Dağlıq Qarabağ erməniləri nədən aktivləşdirilir
08:23 21-05-2014
İQTİSADİYYAT
Dağlıq Qarabağ erməniləri nədən aktivləşdirilir
"Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər"
Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin çox çalışdığı məsələlərdən biri də Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaqdır: "Dağlıq Qarabağ ərazisində münaqişəyədək yaşayan 180 min əhalinin 2/3-si ermənilər və qeyri-millətlər, 1/3-i isə azərbaycanlılar olub. Dağlıq Qarabağ erməniləri bu ərazidə avtoxton deyil, gəlmədirlər.
Danışdıqları dildə fars və türk qarışıqlarının olması ermənilərin bu əraziyə haralardan gəldiyini göstərir. Dağlıq Qarabağın 60 minlik azərbaycanlı əhalisi isə təbii demoqrafik proseslərin nəticəsidir və avtoxtondurlar. Lakin bu gün Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının vəziyyətləri fərqlidir. Dağlıq Qarabağ erməniləri özlərini vəziyyətin sahibi hesab edirlər və belə düşünürlər ki, onlar dövlət qurublar. Əgər hətta Ermənistan dövlət kimi mövcud ola bilmirsə, Dağlıq Qarabağda bir ovuc erməninin dövlət qurması gülüş doğurur. Dağlıq Qarabağ erməniləri işğalçı müharibənin iştirakçısıdır və qalib çələngini ona təqdim ediblər".
Politoloq hesab edir ki, ermənilər işğalçı müharibənin nəticəsini müqəddəsləşdiriblər: "Ermənilər özlərini əlahiddə xalq hesab etməklə özlərini bəşəriyyətin qalan millətlərindən fərqləndirmək yolunu seçiblər. Heç bir millət özünə təhlükəsizlik zonası tələb etmir. Bu, müasir dünyada irqçiliyin ən bariz nümunəsidir. Avropanın iri dövlətlərinin tarixi müharibə tarixidir. Fransa ilə İngiltərə 100 illik müharibə tarixinə malikdir. Alman faşizmi həm Britaniya, həm də Fransanın başına olmayan oyunlar açıb. Amma orada heç kim təhlükəsizlik zonası yaratmağı tələb etmədi. Belə müstəsnalıq tələb etmək yalnız ermənilərə məxsusdur. Bu hədsiz geri qalmışlığın və rasizmin nəticəsidir".
M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağdakı ermənilərin "nailiyyət" hesab etdiyi məsələlərdən biri də onların müstəqillik referendumu keçirmələridir: "Bu referendum azərbaycanlıların deportasiyası ilə müşayiət olunduğu üçün legitim sayıla bilməz. Həm də Dağlıq Qarabağ erməniləri Ermənistana birləşməyin mümkün olmadığını başa düşdükdən sonra "müstəqillik yolunu tutdular". Bütün bu ağır cinayətlərdən ötrü Ermənistan və Dağlıq Qarabağdakı ermənilər cəzalandırılmalı olduqları halda, rahatdırlar və "xüsusi statuslu cinayətkar" kimi qalmaqda davam edirlər. Dağlıq Qarabağ azərbaycanlıları isə əsasən zəhmətkeş insanlardan ibarət olub. Çar Rusiyası erməniləri ora köçürəndə yerli azərbaycanlıların zəhmətkeşliyini və tolerantlığını nəzərə almışdı. Sonda bu xüsusiyyətlər oradakı azərbaycanlıların başına bəla oldu. Gəlmə ermənilər onları deportasiyaya məruz qoydular".
Mərkəzin direktoru deyib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi reallığı nəzərə almağı tələb edir: "Reallıq isə odur ki, 150 ildən çoxdur ki, Dağlıq Qarabağ erməniləri bu ərazidə yaşayır və yaşamalıdır. Dağlıq Qarabağ azərbaycanlıları bu ərazilərə qayıtmalıdır. 2009-cu ildə İtaliyanın Akvil şəhərində ATƏT-in Minsk qrupunun həmsədr ölkə prezidentlərinin qəbul etdikləri Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisinin müəyyən edəcəyi göstərilir. Ermənilərin iddia etdiyi kimi, "Dağlıq Qarabağ erməniləri" və "Dağlıq Qarabağ xalqı" yox, məhz Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Dağlıq Qarabağın əhalisi dedikdə, Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə məcmusu nəzərdə tutulur. Aralıq statusun da Dağlıq Qarabağ ermənilərinə verilməsinin əsas mahiyyətlərindən biri Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasından, birgə yaşayışa şərait yaradılmasından ibarətdir".
