Oqtay Şirəliyevə "şikayət yağmuru"
08:22 21-05-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevə "şikayət yağmuru"
Azərbaycan səhiyyəsinin problemli durumunu ortaya çıxaran ilginc statistika
Hazırda Azərbaycanda ən problemli sahələrdən birinin səhiyyə olduğunu demək artıqdır. Səhiyyənin problemləri sırasında rüşvət və korrupsiyanın əsas yerlərdən birini tutduğu da hər kəsin məlumudur.
Eyni zamanda cəmiyyətdə ölkənin səhiyyə sisteminə ciddi etimadsızlıq hökm sürür. Belə ki, yanlış diaqnostika və səhv müalicə, bunun nəticəsində iləbil artan ölümlər əhalini öz sağlamlığına nail olmaq üçün başda İran olmaqla, xarici ölkələrin tibb mərkəzlərinə üz tutmağa məcbur edir.
Son illər tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə milyonlarla vəsait sərf olunur, yeni müasir diaqnostika mərkəzləri tikilir, diaqnostika və müalicə avadanlığı alınır, lakin bir çox halda, səriştəli mütəxəssis çatışmadığından, bu avadanlıq ya yarı gücünə, yada ümumiyyətlə, istifadə olunmur. Eyni zamanda bir çox hallarda rüşvət və korrupsiyanın miqyası səhiyyə sistemində görülən müsbət işlərin effektivliyini də ciddi şəkildə azaldır.
Demək artıqdır ki, səhiyyənin ümumi səviyyəsinin qaldırılması uzunmüddətli strateji məsələdir və onun həlli üçün kifayət qədər uzun müddət tələb olunur. Bununla belə, unudulmamalıdır ki, məhz tibbi sığorta, səhiyyənin keyfiyyətinə birbaşa az təsir etsə belə, əhali üçün çox əlverişlidir. Amma hökumət bununla bağlı xeyli müddət əvvəl qəbul edilmiş qanunun icrasına başlanılmasına dırnaqarası yanaşır.
Dünənsə bütün bu qeyd etdiklərimiz fonunda Azərbaycan səhiyyəsinin ciddi problemlər məngənəsində olduğunu göstərən bir statistika açıqlandı. Əvvəlcə gəlin həmin açıqlama ilə tanış olaq.
"Ötən il Bərdə, Tərtər, Ağdam, Yevlax və Mingəçevirdən Səhiyyə Nazirliyinə 1000-dən artıq şikayət və ərizə daxil olub". Bu barədə Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, şikayətlərin əksəriyyəti əsassız olmayıb.
G.Poladov həmçinin qeyd edib ki, hazırda 500-ə yaxın özəl tibbi müəssisəsi və kabineti fəaliyyət göstərir: "Azərbaycanda 600-dən artıq əczaçılıq (özəl) müəssisəsi fəaliyyət göstərir: "2013-cü ildə 376 özəl tibb müəssisəsinin lisenziya olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Bununla bağlı inzibati icraat işləri aparılıb".
Bu açıqlamada ən diqqətçəkən məqam bir il ərzində səhiyyə naziri Oqtay Şirəliyevə 1000-dən artıq şikayətin ünvanlamasıdır. Bu bir iş günü ərzində ən azı üç şikayət deməkdir. Xeyli vətəndaşın isə "yuxarılar"a hər hansı şikayət ünvanlanmasını əhəmiyyətsiz sayaraq, üzləşdiyi sağlamlıq problemlərindən çıxış yolunu başqa ölkələrin tibb müəssisələrində aradığını nəzərə alsaq, Səhiyyə Nazirliyi rəsmisinin açıqladığı statistikanı düşündürücü hesab etmək olar.
Həmin statistika səhiyyə sistemindəki problemlərin kifayət qədər köklü olduğunu, bu sahədə vəziyyətin ilbəil ağırlaşdığını söyləməyə əsas verir.
Ekspertlər də hesab edirlər ki, Oqtay Şirəliyev onun nazirliyinə vətəndaşların şikayət axınına həssas yanaşmalı, yaranmış durumun müsbət istiqamətdə dəyişməsi ilə bağlı təcili, təxirəsalınmaz, effektiv fəaliyyətlərin həyata keçirilməsinə başlamalıdır. Əks halda onun rəhbərlik etdiyi nazirliyin vətəndaşlardan gələn şikayətin sayı ilə bağlı açıqladığı statistikanın növbəti illərdə daha da artması ehtimalı qaçılmazdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53