Həmsədrlərdən daha bir
Həmsədrlərdən daha bir "dejurnı" bəyanat

Azərbaycanın siaysi qüvvələri ATƏT-in Minsk Qrupunu boykot etməyi təklif edir

Dünən ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-19-da regiona etdikləri səfərə dair açıqlama yayıblar. Səfəri Rusiyadan Igor Popov, Fransadan Jacques Faure və ABŞ-dan James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk həyata keçirib.

"Unikal"ın məlumatına görə, onlara iyundan Minsk qrupunda həmsədrliyə başlayacaq səfir Pierre Andrieu də qoşulub. Səfərin məqsədi mandata uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçında durumu dəyərləndirmək olub. Həmin ərazilərdə həmsədrlər infrastrukturda irəliləyiş əlamətləri görsələr də, son illərdə əhalinin sayında hansısa dəyişiklik müşahidə etməyiblər.
Həmsədrlər Sərsəng su anbarına da baş çəkiblər, onun menecerləri ilə statusu və əməliyyatlarını müzakirə ediblər. Həmsədrlər ümidlərini bildiriblər ki, tərəflər regiona fayda vermək məqsədilə bu su ehtiyatlarından birgə istifadəyə dair razılıq əldə edəcəklər.
Mayın 19-da həmsədrlər Tərtər yaxınlığında təmas xəttini keçiblər. Onlar atəşkəsin pozulması hallarının davam etməsinə və itkilərə görə təəssüfləndiklərini bildiriblər: «Bu atəşkəs pozuntularının araşdırılması üçün mexanizmin olmaması tərəflərə bir-birini günahlandırmağa şərait yaradır".
Həmsədrlər Yerevan və Bakıda rəsmilər, eləcə də Dağlıq Qarabağ və Kəlbəcərin de-fakto hakimiyyəti və yerli idarəedici orqanların təmsilçiləri ilə görüşüb, Laçında olublar. Həmsədrlər Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri ilə də görüşüb. Görüşlərdə sülh prosesinin elementləri müzakirə olunub və vurğulanıb ki, davamlı həllin əsasını həmsədr ölkələrin prezidentlərinin 2009 və 2013-cü illərdə verdikləri bəyanatlarda göstərilən elementlər təşkil edir.
Ədalət Partiyasının sədr müavini, Politoloq Mütəllim Rəhimli "Unikal"a açıqlamasında həmsədrlərin problemin sürətli həllinə nail olmasın mümkünsüz hesab edib: "Ədalət Partiyasının mövqeyi əvvəlcədən belə olub ki, ATƏT Dağlıq Qarabağ problemini həll edə bilməz. Əvvəla, bu təşkilatın qərarları hüquqi öhdəlik yaratmır, tövsiyyə xarakteri daşıyır. Ermənilər isə tövsiyyəni yerinə yetirərək işğal etdikləri əraziləri boşaltmazlar. İkincisi, ATƏT-in Minsk Qrupunun həmsədrləri bir-birinə qarşı kifayət qədər əks mövqeyə malik ölkələrdir, onların bu məsələnin həllində ortaq fikrə gələcəyi də inandırıcı görsənmir. Hər şey ortada açıqdır. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Bu sadə məsələni 20 ildən artıqdır ki, müzakirə etməyə, problemin həlli ilə bağlı yollar axtarmağa nə ehtiyac var. Təcavüzkar cəzalandırılmalıdır – bəyəm bunu həmsədrlər başa düşmürlər? Bu sadə həqiqəti başa düşməyən vasitəçi problemi həll edə bilməz".
M.Rəhimli onu da qeyd edib ki, həmsədrlər bütün gücləri ilə çalışırlar ki, münaqişənin həllini uzatsınlar. "Bu isə Ermənistanın maraqlarına xidmət edir. Biz indiyədək həmsədrlərin çoxsaylı bəyanatlarının şahidi olmuşuq. Onlar sadəcə olaraq ictimai fikirlə oynamağa çalışır, problemi həll etməyə yox. Buna görə də həm Azərbaycanın siyasi qüvvələri, həm də ictimaiyyət Minsk Qrupunun həmsədrlərinə inamını itirib. Onların nə deməklərindən asılı olmayaraq Azərbaycan xalqı torpaqlarının geri qaytarılması üçün konkret addımların atılmasını gözləyir". – deyə politoloq fikrini tamamlayıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ATƏT-in Minsk Qrupundan nəsə gözləməyi yersiz hesab edir: "Həmsədrlərin fəaliyyəti yaradılmış qurumun məqsədlərinə uyğundur.Minsk qrupunda yer almış dövlətlərdən heç biri problemin həllində maraqlı deyil. Problemin mövcudluğu istənilən Azərbaycan iqtidarını sözəbaxan edəcək.Şəraitin davam etməsində enerji, hərbi, geosiyasi marağı olan bütün tərəflər maraqlıdır. Ona görə də problemin həllini heç bir səlahiyyəti olmayan qurum və təmsilçilərdən tələb etmək yersizdir".
VİP sədri onu da qeyd edib ki, Minsk Qrupu Azərbaycana qarşı ədalətli mövqedən yanaşmır: "Təbii ki, ikili standartlı mövqe sərgiləyirlər. Təəssüf olsun ki, biz də əsas verirk. Nə qədər acınacaqlı olsa da fərqli standartların tətbiqi özümüzün də törətdiklərimizin nəticəsidir".
Z.MƏMMƏDLİ