Onun fikrincə, Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsində iştirakı ermənilərin özlərindən asılıdır: "Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdan andan etibarən Dağlıq Qarabağın əhalisinin təmsilçiləri danışıqlar prosesinə qatıla bilərlər. Hətta hər iki icma tənzimləmə prosesinin tam məsuliyyətini öz üzərilərinə götürə bilər. Çünki Azərbaycan Konstitusiyası Azərbaycan vətəndaşlarına geniş hüquqlar verir".
Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqelərinin iflası təkcə ATƏT-in Minsk qrupu müstəvisində baş tutmayıb. Gömrük İttifaqı da Dağlıq Qarabağ məsələsində ermənilərin arzusunu gözündə qoyub: "Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya departamentinin beynəlxalq qarşılıqlı təsir şöbəsinin rəisi Andrey Azarov Moskva-Minsk-Astana-Yerevan telekörpüsündə bildirib ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü bu ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində baş tutacaqdır. Başqa sözlə, Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında sərhəd-gömrük məntəqələri qurulmalıdır. Qazaxıstanın həmin telekörpüdə iştirak edən təmsilçiləri də Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin əleyhinə çıxdılar".
Mərkəzin direktoru deyib ki, bu il iyunun 1-dən etibarən Ermənistan hər an özünün xarici sərhədlərində gömrük postları ilə rastlaşa bilər: "Rusiya Ermənistanın sərhədlərini çoxdan müəyyənləşdirmək və həmin sərhədlər daxilindəki Ermənistana təhlükəsizlik təminatı vermək planlarına malikdir. Eləcə də Rusiya ilə Ermənistan arasında imzalanmış qaz müqaviləsində də Rusiyanın razılığı olmadan Ermənistanın həmin qazı ölkə sərhədindən çıxarmağa ixtiyarı yoxdur. Beləliklə, iyunun 1-dən etibarən Rusiyanın Ermənistana nəql etdiyi qaz Ermənistanın ərazisindən kənara çıxacaqsa, buna Rusiya məsuliyyət daşıyır. İndiki dövrdə Rusiyanın Azərbaycanın əleyhinə addımlara getməsi mümkün deyil, ona görə də müəyyən müddət fasilə verildikdən sonra Ermənistandan tələb olunacaq ki, Rusiya qazının Ermənistandan kənara - Dağlıq Qarabağa nəqlinin qarşısı alınmalıdır. Müəyyən müddət fasilə dedikdə, bir neçə ay nəzərdə tutulur. Çox böyük ehtimalla qarşıdan gələn qışda Dağlıq Qarabağ Rusiyadan gələn qazdan məhrum olacaq. Bu isə artıq Dağlıq Qarabağda yeni vəziyyətin yaradılması deməkdir".
Politoloq hesab edir ki, Dağlıq Qarabağ erməniləri bu vaxtadək apardıqları siyasətin puç olduğunu başa düşəcəklər, yaranmış təşviş doğuran vəziyyət Ermənistana və dünya ermənilərinə də təsir edəcək. Çünki bu ərəfədə İran qazının Dağlıq Qarabağa nəql olunması da mümkün deyil: "Əvvəla, İranın və Ermənistanın özünün qaz nəqli infrastrukturu yoxdur. Ermənistandakı qaz kəmərləri şəbəkəsi Rusiyaya məxsusdur. Rusiyanın imzaladığı qaz müqaviləsində bu da nəzərdə tutulub. İkincisi, rəsmi Bakı ilə münasibətlərə ciddi ehtiyac duyan rəsmi Tehranın indi belə addım atması mümkün deyil. Bundan əlavə, İran Ermənistandakı layihələrini də dayandırmağa başlayıb. Dağlıq Qarabağ ermənilərinin qışda təbii qazla təmini yalnız bir halda mümkündür - Azərbaycan öz ərazisindən Rusiya qazının tranzitinə icazə verməlidir. Bu mümkün variantdır. Azərbaycanla Rusiya arasındakı münasibətlər Rusiya qazının indiki infrastruktur vasitəsilə Dağlıq Qarabağa nəqli üçün müvəqqəti razılaşmanın əldə olunmasına imkan verir. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yaydığı məlumatda "naməlum ölkə"yə qaz ixracından danışılır. Onlar Dağlıq Qarabağa "naməlum ölkə" adı ilə indi qaz ixrac edə bilsələr də, yaxın gələcəkdə bu mümkün olmayacaq".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53