etdiyini görürdük.
Belə hadisələrdən biri də şəxsən mənim çox hörmət etdiyim Hacı Şahin Həsənlinin başına gəldi. Adam müsahibə verib, verilən sualı şərh edib. Ondan soruşublar ki, insanların cinsini dəyişməsi ilə bağlı islam alimlərinin fikri nədir? O da deyib ki, bununla bağlı müsbət fikirlər də var. Bəzi alimlər hesab edirlər ki, zəruri hallarda bu mümkündür. Yəni bu Hacı Şahinin günahı deyil ki, islam alimlərinin bununla bağlı fikirləri var. Və ya Hacı Şahinin günahı deyil ki, təbiətdə gerçək hermafroditizm deyilən bir hadisə var və bunun homoseksuallıqla heç bir əlaqəsi yoxdur. Bu, insanın fiziki olaraq ikicinsli doğulmasıdır. Hər il dünyada yüzlərlə insan bu cür qüsurla doğulur. Bu cür doğulmuş insanlarda gələcəkdə cərrahi əməliyyat aparılarsa, o da bizlərdən biri kimi öz həyatını qura bilər.
Qayıdıram yenə yazımın əvvəlindəki nədən sualına? Ona ki, o hörmətli zat nədən qorxurdu.
Bax, bu nədəni mən layihədə çalışdığım bir ilə yaxın vaxt ərzində çox gözəl anladım. Anladım ki, son vaxtlar dindar olmaq dəbə və ya ailə ənənəsinə çevrilib. Cavan uşaqdı, gözünü açıb, evlərində, qonum-qonşuda hamını dindar, namaz qılan görüb, bu da saqqal saxlayıb, namaz qılır. Quranı da axıracan oxuyub, yeri gəlsə, əzbər bilir. Məscidə gedir və təbii ki həmin məscidin icmasının üzvü olur.
...İnternet əsridir, icmalar icmalarla, insanlar insanlarla dostlaşıb, qruplaşıblar "Facebook"da. Bu da onlardan biri. Başlayır öz fikirlərini bildirməyə, həmfikirlər toplamağa. Dünən bir, bu gün iki, artıq özünü söz sahibi hiss edib, qərarlar qəbul edir, hökmlər verir. Amma beyin də qandır axı, cavandır, təcrübəsizdir.
İndi iş o yerə çatıb ki, islam alimi sayıla biləcək adamlar qalıblar bu "Facebook"dakı qaraguruhun əlində naçar. Nə ağızlarını açıb, söz danışa bilirlər, nə rahat nəfəs ala bilirlər.
Bəli, məsələnin kökü məhz bu qədər bəsitdir. Yoxsa Hacı Şahin Həsənliyə qarşı danışan samballı bir dindar, ağsaqqal və ya alim gördünüzmü? Sadəcə, kimlərsə onu internetdə, demək olar ki, "şantaj" edirdilər. Şəklini montaj etmək, cürbəcür şüarlar yazmaq...
Dünyada ən təhlükəli şeylərdən biri də nadanlığın hökmranlığıdır. Və bu cür təhlükələrin ən betəri nadan dindarların hökmranlığıdır. Çünki insanlarda qəribə təsəvvür var: elə bilirlər ki, dindar qiyafəsində olan insanlar həmişə haqlı olurlar. Və ya namaz qılanlar hamısı dürüstdürlər. Elə bu "Facebook" qaraguruhu da bu yanaşmadan ruhlanaraq yerə-göyə sığmır, hamıya yol göstərir, hökmlər çıxarır.
Sanki hər hansı bir insan cəmiyyətə özünü dindar kimi təqdim etməsə, daha sərbəst yaşaya, azad şəkildə fikirlərini bildirə bilər. Amma elə ki bu topluma üzv oldu, nəzarət altına düşür. Özü də necə nəzarət. Xırdaçılığa gedilir, cılızlığa varılır. Adamın hər kəlməsi təftiş olunur.
Mənim özümə dəfələrlə belə iradlar tutulub. Təxminən belə: "Siz "yaratdım" sözünü çox işlədirsiniz. "Mən səhifə yaratdım" deyirsiniz. Yaratmaq ancaq Allaha məxsus olan sifətdir. "Səhifə açdım" deyin". Yəni adamın fikrincə, mən "səhifə yaratdım" deyəndə Böyük Yaradan elə güman edəcəkmiş ki, onun sifətlərindən birinə iddia edirəm. Əlbəttə ki, mən o "karikatura dindara" cavab yazmadım.
...Bu günlərdə elektron poçtumu təmizləyəndə gözümə Dağıstanda yaşayan rusdilli rəfiqəmin məktubu dəydi. Bir müddət mənimlə dini mövzularda yazışdıqdan sonra son qərarını vermişdi, xristianlığı seçmişdi: "Sizin Allahınız sanki hər yerdə insanı izləyir, onun necə yatıb-durmağını belə təftiş edir. Adam özünü güclü nəzarət altında hiss edir. Xristianlığın təqdim etdiyi Allah isə sanki insana sərbəstlik və azadlıq verir".
Sonuncu məktub belə olmuşdu və mən ona cavab yazmamışdım. Tutarlı cavab tapmamışdım sadəcə. İndi isə əlüstü məktubun "təcili cavab" bölməsinə girib yazdım. "Təftişçi, nəzarətçi olan bizim Allahımız deyil, dindarlarımızdır. Xristianlıq, ya islam, fərqi yoxdur. Ateist də ola bilərsən. Əsas odur yaxşı insan olasan. Allaha bu lazımdır. Sənə uğurlar".
Qızılgül Abdinova
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23